Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:25

«Oğurlanmış səslə Azərbaycan üçün iş görmək olmaz»


Əkrəm Əylisli
Əkrəm Əylisli
“İşdən sonra” verilişinin “Ziyalı saatı”nın qonağı yazıçı Əkrəm Əylislidir. Onunla müsahibəni təqdim edirik:

- Sizin bir sitatınızdan başlayaq. Demisiniz ki, mənim deputatlığımı ziyalılığıma bağışlayın. Niyə təzad var bunların arasında?

- Təzad hökmən var. Ona görə ki, siyasi həyat başqadır. Onun başqa stixiyası var. Yazıçı həyatı tamam fərqlidir. Mən bir az idealist olduğuma görə oranı başqa cür təsvir etmişdim. Gəldim, gördüm, baxdım, heç bir peşmançılıq hissi keçirmirəm. Amma ikinci dəfə həmin imtahanı ağır imtahan hesab edərdim özümə.

- Hansı ümidləriniz qırıldı?

BAŞQA HALLAR YAŞADIM ORDA

- Ümidlərin qırılmağı zəif adamlarda mümkündür. Məndə ümid qırılmadı. Mən başqa hallar yaşadım orda. Məsələn, mən parlamentin səviyyəsini açığı olduğundan bir az yuxarıda görürdüm. Hər halda ikinci dəfə əgər olmaq istəməmişəmsə, demək burda hansısa bir dərin səbəb var. Söhbət bundadır ki, hər şeyi açıb-ağartmaq, xırdalamaq yazıçı peşəsi deyil. İnsan bir vaxt oturduğu yerə qarşı gərək çox da qəddar olmasın. Yəni mənim orada oturmağıma səbəb olan o seçicilər ki var, onlar mənə pislik etmək istəməmişdilər. Əslində, yaxşılıq etmək istəmişdi. O yaxşılığın qarşısına mən böyük yaxşılıqla çıxa bilmədimsə, bu, artıq mənim öz təqsirimdir.

- Parlamentə seçilmiş və seçilməmiş, mandatının legitimliyi şübhə doğuran və şübhə doğurmayan hər kəsə belə bir irad ünvanlayanlar var ki, sən mandatı seçicidən yox hökumətdən almısan. Sizdə necə hiss olub bu dövr ərzində? Siz mandatı kimdən aldığınızı hiss etmisiniz?

- Ordubad mənim bala vətənimdir. Mən burda böyümüşəm. Ordubadda məni çox yaxşı tanıyanlar var. Külli miqdarda yazılarımı oxuyanlar var. Hətta mənə hər hansı bir hissiyyatla paxıllıqdan ya nədən nifrət edənlər varsa, bir xeyli mənə yaxşı münasibət bəsləyənlər, məni istəyənlər var. Mən deputat seçilmək ərəfəsində bunu camaatın gözündə də görürdüm. Yəni, orda elə bir ciddi rəqib görmürdüm ki, o mənim qarşıma çıxa bilə. Belə bir hissiyyat var idi məndə. İkinci də mən ölmürdüm deputatlıq üçün. Açıq, sərbəst gəlirdim.

MƏN DEPUTATLIQDAN DÖRDƏLLİ YAPIŞMAMIŞDIM

Mənimlə opponent olanlara qarşı bir dənə güldən ağır söz demirdim. Söhbət bundadır ki, kim bundan necə yapışır. Mən ondan dördəlli yapışmamışdım. Mənim başqa işlərim var, başqa arzularım var. Amma gəlin budəfəki seçkidən danışaq. Mənim üçün bu qəribə hissiyyat oyadır. Çox qəribə təəssüratlar yaradır. Məsələ burasındadır ki, mən sevinirəm ki, insanlara icazə verirlər çıxır, öyrədiblər, yazıb-veriblər, oxuyur. Burda qəribə nədir? Mənə elə gəlir ki, bu Murad Köhnəqalanın mövzusudur. Bu, mövzu mənlik deyil. Söhbət burasındadır ki, bu qarşıdurmada bir az qorxulu şey də görürəm. Məndə belə bir hissiyyat yaranıb ki, bu fiziki qarşıdurmaya çevrilə bilər. O Azərbaycanın hazırkı, əxlaqi və mənəvi həyatının bəzədilməmiş, aydın və maraqlı bir səhnəsidir. Yəni burda tamamilə saxta bir əxlaqla, heç bir mətləbə dəxli olmayan, rayonun hakimiyyəti tərəfindən hazırlanmış, öyrədilmiş, bəzən əlinə yazı verirlər, onu da gəlib oxuya bilmir. Acınacaqlı hissiyyat doğurur adamda.

