Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:25

Gülər Miryəhya "Karma" (Hekayə)


Bir dəfə uca bir binanın çardağında oturmuşdum. Elə böyük məqsədim yox idi, oturmuşdum, aşağıya baxırdım.

Ulduzları xoşlayırdım, elə bil ki başıma yağırdılar yağış kimi. Sonra gözlərimi yumdum, zaman kölgə kimi keçdi gözlərimin qarşısından.

Xilas üçün sağ əlimi irəli uzatdım, əlim bir ağaca ilişdi. Gözlərimi açdım, dar ağacından asılmışdım. Ulduzlar yenə də yağırdı saçlarıma.

Bədənim can verirdi, dırnaqlarım ovcumu qanatmışdı, gözlərim yerindən oynayıb, ağrıyırdı, nəfəsim çatmırdı və sonra gözlərimi yumdum.

Zaman kölgə kimi keçdi gözlərimin qarşısından. Sağ əlimi atdım ki, tutum bir şeydən, başım fırlanırdı dayansın, bir də gördüm çox gözəl bir gölün kənarında dayanmışam, mələk üzlü bir körpəni qollarımda günəşə qaldırmışam, dua edirəm.

Sonra onu dəfn etdim, özüm-özümə kənardan baxdım-baxdım, bir tullantıda suların qoynuna atıldım.

Su gözlərimə dolurdu, bağladım üzdüm-üzdüm, ətrafımdan zaman keçirdi, boğulmamaq üçün birindən yapışarkən özümü cüzamlı gördüm. Hər kəs qaçırdı məndən, barmaqla göstərirdilər, ac idim, yaralarım ağrıyırdı, qaşınırdı.

Sonra yağış yağdı, yerdə gölməçə yarandı, baxdım özüm özümə, çirkinliyimdən qorxdum, dayanmadan qaçdım, arxamca aslan qaçırdı sanki.

Sonra qalxdım uca, çox uca binanın üstünə atıldım üzü aşağı.

Bir anlıq uçuş. Sürətimin küləyi saçlarımı dalğalandıranda yanımdan zaman keçdi, tuta bilmədim. Mən uca binanın çardağından yıxıldım.

O qadını edama məhkum etmişdilər. Dedilər onun səsi hər kəsi başdan çıxarır, içinə şeytan girib. Qadın gülümsəyib, sualları cavabsız qoymuşdu. Gülüşündə hədə vardı, ətrafdakı insanları narahat edirdi.

Hər tərəfi nəm, kəskin qoxu verən divar olan bir balaca yerə atdılar onu. Qadın o yerdə o qədər qaldı ki, unutdu günləri, saatları, dəqiqələri. Onu edama məhkum etmişdilər.

Kölgə boşluqla görüşəndə çox cavan idi. Boşluq dişsiz damağında tutduğu qəlyanını tüstülədir, boş gözlərini ona zilləyib, dırnaqsız barmaqları ilə yanına çağırırdı. Hə, o vaxtlar kölgə çox cavan idi.

Qadın o yerdə qaldığı o uzun zamanda dırnaqları ilə nəm, iy verən daşların arasında boşluq tapdı, didib daşı yerə saldı.

Qadın xilas oldu. İnsanlar günəşi sinəsinə dolduran o qadının ətrafında diz çökdülər, kölgə isə oxudu- oxudu.

Qapqara bədəni tərləmişdi açıq günəşdən, baxanda elə bil ki, dərisinə yağ çəkmişdilər.

Hündür qum yığınının üstündə dayanıb, əllərini gözlərinə tutub günəşə baxırdı. Kölgəsinə baxdı, günəşə baxdı, dəvəsinin ipini yığıb, davam etdi yola.

Gecə keçdi, səhər tezdən dəvə böyürürdü, qara bədən dəvənin yanında cadar-cadar olmuş dodaqlarını yalayırdı. Əllərini göyə qaldırdı:

- Bismillahirrəhmanirrəhim, dedi.

Dəvə başını ona tərəf çevirdi, qara insan bıçağını çıxardı, dəvəsinin hürgücünü çərtdi, çıxan qandan sordu-sordu.

Qara insanı günəş yandırdı köpüb, uzandığı yerdə. Şəhadətini dedi, gözlərini yumdu. Qara insanı günəş yandırdı. O, səhrada sahibinin külünü aparırdı, dəfn etməyə.

Günəş qalxdı, binaların ardından. Saçaqlarından biri gözümə düşdü, uşaq kimi sevindim.

Sonra çardaqdan düşdüm, saçlarımı daradım, dişlərimi yudum. Barmaqlarımı gəzdirdim otağımın divarlarında, günəşi sinəsinə dolduran qadını dinlədim.

Evdən çıxdım, metroda gözlərimi saata izləyib saniyələri saydım, qatar gəldi, yol uzun idi, sahibinin külünü aparan qara dərili insan haqqında oxudum.
XS
SM
MD
LG