Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:02

Ayxan Eyvaz "Taqqıltı" (Hekayə)


—Ə, dünən gördüz televizorda nə verirdilər? - Bəxtiyar yenə də sual verdi.

O, bayaqdan içəridə sükut yaranan kimi bu cür sözlər tullayıb aranı qızışdırırdı.

Bərbərxanada bu gün adam az idi. Şeşəbığlı bərbər əlində qayçı fırlanan kresloda oturan kəlçəbaş bir kişinin saçını qırxırdı.

Bir uşaq da küncdəki skamyada mısıb oturmuşu. O tərəfdə stulda əyləşən papaqlı Bəxtiyar elə hey bir əldən üyüdürdü.

—Hə, onu deyirəm də. — Onun yenə ağzı gapa qızışdı.

—Danış da rəhmətliyin oğlu, nə var idi ki, o televizorda? — Görünür bərbərin səbri tükənmişdi. Arada şeşə bığlarını sığallayıb, qayçını işlədə-işlədə saçları kəsib tökürdü. Kəlçəbaşın da dünya vecinə deyildi.

Eləcə oturub güzgüdə öz əksinə baxırdı. Aynanın yuxarısında üzərində Məkkənin təsviri olan iri şəkil yapışdırılmışdı.

—Bir səbrli ol da. Hə, televizorda axşam verirdilər. “Xəzər”də. Bir çolpa qızı iki polis arasına alıb it balası kimi döyürdü. — Bəxtiyar şaqqanaq çəkib güldü, guya burda nəsə məzəli bir şey varmış.

— Ə, mən də deyirəm bu nə deyir. Ə, onu mən də gördüm də. —Bərbər təzədən qayçıya əl atdı.

—Sən gördün onu?—Bəxtiyar uşağa sarı baxdı.

—Yox, görmədim. Nə idi ki? — Uşaq guya təəccüblənmiş adam kimi soruşdu.

Bəxtiyara da elə bu lazım idi. Başladı çənəsini işlətməyə:

—Ala, polislər qızı alıblar araya, döşə ki, döşəyəsən. Hə. . . Hələ polislərdən biri vardı, pəzəvəngin biri idi. Qıza bir yumruq ilişdirdi ki, gəl görəsən. O saat qız çırpıldı divara.

—Bəxtiyar əmi, deyirsən polislər döyüb? Niyə ki?—Nə isə əhvalat uşağa maraqlı göründü. Nə vaxtdı, belə duzlu söhbətlər eşitmirdi.

—Qız mağazadan, — Bəxtiyar gözünü qıydı — bir şey oğurlamışdı, deyəsən. Hə, elə idi Müşfiq? — Bəxtiyar bərbərdən soruşdu.

Müşfiq əmi ağır-ağır çönüb Bəxtiyara baxdı. Fırlanan kresloda oturan oğlan da bu dəfə maraqlanıb söhbət edənlərə sarı çevrildi. Bərbər şeşə bığlarının altından gülümsünürdü.

—Ə, burax da bu boş söhbətləri. — Müşfiq əmi bunu deyib susdu və bir-iki saniyə Bəxtiyara baxdı. Kəlçəbaş da kreslosunu güzgüyə tərəf çevirdi. Güzgüdə görünən yumru sifəti gülürdü.

—Nəyi boş söhbətdi? — Bəxtiyar əlinin birinin havaya qaldırdı. Bərbərdən cavab gəlməyəndə sözünün arxasını davam elətdirdi.

—Deməli, hadisə belə oldu da. Qız girdi mağazaya. Amerikadakı bir mağaza idi. Bir-iki dəqiqədən sonra çıxdı. Əlində nə isə vardı. Hə, qız polisləri görən kimi yüyürməyə başladı. Yüyür ki, yüyürəsən. — Bəxtiyar hadisəni o qədər sürətlə deyirdi ki, uşağın üzündən bilinirdi ki, o bu ağzıyırtığın danışdığını yola verir, o danışdıqca eləcə başını sallayıb, arada bir “necə-necə?” deməklə də əhvalatdan ləzzət aldığını hiss etdirmək istəyir.

