Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:41

«Bu millət nə qədər çörəkpulu ilə dolanar axı?»


Dilgüşad Həsənova
Dilgüşad Həsənova
«Səhər burda qaçqınlara qurban əti paylasalar, mənə elə gəlir ki, hamı sevinər ki, bizi də yada saldılar».

1993-cü ildən Bakının Dərnəgül qəsəbəsindəki tələbə yataqxanasında məskunlaşan məcburi köçkün Dilgüşad Həsənova deyir ki, hər bayramda gözləri yolda, qulaqları səsdə olur. Ümid edirlər ki, indi kimsə onların qapısını açacaq. Umduqları, gözlədikləri isə təkcə sovqat deyil, həm də isti münasibətdir.

«BU, ONUN MEDALLARIDIR»

Dilgüşad Həsənovanın sözlərinə görə, indiyə qədər onlara iki dəfə qurban əti paylanıb. Həyatının 17 ildən çoxunu yataqxanada keçirməsinə baxmayaraq, o, «pis günün ömrü az olar» deyib, bizə 8-ci sinifdə oxuyan güləşçi oğlu Natiqin uğurlarından danışır.

«Bax bu, onun medallarıdır, birinci, ikinci, üçüncü yerləri tutub. Dekabrın 1-də də yarışı var».

«BELƏ YERDƏ ADAM YAŞAYAR?!»

Amma istər oğlunun uğurlarından danışan Dilgüşad Həsənova, istərsə də burda məskunlaşan digər məcburi köçkünlər şəraitlərindən, dolanışıqlarından, belə həvəslə danışmırlar.

Yataqxanaların çöldən görünüşü də ürəkaçan deyil
«Başımıza su damır. Tualetə gedirsən, mətbəxə gedirsən damır. Elektrik xətti də suyun içində. Bir dəfə az qalmışdı cərəyan bir uşağı vursun. Su tökülür, lampa partlayır. Belə yerdə adam yaşayar?! Özünüz görürsünüz, mən nə deyim?».

Füzulidən olan məcburi köçkün Gülzar Novruzova yaşadıqları yataqxananın hansı vəziyyətdə olmasını belə təsvir edir.

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların çöldən görünüşü də ürəkaçan deyil. Kanalizasiya və su boruları ilə əhatə olunmuş bina kənardan hörümçək toruna bürünmüş kimi görünür.

«QADIN NƏ QƏDƏR İŞLƏYİB KİŞİNİ SAXLAYAR?!»

Həmsöhbətimin dediyinə görə, yaşadıqları 17 il ərzində yataqxanada bir dəfə təmir aparılıb. Sonra problemlərlə bağlı hara müraciət ediblərsə, baxan olmayıb:

«24 ailənin bir tualeti, bir hamamı var, beş-altı nəfər bir otaqda yaşayır, ona görə də uşaqlarımızın hamısı xəstədir».

Bu arada söhbətimizə əlində çörək evə günorta yeməyinə gələn keçmiş hərbçi Vidadi Niftəliyev də müdaxilə edir, işsizliyin məcburi köçkünlər üçün ciddi problem olduğunu bildirir:

Vidadi Niftəliyev
- Bu millət nə qədər çörəkpulu ilə dolanar axı? Mən bir dəfə də dedim pis baxdılar, çörəkpulunu verməsinlər, torpaqları versinlər camaat getsin torpağında işləsin. Kişilər oturub evdə, arvadlar gedib işləyir. Qadın nə qədər işləyib kişini saxlayar?! Kişilərin əksəriyyəti ürək xəstəliyindən ölür.

- İndi siz işdən gəlirsiz deyəsən?

- Yox, aşağıda domino oynayırdıq.

«HEÇ OLMASA ÖVLADLARIMIZ TORPAQLARIN ÜZÜNÜ GÖRSÜN»

Zəngilan rayonundan məcburi köçkün Sürayyə Abbasova deyir ki, onlar yataqxanada məskunlaşanda böyük oğlunun iki yaş var idi. İndi o, hərbi xidməti başa vurub. Ana kimi ürəyindən böyük oğlunu evləndirmək keçir. Ancaq onu bir sual rahat buraxmır, gəlini hara gətirəcəklər, gənc ailə harda qalacaq? Sürayyə Abbasova bu suala hələ cavab tapa bilməsə də ümidini tam itirməyib:

«Zəngilan deyə-deyə ümidlə yaşayırıq. Görək axırı harda dayanır. Deyirlər torpaqları alacağıq, inşallah torpaqlarımız alınsın, biz pis-yaxşı yaşamışıq. İstəyirik ki, heç olmasa bizim övladlarımız o torpaqların üzünü
17 il ərzində yataqxanada bir dəfə təmir aparılıb
görsün».

YENİ BİNALARA, AMMA GƏLƏN İL

Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, yataqxanalarda məskunlaşan köçkünlərin yeni tikilən binalara köçürülməsi məsələsi gündəlikdə olduğundan hələ ki, sözügüdən yataqxanalarda hər hansı təmir işlərinin aparılması gözlənilmir. Komitənin mətbuat xidmətindən AzadlıqRadiosuna onu da deyiblər ki, məcburi köçkünlərin yataqxanalardan köçürülməsi bu il baş tutmayacaq. Məsələ gələn ilə qalıb.

MİRİŞGİLİ AXTARIRSAN?


Yataqxanadan çıxanda balaca Elşəni sorğu-suala tutdum:

- Neçə yaşın var?

- Üç.

- Sən hansı rayondansan?

Elşən
- Bakıdan...

- Hansı otaqda yaşayırsız?

- Burda...

Növbəti sualı o mənə verir:

- Mirişgili axtarırsan?

- Yox, mən səni axtarıram...

- Bəs məni qoyub hara getdin?...
XS
SM
MD
LG