Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:38

Seymur Baycan. İsi Məlikzadə haqqında


Seymur Baycan
Seymur Baycan
Əsərin harda, hansı ovqatda oxunması çox önəmlidir. Xəstəxanada, təyyarədə, qatarda, həbsxanada... Darıxarkən və depressiyada oxuduğun əsərlər.

Bunların hamısı əsərin qavranılmasını, mənalandırmasını şərtləndirən səbəblərdir.

Həmçinin, qarşılaşdığın əsərin qəhrəmanı, süjetini xatırladığın zaman əsəri oxuduğun yeri, o vaxtkı ovqatını da mütləq xatırlayırsan. Sanki bir otaqda eyni zamanda iki paralel əsər oxumusan.

Və əksər hallarda bir əsər, yəni yazılmış əsər, yazılmamış əsəri tamamlayır. Mən İsi Məlikzadəylə ilk dəfə yayda sərin, qışda isti olan evdə "qarşılaşdım".

O vaxt dastan, nağıl mərhələsini bitirib, şəkilsiz kitablara təzə-təzə addım atmağa başlamışdım. Nə yaxşı ki, İsi Məlikzadənin povestləri məni qorxutmadı.

Beləcə, yeni bir mərhələyə qədəm qoydum. Başqa cür də ola bilərdi. Mən qorxardım, təzədən nağıllara qayıdardım. Bəlkə də heç geriyə də qayıtmazdım.

İndi mən İsi Məlikzadəni oxuyanda mütləq həmin evi də xatırlayıram. Əşyaları, evin quruluşunu, iyini, divarların rəngini...

Heç öz evimiz belə yadımda qalmayıb.

Toz

Hər bir yazıçının yaradıcılığının ortasından keçən qırmızı bir xətt var. İsi Məlikzadənin "qırmızı xətti" tozdur.

Onun əsərlərini oxuyan zaman əyalətin günorta çağını tam hiss edirsən. Xüsusən yayda kənd yerlərində həyat gecəyə nisbətən daha dərin yatır.

Hətta bəzi yerlərdə oğrular günorta oğurluq edirdilər. İsi Məlikzadə əsərlərində yayın günortasını, ürəksıxan mənzərələrini çox gözəl, dəqiq təsvir edərək oxucuya ötürür.

Onun cümlələrini oxuyanda adamın ürəyi sıxılır, ağzına toz dolur, tərdən islanmış köynəyi bədəninə yapışır: "Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi.

Qaçay nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı.

O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı?

Donan barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi... "Volqa" Qaçayın yanından yel kimi ötdü.

Aləmi qatı toz-duman bürüdü. Qaçay, yolun sinəsindən qabarıb dalğalanan bu ağ-sarımtıl örtüyün içində itdi. Nəfəsini udub, gözlərini bərk-bərk yumdu...

Maşın çoxdan getmişdi, toz da çəkilmişdi, ancaq Qaçay yerindən tərpənmirdi. Ağzında palçıq tamı vardı...

- İtdə həvəsə bax, bu istidə gör, necə hürür.

Quyu povestindən seçmələr

- Umudun canı od tutub yanırdı. Beyni pıqhapıqla qaynayır, təpəsindən buxar qalxırdı.

Özünü artezian quyusuna güclə çatdırıb, yarımqol, nimdaş köynəyini soyundu. Boynunu yoğun borudan şarhaşarla axan suyun altına tutdu. Su kürəyinə axanda, kürəyi qızmar dəmir kimi cızıldı...

- Umud köynəyini geyib fikirli-fikirli addımladı. Kəndin uzun, tozlu küçəsinə düşüb gedirdi...

- Piri maşını tərpətdi. Tozun içində "QAZ-6"da. Sapsarı toz Umudun ağzına, burnuna doldu.

Umud gözlərini yumdu. Fikirləşdi ki, bir aydan sonra da gözlərini açsa, yenə görəcək ki, toz pərdəsinin içindədir. Umud nəfəsi tıncıxa-tıncıxa gözlərini açdı.

Sarı pərdə hərəkətdə idi. Əriyirdi, seyrəlirdi. Umud yavaşca nəfəs çəkdi və elə bildi ki, toz burnunun deşiklərindən keçib dilçəyini palçığa döndərir...

- Göydə günəş görünmürdü, günəşin təkcə qızartısı qalmışdı. Yavaş-yavaş toran qarışırdı, ancaq gündüzkü isti hələ səngiməmişdi. Hələ hava bürkülü idi, havadan toz iyi gəlirdi...

- Faraların işığı artırmanın əhəngli divarını yalayıb ötdü. Yolun sapsarı tozu həyətin ağappaq tüstüsünə qarışdı.

- Sallaq qulaqlarına qonan yaşıl milçəkləri qovmağa da tulanın heyi qalmamışdı...

Əkrəm Əylislinin bütün qəhrəmanları yuxu görür, İsi Məlikzadənin qəhrəmanları isə tozdan boğulur, istidən, bürküdən əziyyət çəkirlər.

Afaq Məsudun qəhrəmanları öyüyür və tez-tez ürəkləri bulanır, qusurlar. İsi Məlikzadənin əsərlərindəki hərəkətsizlik, toz, bürkü adamı bezdirmir.

Toz İsi Məlikzadənin əsərlərində bütövləşərək canlıya çevrilir.