BUDUMU SƏNİN RAYONUN?

Bir də var misal üçün müxalifət qüvvəsi. O da çox rəngarəng mənzərədir. Orada mənim çox hədsiz simpatiya bəslədiyim adamlar var. Biri deyir sən korsan nəyi isə görmürsən. O biri deyir ki, sən korsan. Məsələ burasındadır ki, mən rayon adamıyam. İndi heç rayon adamı olmağa ehtiyac da yoxdur ki, girirsən rayona, rayonun üzü bəzənib- mərkəzi. Bir addım o yana qoyursan, heç bir şey dəyişməyib. Mən bunu görəndə gözüaçıq oluram. O birini görəndə kor oluram. Məntiqsiz, absurd vəziyyət yaranıb. Yəni bunların hər ikisini görmək lazımdır. Amma bizim elin bir məsəli var. Deyir ki, əvvəl evin içi, sonra çölü. Mən məsələn, şəxsən arzu edərdim ki, içindən başlayardıq ölkəni qurmağa. Evin içindən. Sonra keçəydik bayırını bəzəyəydik. Orada gözəl binalar tikəydik. Məsələ burasındadır ki, o absurd vəziyyətlər orada o qədər aşkar görünür ki, mən şəxsən nəyə belə sarsılıram, inandırıram sizi ki, 20 il bundan əvvəlin Azərbaycanında o səviyyədə adamı tapıb televizora çıxarmaq olmazdı ki, indi bunlar haradansa tapırlar. Məndə çox kəskin etiraz doğurur ki, elə bil ki, bəzi rayonların, bəzi icra başçıları rayonda belə bir mənəvi genosid aparır millətə qarşı. Bunu niyə çıxarırsınız ora? Bunun heç bir səviyyəsi yoxdur. Budumu sənin rayonun? Budumu sənin insanların?

- Bəlkə budur? Bəlkə buna çevrilib, buna dönüb?

- Bəlkə bu mənada ola bilər. Əvvəla, ora çıxanların bəziləri mənim yadıma Bulqakovun “İt ürəyi”nin qəhrəmanını xatırladır. Bunları nə üçün, kim üçün hazırlayırsınız? Mən də bir yanıqlı yer də var ki, mən bunu dərk edirəm və gözəl bilirəm ki, özü öz halal səsini alıb, deputat olan Azərbaycan üçün həqiqətən halal işlər görə bilər.

OĞURLANMIŞ SƏSLƏ AZƏRBAYCAN ÜÇÜN İŞ GÖRMƏK OLMAZ

İkincisi, oğurlanmış səslə və ya hər hansı bir formada özünü deputat edən heç vaxt Azərbaycan üçün böyük iş görə bilməz. Azərbaycanın gələcəyini quran adamlar mütləq hər şeyi halallıqla, kişi kimi eləməlidir. Söhbət burasındadır ki, mən beş il parlamentdə oturmuşam. Mən bir dəfə də görməmişəm ki, parlamentdə bir adam çıxa dövləti sarsıtmaq məqsədi ilə, dövlətçiliyə xəyanət etmək məqsədi ilə hər hansı bir söz deyə. Amma onu da görmüşəm ki, iki adamın deyəcəyi sözü təkzib etmək üçün on beş adam növbəyə dayanıb. Bu on beş adamdan xahiş etmək lazımdır, demək lazımdır, onları başa salmaq lazımdır ki, a kişi, sən də öz fikrini de. Bu belə deyir, yəni bunun dərdidir bu. Yəni, bu belə görür. Sən də öz gördüyündən danış. Belə çıxır ki, sən gözünü yum mən baxacağam sənin əvəzinə. Belə şey mümkün deyil. Normal cəmiyyətdə belə şey olmur.

