Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:05

«Sarkisyanın bəyanatı Rusiyanın divara dirənməsidir»


Fikrət Sadıqov
Fikrət Sadıqov
PARADOKSAL VƏZİYYƏT

“Hələlik Azərbaycan üçün müsbət, pozitiv irəliləyiş müşahidə olunmur”. AzadlıqRadiosunun “İşdən sonra” proqramında politoloq Fikrət Sadıqov son vaxtlar regionda baş verən prosesləri şərh edərkən belə deyib. Onun sözlərinə görə, Ermənistanın addımları regionda paradoksal vəziyyət yaradıb:

“Ermənistan bir tərəfdən, işğal olunmuş torpaqlarda hərbi təlimlər keçirir, digər tərəfdənsə Azərbaycana qarşı əlavə sərt bəyanatlarla çıxış edir. Belə çıxır ki, Ermənistan Azərbaycanın digər torpaqlarına da iddialıdır”.

BEYNƏLXALQ ALƏMƏ MESAJ


Digər politoloq, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Ermənistan prezidenti Serj Sarkisyanın hədələri nəinki Azərbaycana, eyni zamanda beynəlxalq aləmə mesajdır:

“Sarkisyan həmin bəyanatla Rusiyanın Medvedev-Putin hakimiyyətinə, erməni müxalifətinə, Azərbaycana, həmçinin beynəlxalq müşahidəçilərə yetərli bir mesaj verdi. Yəni, demək istədi ki, hakimiyyətə gəlmək üçün insanları küçələrdə güllələtdirmişəm, geriyə yolum yoxdur, mənim sabah Haaqa Məhkəməsində durmaq fikrim yoxdur, gedirəmsə bu yolu axıracan gedəcəyəm. Bəyanatın mahiyyəti bundan ibarətdir”.

RUSİYANIN DİKTƏSİ

Ərəstun Oruclu
Ərəstun Oruclu S.Sarkisyanın bəyanatını Rusiyanın adı ilə bağlayır:

“Bu, artıq Rusiyanın divara dirənməsidir ki, Cənubi Qafqazdakı münaqişələri həll eləmək lazımdır. Rusiya bunu istəmir. Biz bunu birmənalı şəkildə qəbul eləməliyik. Serj Sarkisyan hansı gücün sahibidir ki, özbaşına belə bir addım atsın? Bu, ancaq Rusiyanın diktəsi ilə olan bir şeydir”.

Fikrət Sadıqov da deyir ki, Rusiya prezidenti Dmitri Medvedevin Bakı səfərindən öncə Sarkisyanın tez-tələsik Moskvaya səfər etməsi Ermənistanın pis vəziyyətdə olmasına işarədir. Politoloq Rusiya prezidentinin, eləcə də bütün Xəzəryanı dövlət başçılarının Bakı səfərini “önəmli görüş” adlandırır.

AZƏRBAYCANA HƏDƏ

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam rayonunda keçirdiyi hərbi təlimlərdə iştirak edən prezidenti Serj Sarkisyan deyib ki, bu, Azərbaycana xəbərdarlıq olmalıdır:

“Əgər birdən ehtiyac olsa, biz təkcə 1992-1994-cü illərdə baş verənləri təkrarlamaqla qalmayıb, məsələni birdəfəlik bağlayarıq”.

Sarkisyan bəyan edib ki, hərbi təlimlər sərhədin o tayında səslənən hədələrə cavabdır və iştirakçıları əmin edib ki, sərhədlərin toxunulmaz qalması və erməni əsgərlərinin həyatına təhlükə olmaması üçün bütün tədbirlər görüləcək:

“Çünki fitnəkarlıqlar, atışmalar davam edir, insanlar ölür və Azərbaycanın bu cür davranışı cavabsız qala bilməz”.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun isə bu bəyanata münasibəti belə olub:

“Prezident Serj Sarkisyan Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən adı təlimləri irimiqyaslı hərbi təlim kimi qələmə verməklə daxili auditoriyanın diqqətini ordudakı qarşıdurmadan və ölkədəki sosial vəziyyətin ağırlığından yayındırmaq istəyir”.

XS
SM
MD
LG