Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:14

Fərqli Naxçıvan


Noyabrın 7-də təkcə Azərbaycan parlamentinə yox, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçiriləcək. Naxçıvan Ali Məclisində 45 deputat yeri uğrunda 140 namizəd seçki marafonuna qoşulub. Amma namizədlər arasında müxalifət təmsilçiləri barmaqla sayılacaq qədər azdır. Yerli müsavatçılar isə ümumiyyətlə seçkiyə getməyib onu boykot ediblər.

MÜSAVAT NİYƏ SEÇKİYƏ GETMİR?

Müsavat Partiyasının Naxçıvan təşkilatının rəhbəri Meydan Babayev boykot qərarını onunla izah edir ki, Naxçıvanda 45 dairə seçki komissiyasında müxalifət nümayəndəsi təmsil olunmadığından onların seçkiyə nəzarət imkanları yoxdur:

- Dairə, məntəqə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası - hamısı birmənalı hakimiyyətin nəzarəti altındadır. Həm də ötən seçkidə bizə imza verən, bizi müdafiə edənləri incitdilər.

Qalib gələcəkləri təqdirdə belə qələbələrini sübuta yetirə bilməyəcəkləri ehtimalının güclü olması da onları seçki marafonuna qoşulmağa qoymayıb. “Əgər dediyiniz kimi seçki məntəqələrində obyektivlik və şəffaflıq yoxdursa, ölkə parlamentinə seçkilərə qoşulan AXCP-Müsavat bloku niyə Naxçıvandan namizəd irəli sürüb?” sualına Meydan Babayevin cavabı belə oldu:

Meydan Babayev
- Fərqi ondadır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasında, dairə və məntəqə komissiyalarında bizim nümayəndəmiz təmsil olundu, amma Naxçıvanda belə deyil. İkinci bir tərəfdən, respublikanın paytaxtında xarici səfirliklər, təşkilatlar var, mətbuat var. Naxçıvanda yerli seçkilərə maraq yoxdur.

“ÜMİD” 2 NƏFƏRLƏ GEDİR


“Müsavatçıların namizədi varmı ki, seçkiyə qoşulsunlar” deyə həmkarlarını ittiham edən “Ümid” Partiyasının yerli təşkilatı da cəmi iki üzvü ilə seçkiyə qoşulub. “Bəs siz niyə yalnız iki dairəyə namizəd vermisiz?” soruşanda isə partiyanın yerli təşkilatının sədri Faiq Əliyev dedi ki, çox namizəd verəndə hakimiyyət onların arasından özünə sərf edən, təzyiq göstərə biləcəkləri adamı deputat seçdirə bilər:

- Amma az olanda, mənim kimi namizəd olanda təzyiq edə bilmirlər.

- Belə çıxır ki, cəmi iki üzvünüzə etibarınız olub?

- Daha çox ola bilərdi. Belə münasib oldu, vaxt baxımından, maliyyə baxımdan...

NEHRƏMDƏ İMKANLARIMIZ GÜCLÜDÜR

Naxçıvanda seçkiyə maraq niyə yoxdur?
AXCP-nin yerli təşkilatı isə Naxçıvan Ali Məclisinə yalnız bir namizəd irəli sürüb. Təşkilatın rəhbəri Asəf Quliyev deyir ki, 45 dairədən yalnız birinə ona görə üstünlük veriblər ki, burda seçki prosesinə nəzarət etmək imkanı var:

- Nehrəm dairəsindən vermişik. Burda imkanlarımız güclüdür. İnanırıq ki, seçkini saxtalaşdıra bilməyəcəklər.

Asəf Quliyev də deyir ki, beynəlxalq və yerli təşkilatların seçkiləri müşahidə etməməsinə görə, müxalifət seçkilərdə iştiraka maraq göstərmir. Onun sözlərinə görə, ötən çağırışda Naxçıvan Ali Məclisində təmsil olunan iki AXCP-çi deputatın onlara aidiyyəti olmayıb, sadəcə, hakimiyyət Ali Məclisdə siyasi rəngarənglik xatirinə onları müxalifətçi kimi qələmə verib. Asəf Quliyev indi onlardan birinin seçkiyə qatıldığını söylədi.

“ƏVVƏLDƏN MÜNƏCCİMLİK ETMƏSİNLƏR”

Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov isə AzadlıqRadiosuna bildirib ki, 140 namizədin partiya mənsubiyyəti müxtəlifdir, amma yalnız hakim YAP-ın Naxçıvan təşkilatı bütün dairələrdə namizədlə təmsil olunub. MSK sədri müxalifət nümayəndələrinin ittihamlarını rədd edir:

- Münəccimlik etmək lazım deyil. eçki keçiriləndə arqument ortaya qoymaq lazımdır ki, filan yerdə bu pozuntular oldu. Bunlar da ədalətli seçki keçirilməsinə mane oldu. Yoxsa əvvəldən demək ki, seçki qeyri-demokratik keçiriləcək, bu əhval-ruhiyyənin yaradılması düz deyil

Məhərrəm Qasımov bütün məntəqələrdə seçki komissiyası üzvlərinin bitərəf, amma bu bitərəflərin də müxtəlif partiya təəssübkeşi olduğunu söylədi.

MÜŞÜHİDƏÇİLƏR NAXÇIVAN SEÇKİLƏRİNƏ NİYƏ MARAQ GÖSTƏRMİRLƏR?

Vüqar Qocayev
“Naxçıvanın Azərbaycandan təkcə coğrafi uzaqlığı yoxdur, həm də siyasi mühitinə görə tamam fərqlənir”.

Bunu Norveç İnsan Hüquqları Evinin Azərbaycan filialının rəhbəri Vüqar Qocayev deyir. Onun sözlərinə görə, Naxçıvandakı siyasi sistem totalitar olduğundan beynəlxalq təşkilatlar da orda seçkini müşahidə etməyə maraq göstərmirlər.

Vüqar Qocayevin fikrincə, yerli müşahidəçilər də təhlükəsizlik baxımından Naxçıvan seçkilərinə maraq göstərmirlər. Müsahibimizə görə, Naxçıvanda ədalətli, bərabər, demokratik seçki mühitinə o vaxt nail olmaq olar ki, Azərbaycanda seçkilərin demokratik, ədalətli keçməsi üçün siyasi iradə nümayiş etdirilsin.
XS
SM
MD
LG