İSTƏYİRƏM DİRÇƏLƏN XALQ GÖRÜM

Biz bugünki Azərbaycanda yaşayırıq, bugünki Azərbaycanın dərdləri ilə də yaşamalıyıq. Azərbaycan inkişaf eləməlidir. İnkişafa məhkumdur. Azərbaycanın bundan başqa çıxış yolu da yoxdur. Külli miqdarda gəlir var. O gəliri dənizə tökməyəcəklər ki? Azərbaycanın dərdini ürək ağrısı ilə danışan adamlar Azərbaycanı quracaq. Azərbaycanın gələcəyi bunlardadır. Deyirsiniz ki, bəlkə elə millət budur? Bu millət ola bilər ki, bu olsun. Nə mənada? Rayonda adam qalmayıb, hamısı çıxıb gedib. Mən məsələn öz kəndimizdən deyim. Bizim kənddə yüz evin əllisinin qapısı bağlıdır. İnsanlar çörək dalınca ora-bura qaçır. Yaxşı, tutaq ki, bu proses dünyəvi prosesdir, qarşısı alınmazdır, çətindir. Demək bunu deməyək? Axı bunu demək lazımdır. Dövlət elə bir siyasət qurmalıdır ki, o adamları cəlb etsin, gətirsin evində çörəyini qazansın. Bunu deyən adamlara deyirlər ki, sənin gözün kordur, körpünü görmürsən. Körpünü görürəm, körpü çox gözəl şeydir. Gözəl binaları da görürəm, bulvarın gözəl fəvvarələrini də görürəm. hamısını görürəm. Amma mən istəyirəm dirçələn xalq görüm. İnsan görüm, insan dirçəlişini görüm. İnsanı kölə olan bir məmləkətdə heç vaxt yüksək səviyyədə quruculuq ola bilməz. Yəni insan quruculuğu da nəzərə alınmalıdır, mənəvi quruculuğumuz da nəzərə alınmalıdır. Əxlaqi keyfiyyətlərimiz nəzərə alınmalıdır.

- Namizədlərdən biri belə bir fikir söylədi ki, bu iqtisadi inkişaf barədə deyilən xəbərlər ola bilsin ki, doğrudur amma onlar bizə hara getdiyimizi demir. Amma TQDK-nın açıqladığı bu balların ildən-ilə aşağı düşməsi bizə hara getdiyimizi deyir. Təhsilsiz gələcəyə doğru.

İNSANDAN BAŞLAMALIYIQ

- Mən kənddə məktəbdə oxumuşam. Bizim məktəbimiz bir köhnə varlı kişinin evi idi. Vallah, orada elə bir dərs keçirilirdi ki, mən Əylisdən Bakıya gələndə, universitetə daxil olanda, universitetin rus dili müəllimi məni çıxarırdı ən çətin tapşırıqları həll etməyə. O sözdə də həqiqət var. Bizə məktəbin binası lazım deyil, məktəbdən çıxan təhsil lazımdır. Buna görə mən deyirəm ki, gözbağlayıcı oyunu kimə lazımdır? Gözbağlayıcı oyunu ilə hara gedib çıxırıq biz. Elə bil ki, biz özümüz üçün yaşamırıq. Kimsə gəlib baxacaq, ya ATƏT-dən gələcək, ya BMT-dən gələcək bizim gördüyümüz işlərə baxacaq və bunun üçün də biz bu işləri görürük. Biz özümüz üçün iş görməliyik. Xalqımızın həyatı üçün iş görməliyik. İnsanların dirçəlişi üçün iş görməliyik. İnsandan başlamalıyıq. İnsan ləyaqəti ilə yaşayan xalq müharibədə də uda bilər, məğlubiyyət nə olduğunu bilməz. Ləyaqətini itirən insandan heç bir böyük cəmiyyət yaratmaq olmaz.

- Dinləyici yazır: Sizcə Xəlil Rza Ulutürk bu gün sağ olsaydı, “Davam edir 37”nin davamını 2010-cu ildə necə yazardı?