O, Əkrəm Əylisli psevdolirikasından uzaqdır. Konkret yazıçıdır. Təsvirləri canlı və dəqiqdir. Boz, ölü cümlələrlə oxucunu darıxdırmır.

Amma İsi Məlikzadə də digər yazıçılar kimi betonlaşmış bənzətmələrdən tez-tez istifadə edir. Bu bənzətmələr Azərbaycan nəsrinin ümumi bəlasıdır.

Hələ də bizim yazıçılar "darıxmaq" sözünün şiddətini artırmaq üçün qəhrəmanın burnunun ucunu göynədirlər. Yaxud qadını balığa bənzədirlər.

Bir daha İsi Məlikzadənin əsərlərindən keçən qırmızı xəttə, toza qayıdaq:

- Əsli əlləri qoynunda, köks ötürə-ötürə maşının qaldırdığı toz dumanına uzun-uzadı baxdı...

- Motosikletin üstünə cır-cındır atmışdılar, təkcə təkərlərinin yarısı açıq qalmışdı. Umud özünü saxlaya bilmədi, yaxınlaşıb motosikletin üstündəki cındırın bir ucunu qaldırdı. Umud əlini yəhərə çəkdi. Yəhərin üstündə bir barmaq qalınlığında toz vardı. Motor da tozlu idi...

- Kəndin küçələrində adam görünmürdü. Yollardan toz qalxmırdı. Maşınlar da kölgəyə çəkilmişdi...

- Papiros Umuda ləzzət vermirdi. Ağzında ocaq tüstüsünün acı tamı vardı. Papirosu atdı. Kölgədən çıxmağına peşman olmuşdu, ancaq bu tezliklə geri qayıtmağa da utanırdı. Tozlu yolda ayaqlarını ehmallığa ata-ata gedirdi. Gün təpəsini oyurdu və bu istidə Umud heç nə fikirləşə bilmirdi, elə bil beyni yerli-dibli yox idi, buxarlanıb uçmuşdu.

- İstidən Umudun ayaqlarının altı bişməcə olmuşdu. Dərindən nəfəs almağa qorxurdu. Havanı ciyərlərinə çəkəndə elə bilirdi təndirin dəmini udur. Xalıqgilin həyətindəki tut ağacının gölgəsi üçün burnunun ucu göynəyirdi...

- Pirinin tozlu maşını hündür darvazanın qarşısında dayanmışdı...

- Təkərlər çala-çuxura düşdükcə, Umudun əti silkələnirdi. Ona elə gəlirdi ki, dabanlarından başlamış peysərinə qədər yüz əl onu qıdıqlayır. Yarpaqları tozdan bozarmış ağaclar motosikletin gurultusunu sürətlə bir-birinə ötürdü. Umud hərdən başını geri döndərib, təkərlərin altından fəvvarə kimi çıxan toza baxırdı...

Genişlik və darısqallıq

İsi Məlikzadənin qəhrəmanları həmişə çıxılmaz vəziyyətlərə düşür. Onlar gah geniş düzdədirlər, gah da darısqal otaqda.

Darıxırlar. Heç harda rahatlıq tapa bilmirlər. Digər Azərbaycan yazıçılarının yaratdıqları qəhrəmanlar kimi üsyan etmək, müqavimət göstərmək gücündə deyillər.

Olsa-olsa, ani olaraq düşmənlərini yalnız bir cümləylə utandıra bilərlər.

İsi Məlikzadənin psevdolirikadan, uzun yuxulardan uzaq olması onun qəhrəmanlarını oxucu tənəsindən qoruyur. Adam həqiqətən də onların halına ürəkdən acıyır.

Neft institutunu bitirən İslam rayonda iş tapa bilmir.

O, şəhərdə yaşamağa, şəhərdə işləməyə məhkumdur. Atası isə İslama deyir: "Eybi yox, rayonda neft tapılanda gəlib burda işləyərsən".

İsi Məlikzadənin qəhrəmanları çox vaxt ən adi səbəblərdən bir yerdə qərar tuta bilmirlər: "Otağın eni-uzunu üç-dörd addım olardı.

Qapısı elə alçaq idi ki, gərək başını əyib keçəydin. Bircə pəncərəsi vardı, o da dar küçəyə açılırdı. Otağın içinə heç vaxt gün işığı düşmürdü, divarlar nəm idi.

Otaqda bircə dəmir çarpayı vardı, bir tumboçka, iki dənə də kətil. Bura bundan artıq şey qoymaq mümkün deyildi. Xörək bişirmək üçün gərək ara qapıdan ev sahibinin mətbəxinə keçəydin.

Bağır Bakıya gəlmişdi ki, qızının yanında beş-altı gün qalsın, amma bircə gün qaldı. Gecə Bağıra çarpayıda yer saldılar. Kətilləri tumboçkanın üstünə qoydular ki, Müzəffər döşəmədə yata bilsin.

Bağır, qayınatayla kürəkənin bir otaqda yatmağını ayıb, qəbahət hesab eləsə də, əlacsız qalıb ədəb-ərkan gözləməkdən vaz keçdi.

Nazlı yerləri salandan sonra harasa yoxa çıxdı, deyəsən, ev sahibinin otağında yatacaqdı".
XS
SM
MD
LG