Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:18

"Freedom House" təmsilçisi: "Bloggerlər cinayətkar yox, qurbandırlar"


Bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinin bir ili tamam olarkən – Freedom House təşkilatının Avrasiya proqramları üzrə meneceri Səm Patten AzadlıqRadiosunun əməkdaşına açıqlamasında bloggerlərin hələ də həbsdə qalmasının bir təşkilat olaraq onları çox narahat etdiyini deyib.

Patten Tbilisdə Cənubi Qafqazda kütləvi informasiya vasitələrinin vəziyyətinə dair 7-ci konfransda iştirak edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bloggerlərin işinə yenidən baxmalıdır:

"Amma hökumət bu imkanı bir müddət qabaq bloggerlərin apelyasiya şikayətinə baxarkən əldən verdi".

Patten deyir ki, bloggerlərin həbsdə qalması Azərbaycanda söz azadlığına xidmət etmir, jurnalistlərə və qeyri-jurnalistlərə bununla bağlı mənfi mesajlar verir.

O hesab edir ki, xarici ölkələr və beynəlxalq təşkilatlar bloggerlərin azadlığa buraxılması üçün Azərbaycan hökumətinə təzyiqləri davam etdirməlidirlər.

Freedom House təşkilatının Avrasiya proqramları üzrə meneceri Azərbaycan rəsmilərinin dediyi kimi Emin Milli və Adnan Hacızadənin xuliqan olması fikri ilə razı deyil.

"Azərbaycan nümayəndəsi bu konfransda dedi ki, Azərbaycanda 2000 nəfər xuliqanlıq ittihamı ilə cəza çəkir.

Düzdür, bloggerlərin də işində xuliqanlıq faktı olub. Amma xuliqanlığı bloggerlər yox, onları döyənlər ediblər. Bloggerlər cinayətkar yox, qurbandırlar".
XS
SM
MD
LG