BİZDƏ 37 YOXDUR

- Mən bu suala vicdanla və səmimi cavab verəcəyəm. Xəlil Rza onu da yazmışdı, “Vardır belə partiya”nı da yazmışdı. Qəhrəmanlar var ki, bir müddət yaradılır, xüsusən şairlərdən yaradılan qəhrəmanlara məndə heç bir etiqad yoxdur. Çünki qəhrəmanlığa ehtiyacı olan şair, şair deyil. 37 söhbəti yanlışdır. 37 yoxdur. 37-də nəinki çıxıb ekranda o sözləri deyən adamları hətta 4 divar arasında–evində deyən adamları sabahı hökmən həbsxanada idi. Yəni bu cəhətdən ayıq olmaq lazımdır. Bizdə 37 yoxdur. Bizdə faktiki demokratik arzularla yaşayan cəmiyyət var. Amma bu demokratik arzuları inkişaf etdirən, həyata keçirən ideoloji dövlət aparatı, hakimiyyət yoxdur. Hakimiyyət, dövlətçilik o vaxt qüvvətli olur ki, bu dövlətçiliyin bütün məqsədi o milləti dirçəltməyə xidmət etsin. Xalqı qaldırsan özü biləcək neynəyir. Biləcək ki, harada 100 mərtəbəli ev tikməlidir, harada bir mərtəbəli. Dirçələn xalq lazımdır bizə.

- Kim dirçəltməlidir? Necə dirçəltməlidir?

- “İt ürəyi” ki, var ha, onu çıxaran adam xalqı əskiltməklə məşğuldur. Mən dedim, mənəvi genosid yaradır. O adamları başa salmaq lazımdır ki, bu uşağı indidən bədbəxt eləmə.

- Yəni xalqı dirçəltməyin yolu onu əskiltməməkdədir? Siz bunu deyirsiniz?

KAĞIZ VERİBLƏR Kİ, GET OTUR ORADA BUNLARI DE. AXI BU ŞİKƏST OLUR

- Onu əskiltməmək, onun mənəvi dünyasına yalan ötürməməkdir. Yalan qədər insanı çürüdən heç nə yoxdur. Yalandan qorumaq lazımdır insanı. Yalan fərdi olanda belə ona dözməmək, amma yalan çevriləndə cəmiyyətin aparıcı qüvvəsinə, ona qarşı ölümə də getmək lazımdır. Yalanı qəti surətdə cəmiyyətin bədəninə iynə ilə vurmaq olmaz. Yəni o uşaqlara mən baxanda dəhşətli dərəcədə sarsılıram. Cavan uşaqdır, hələ dünyanı bilmir. Bunun yaşıdları qaçıb ora-bura çörək dalınca. Buna da kağız veriblər ki, get otur orada bunları de. Axı bu şikəst olur. Bunun mənəviyyatı şikəst olur. Bunun mənəviyyatı hansı bir ləyaqətli Azərbaycan dövləti qura bilər? Bu hansı yerdə gedib Azərbaycanın mənafeyini kişi kimi qoruya bilər? Gedirlər dünyanı gəzirlər. Gəlib deyirlər ki, getdik düzəltdik. Azca mənəviyyatımızın hayına qalmalıyıq. Mənəviyyatımızın hayına qalmasaq, inanın mənə milyon dəfə iqtisadi inkişaf ola, mənəviyyatsız, bunun gələcəyi yoxdur.

- Dinləyici yazır: Şükür ki, deputat deyilsiniz, hakimiyyətdən asılı deyilsiniz. İndi Dubay villasından, ayı kababından, fövqəladə delfinlərdən kitab yazacaqsınızmı?

Mən kiminsə cibinin pulunu saymıram
- Mən əsərlərimdə də yazmışam ki, sovet dövründə hakimiyyət xalqla səmimi olmayıb. Ona görə də o hakimiyyət yaşaya bilmədi. İndi biz öz sabitliyimizi, öz dövlətçilik mənafeyimizi axıracan yaşatmaq istəyiriksə, gərək bunları nəzərə alaq. Yəni sovet dövründə olan ideoloji təbliğatı davam etdirmək qəti surətdə qadağan edilməlidir. O vasitələrdən istifadə etmək qəti surətdə qadağan olunmalıdır. Amma həmin üsullarla çıxır ora şər atır o birisinə. Mən nəyə görə deyirəm bu meydanda yumruq davasına gəlib çıxacaq? Ona görə ki, o şərə qarşı qeyrəti olan adam çətin tab gətirər. Bu şər kampaniyası ki var, idbar... sovet dövründə elə şərlər deyirdilər ki, insana bunları bilə-bilə bizim yaddaşımız hara getdi.

- Amma bu qədər var idimi? Məsələn, bu yaxında telekanalların birində tənqidçi jurnalisti zoofiliyada günahlandırırdılar.

