Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:22

«İqtidar müəllimləri, həkimləri əllərində oyuncağa çevirib»


Mehriban Vəzir
Mehriban Vəzir
“Bu gün iqtidar müəllimləri, həkimləri əllərində oyuncağa çevirib”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında yazar Mehriban Vəzir “Ziyalı və seçki” mövzusunda danışarkən deyib.

Müzakirələrə qatılan filosof Rəhman Bədəlov isə bildirib ki, o bu seçkilərə bədbin yanaşsa da, səsvermədə mütləq iştirak edəcək:

“HƏR ŞEYİ BAŞA DÜŞÜRƏM, AMMA SEÇKİYƏ GEDƏCƏM”

“Mən seçkiyə gedəcəyəm. Hər şeyi başa düşürəm. Məndə də inamsızlıq var, məndə də bədbinlik var, məndə də şübhə, tərəddüd var. Amma onların hamısını aşaraq mən deyirəm ki, seçkiyə gedəcəyəm.

Heç olmasa mən öz balaca, kiçik işimi görüm. Həmişə o balaca, kiçik işlərin tərəfdarıyam ki, biz gərək tarix haqqında, böyük məsələlər haqqında fikirləşməyək, bacardığımızı edək”.

Rəhman Bədəlov
Mehriban Vəzir də bildirib ki, “günah məndən getdi” prinsipini əsas götürərək seçkilərdə iştirak edəcək:

GÜNAH MƏNDƏN GETDİ

“Mən də seçkiyə gedəcəm və hətta ətrafımda olan adamları da seçkiyə getməyə çağırıram. Ona görə mən belə yanaşıram ki, günah məndən getdi məsələsi var. Bəzən insanlar deyirlər ki, seçkini saxtalaşdırırlar. Amma sən seçkiyə getmirsən, amma kimisə ittiham edirsən ki, seçkini saxtalaşdırırlar. Sən get, günah səndən getsin. Artıq kimlər edirsə bu xətanı, bu günah qoy onların boynunda qalsın. Bütün hallarda mən seçkiyə getməyin tərəfdarıyam və gedəcəm”.

Tarixçi alim Eldar İsmayılov isə deyib ki, o nəinki səs verəcək, həm də seçkiləri müşahidə edəcək:

“SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏM”

“Mən nəinki seçkiyə gedəcəyəm hətta seçkiləri müşahidə edəcəyəm. Bu, mənim vəzifəmdir və mən bu vəzifənin öhdəsindən gələcəyəm. 30 dairədə biz seçkini müşahidə edirik. Bu, kifayət qədər çoxdur”.

Verilişdə iştirak edən qonaqlar namizədlərin səviyyəsinə də toxunublar. Mehriban Vəzir deyib ki, müxalif, iqtidar, bitərəf olmalarından asılı olmayaraq, namizədlərin səviyyəsi olduqca aşağıdır.

Eldar İsmayılov
O, bunu dil amili ilə bağlasa da, tarixçi-alim Eldar İsmayılov məsələni intellektlə əlaqələndirib. Filosof Rəhman Bədəlov isə namizədlər arasındakı debatları “olduqca sönük” adlandırıb. Qonaqlar namizədlərin çoxunun müəllim və həkim zümrəsinə aid olduqlarını da bildiriblər. Mehriban Vəzir deyib ki, müəllimlər və həkimlər iqtidarın əlində oyuncağa çevrilib:

OYUNCAQ ZÜMRƏ

“Bunlar sosial baxımdan ən zəif təbəqədir. Maaşları çox aşağıdır. Hər bir müəllim direktorun əlində oyuncaqdır. Hər bir direktor icra hakimiyyətinin qarşısında oyuncaqdır. Sistem belə qurulub. Yəni, burda insanların ləyaqətli olmaq, dirəniş göstərmək, özünü ifadə etmək imkanları məhduddur. Tək bir adam, üç adam, beş adam çıxırsa, onu da çox asanlıqla vurub atırlar, ot kimi biçirlər. Ortada qalır ancaq məzlum, yazıq zümrə. O yazıq, azad olmayan, yüz manata göz dikən zümrə ilə hər şey etmək olar. Onu hər cür oynatmaq olar. Təsəvvür edin, sirkdə ən böyük heyvan şirdir. O ac olur, onu odun içində o tərəfə hoppandırırlar, bu tərəfə hoppandırırlar. Onu meymuna döndərirlər. Yəni, ac insanı, ac zümrəni meymuna döndərmək asandır. Bu gün müəllimlər, həkimlər, daha nə bilim kimlər zümrəsini bu cür oyuncaq ediblər əllərində. Bunu iqtidar edib”.

XS
SM
MD
LG