İDEOLOJİ HEYVƏRƏLİK

- Hər şey var idi. Siz elə bilməyin ki, o vaxt yox idi. O vaxt elə əskik-əskik şeylər çox idi. Amma əskik şeylərdən qaçmaq, 40 il bundan qabaq sovet hökumətinin qurdu ulayan vaxtı hər hansı bir ideoloji heyvərəlik bu gün bizim həyatımızda qalmalıdır? Əsla yox. Millətimiz inkişaf edir. İndi bizim cavanlarımız var ki, xaricdə oxuyurlar. Sabah onlar bu ölkəyə qayıdacaq. Xaricdə oxuyan o cavan oğlana şərait yaratmaq lazımdır gəlsin burda işləsin. Belə görsə çətin gələr. Elə nadanlığın bu vəziyyətini görsə gəlməyəcək. Axı biz hamımız bir yerdə bu Azərbaycanı qura bilərik. Hakimiyyət heç vaxt insanları siyasi əqidəsinə görə bir-birindən ayırmamalıdır. Dövlət ideologiyasının buna haqqı yoxdur.

- Dinləyicilər yazır: Burda dediyiniz sözlərin heç olmasa yarısını beş il ərzində parlamentdə səsləndiribsizmi?

- Təhsil haqda dediklərinizi niyə parlamentin kürsüsündən demirdiniz?

- Parlamentdə susmağınızın bədəlinin cəmiyyətin nəzərində ziyalı titulunuzun itirilməsi ilə nəticələndiyi barədə xəbəriniz varmı?

MƏNƏ ELƏ LƏKƏ YAXIBLAR Kİ...

- Bunlar, o adamlar, şərbazlar var bir dəstə, güdürlər ki, bir balaca bizdə aktivlik görəndə, məsələn, mənim nəslimdə, elə bilir ki, Azərbaycanda gələcəyin hakimləri bunlar olacaq. Mən bunu hiss etmişəm, müşahidə etmişəm və sizə həqiqəti deyirəm. Məsələ burasındadır ki, bəyin vaxtında onun ətrafında o qədər adamlar var idi ki, heç birini bəy hakimiyyətə gələndə yaxınına buraxmadı. Çünki onların dövlət idarəçiliyinə heç birinin zoru çatmaz. Onlar da qalacaqlar kənarda. Onları da heç kəs heç yerə qoymayacaq. Elə qışqıra-qışqıra, ona-buna ləkə yaxa-yaxa...Mənə elə ləkə yaxıblar ki, gedib arxivdən materialı çıxarır, kimsə məndən donos yazıb. O donosunda mənim haqda nə desən yaza bilər. Məndən donos yazanın donosunu mənim əleyhimə mətbuata çıxarıb. Bu cür nadanlığın, bu cür əskikliyin qabağında neyləmək olar? Amma mən onlara da deyirəm ki, parlamentdə özüm də demişəm, etiraf da etmişəm ki, əgər imkanı da varsa getsin otursun, məndən çox danışsın.

- Niyə bu sualları onları yazanların tənqidinə kökləyirsiniz? Niyə sadəcə cavab verməyəsiniz ki?

İNDİ İŞLƏYƏN PULDUR

- Mən danışmışam. Bir dəfə demişəm ki, qanun qəbul etməyin mənası yoxdur, çünki qanun işləmir. Əgər işləmirsə burda zəhmət çəkib qanun qəbul etməyin nə mənası var? İndi işləyən puldur. Yeri düşəndə demişəm. Amma mən o adam deyiləm ki, hər dəfə atılıb-düşüb, söz deyəm. Onun da öz adamları var. Mənim parlamentdən gedəcəyimi eşidəndə neçə vicdanlı adam dedi ki, getmə. Deyir çünki sən burda oturanda beş adam həya edib, abrına qısılıb belə əskiklik etmir. Sən otur burda. Bu cür fikirləşən də var. Amma eləsi var ki, neynirsən elə, nə yazırsan, yaz durub ağzına gələni danışacaq.

- Fərqli fikirlər həmişə var. Amma ki, siz deyirsiniz ki, mən o adamlardan deyiləm ki, ər dəqiqə deyəm. Mən dedim oturdum. Bəz onda nədir çıxış yolu? Nə etməli? əgər söz demək və parlamentar mübarizə xeyir vermirsə, onda işıq ucu göstərin.

- Yenə də çıxış yolu ondadır ki, imkan vermək lazımdır ki, seçən özü seçsin. Özü öz səhvini görsün. Gələn dəfə o səhv etməyəcək. Bu, tarixdir, bu, zamandır. Bu yeni qurulan demokratik yəni post-sovet məkanında başqa hansı respublikada siz ideal bir demokratiya görürsünüz?

- Yəni xalqa səhv etmək haqqı tanınmalıdır.

YAZIÇI MÜXALİFƏTDƏ DAYANMALIDIR

- Bəli, xüsusən də bir şeyi mən tez-tez deyirəm. Yazıçının əlbəttə siyasi müxalifət yox, ictimai mövqeyində müxalifətdə dayanmağı heç vaxt heç kəsdə qısqanclıq doğurmamalıdır. Tarix boyunca yazıçı müxalifət məxluqudur. Dünya xəlq olandan. Götürün Avropa, Amerika, 19-cu əsrdə yaranmış Rusiyanın nəhəng ədəbiyyatını, tamaşa edin, baxın görün kimdir qalan ədəbiyyatda. Bizdən kim qalıb? Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Sabir qalıb. Bunlar zamana ruhi müxalifətdir. Bu gərək qanun kimi qəbul olunsun.

- Dinləyici yazır: Sizcə niyə əksər ağıllı insanlar, ziyalılar ölkədə baş verən ictimai-siyasi hadisələrdən uzaq gəzməyə çalışırlar. Sizə elə gəlmirmi ki, ziyalıların geri çəkilməsi meydanın boş qalmasına və sıradan bir insanların meydana çıxmasına səbəb olur. Sizcə bu gün siyasəti də insanların düşüncəsini kütləşdirmək üçün şou üstündəmı qururlar?

YAZIÇININ BİR FUNKSİYASI VAR

- Bizim bu yazıçı qisminin bir funksiyası var. O insanların söz tapıb, deyə bilmədiyini, deməlidir. Yəni insan ola bilər sənin kimi düşünür, amma onu deməyə səndə olan sözü tapa bilmir. Onlara biz kömək eləməliyik. Çox dərin söhbətdir. Bu sovet dövrünün təzə qurulduğu vaxtlarda da belə olub. Mirzə Cəlil İrana qaçıb Azərbaycandan. Sovet hakimiyyəti təzə qurulanda və 30-cu illərdə nə qədər insan qaçmağa məcbur olub. İndi söhbət bundadır ki, abırlı insanların kənara çəkilməyi, onun tələbində bir haqqı var ki, sən vətəndaşsan. Vətəndaş olaraq məndən onu tələb edə bilər. Amma yazıçı olaraq yox. Yazıçı sözünü yazılarında deyir və orda deyilən söz məncə daha əhəmiyyətlidir, daha uzun ömürlüdür, daha kəsərlidir. Gərək bu milləti biz başa salaq ki, bu yazıçıdan həddən çox meydan natiqi tələb etməyin. Yazıçı içində yaşayır, içində danışır.

- Amma qəbul edin ki, deyək ki, Polşada, Çexiyada hətta müəyyən qədər Bolqarıstanda da ziyalılar ortaya çıxdı. Onlar lazım gələndə çıxıb getməyi bacardılar. O vaxt ki, artıq o sistem qurulmuşdu və siyasi intellektini üstələməyən adamlar var idi ortalıqda. O zaman çıxıb getməyi bacardılar. Yəni o sistemi qurub da, işə salıb da sonra getdilər. Bax bizdə o dissidentlər niyə siyasətə gəlib dayana bilmədilər? Dövlət quruculuğunda iştirak edə bilmədilər?

BİZDƏ YAZIÇI-DİSSİDENT YUSİF SƏMƏDOĞLU İDİ

- Bizdə yazıçı-dissident Yusif Səmədoğlu idi. Amma o ölkələri ki, siz misal gətirirsiniz, o ölkələr iqtisadi inkişafın başqa mərhələsindəydi. Bizdə yeni mənəvi formasiyaya keçmək çox çətin prosesdir. Biz çox şeyi deyirik. Özümüzü tərifləmək çox moddadır. Bizi inkişaf etdirənlər öz-özünü tərifləyənlər olmayıb. Özündə tənqidi, nöqsanları görən qazıb- çıxaran və ağlaya-ağlaya göstərən insanlar bizi bu inkişafa gətirib çıxarıb. Necə oldu ki Pribaltikada ha əlləşdilər etnik zəmində qırğın düzəldə bilmədilər. Çünki xalqların səviyyəsi başqadır. İnsana əl qaldıran tapılmadı. Amma bizdə tapıldı axı.

- Dinləyici soruşur: Nəyə görə indiki dövrün cavanları elə bil zombiləşib? Hər kəsin ağlında odur ki, kiminsə bir az imkanı varsa o adamı tərifləyir, o adamın arxasınca gedir? İndiki cavanlarımız səviyyə baxımdan çox aşağıdırlar.

- Azərbaycanda inanmıram ki, cavanların hamısı səviyyəsiz ola. Azərbaycanda səviyyəli cavanlarımız da var. İndi təəssüf ki, o səviyyəli cavanların üzə çıxması üçün münbit şərait yoxdur. Bizim ağrıdığımız da, acımız da elə odur ki, qabiliyyəti olan insanlar irəli çıxsınlar. Heç bir siyasi görüşündən, kiməsə münasibətindən asılı olmayaraq çıxsınlar, iş görsünlər, söz desinlər. Biz istəyirik belə olsun cəmiyyətimiz. Amma səni də, məni də ağrıdan budur ki, sizin dediyiniz insanlara qüvvə verən, onları irəli çəkən əxlaqı içimizdən çıxarmalıyıq. O irindən betər bir şeydir. Cəmiyyəti sağlamlaşdırmaq, sağlam gəncliyi yaratmaq üçün hökmən biz o ikitərəfli baxışdan uzaq olmalıyıq. Çalışmalıyıq ki, obyektiv baxa bilək insanlarımıza.

- Ölkənin başında duran şəxslərin korrupsiyası barədə məlumatlar açıqlandı. Dubay mülkləri barədə, prezidentin qızının qeyri-qanuni banka sahib olması barədə və s. Siz də daxil deputatlar sorğu şəklində tələb etmədilər hökumətdən ki, bunları açıqlasın. Yazar olaraq sizin mövqeyiniz nədir bununla bağlı?

- Bayaq mən dediklərimin hamısına inanıram. Mən 10 faiz inanmadığım, faktlar əsasında arxayın olmadığım bir şeydən çox da danışmaq istəmirəm. Mən arzu edərdim ki, o faktlara tutarlı cavab gələydi. Bu belədir, niyə belədir. Belə deyilsə niyə şər atırsan? Mən bunu bir yazıçı və ya bir vətəndaş olaraq arzu edərdim. Bu, olmadı.

- Amma arzunuzu ifadə etdinizmi?

KİMİNSƏ CİBİNİN PULUNU SAYMIRAM

- Mən kiminsə cibinin pulunu saymıram. Pulla–zadla mənim işim yoxdur. Söhbət burasındadır ki, dünya dəyişib. Dünya başqa şəkildə dəyişib. İndi baxırsan hansı ölkədə hakimiyyətdə olanlar varlanmaqla məşğul deyil. Post-sovet məkanında bir dənə ölkə göstərin ki, mənə orada hakimiyyəti əlində saxlayan insanlar əsaslı surətdə pul yığmaqla və varlanmaqla məşğul deyil. Mən beləsini tanımıram. Ona görə də bu sözü deyəndə baxıram hər tərəfə, görürəm və içimdə ağlayıram ki, dünya gəldi bu günə düşdü. Stalinin bir kostyumu və bir “sapox”u var idi. İşdə də “sapox”unu geyinirdi. Stalinin pul yığmağa ehtiyacı yox idi axı. İndi Stalinin üstünə nə qədər söz deyirlər desinlər. Amma o keyfiyyət onda yox idi. Zaman dəyişdi, ictimai-quruluş dəyişdi, ictimai münasibətlər dəyişdi və gəldi elə yerə çıxdı ki, daha təəccüblənmirik. Təəccüb qurtarandan sonra laqeydlik başlanır. Mübarizədə ümidini itirirsə, bunun dalınca laqeydlik gəlir. Cəmiyyət içində ən xətalı şey laqeydlikdir.

XS
SM
MD
LG