—Axırda bir yerdə nəfəsi tıxandı. — Bəxtiyar söhbətinə davam elədi--İki zırpı polis gəldi ki, gərək o yeri göreydin. Başladı biri qızın başına dubinkayla döşərrəməyə. Yazıq qız da cansızın biriydi. O dəqiqə huşu getdi. Yıxıldı yerə. Apardılar onu türməyə saldılar. Qız polislər onu kameraya atanda ayıldı. Tapışkalarını o birisi polisə tulladı. Pay attonnan! Kişinin oğlu necə hirsləndi ə. . . Yenə başladı qızı tapaşdamağa. Axırda elə bir yumruq ilişdirdi ki, qız gedib divara çırpıldı. Ə, Müşfiq gör orda, Amerikada qızı polis belə döyürsə, gör oğlanı necə döyər. Eşşək sudan gələnə kimi. . — Qımışdı. Heç kimin gülmədiyini görüb bir müddət susdu.

Bərbər saçqırxanı dızıltdadırdı. Səsi otağı doldurmuşdu. Divarın yuxarısındakı yerdə televizor qoyulmuşdu. Amma bərbər televizoru yandırmamışdı.

Uşağın gözü isə elə divarın yuxarısında idi. Deyəsən, o bir az televizora baxmaq istəyirdi, amma nədənsə bunu bərbərə deyə bilmirdi.

Otağa dərin bir sükut çökdü. Düz beş dəqiqə bərbərin əlindəki saçqırxanın vızıltısı,

Bəxtiyarın arada bir əsnəməsi, bir də bayırda yoldan şütüyüb keçən maşınların uğultusundan başqa heç bir səs, kimsənin danışığı eşidilmədi.

Bəxtiyar səhərdən bəri davam edən bu sıxıcı sükutu pozdu:

—Ə, — deyib uşağa sarı baxdı — bu gecə eşitdiz o nə taqqıltı idi? — Uşaq bunu eşidib fikirə getdi. Yəqin ki, dünən belə bir səs eşidib-eşitmədiyini öz aləmində araşdırırdı. Ancaq deyəsən yadına heç nə düşmədi. Balaca əllərini çənəsinin altına alıb bir müddət Bəxtiyarı süzdü.

—Yox. . . — dedi.

Bəxtiyar elə bil bu sözü eşitmədi. Oturduğu yerdən bir az qabağa gəlib:

—Ə, doğurdan eşitmədin? — dedi.

—Hə, eşitmədim. Nə taqqıltı idi ki? — Uşaq maraqlandı.

Bərbər deyəsən işini qurtarmışdı. İndi baş gicəllədən dızıltı səsi belə eşidilmirdi.

Nəhayət kəlçəbaş fırlanan kreslodan durub Müşfiq əmiyə:

—Borcum nə qədərdi? — dedi. Onun səsi qırıq-qırıq gəlirdi. Bərbər “üç manat” deyəndə kəlçəbaş dərhal əlini cibinə saldı. Topa bir beş manatlıq çıxartdı.

—Ala, üç manatı çıx. — Kəlçəbaş deyəsən harasa tələsirdi.

Müşfiq əmi dümağ xələtinin cibinə əlini salıb manatlıqlar çıxardı. Kəlçəbaşa xırdanı qaytarıb üzünü Bəxtiyara tutdu:

—Ə, sən bəyax nə deyirdin? Taqqıltı-zad, nə məsələdi ki? — dedi.

Deyəsən kəlçəbaşa da əhvalat maraqlı gəldi. Oturub bir siqaret yandırdı. Müşfiq əmi də ondan bir siqaret alıb damağına qoydu. Az sonra otağa tütün iyi yayıldı.

—Ə, saat — Bəxtiyar sözünə davam elədi. — 3-ə qədər yuxarıdan taq-taq, taq, taq, lap bezdirdilər e. . . Arvad-uşaq, bir söznən, heç birimiz yata bilmədik. Səhər işə əsnəyə-əsnəyə getdim.

—Elə indi də əsnəyirsən. — Bərbər Bəxtiyarın sözünü kəsdi. Sonra bığlarını sığallayıb siqaretin tüstüsünü içinə çəkdi. Tüstünü burnundan, ağzından çölə buraxdı.

Kəlçəbaş isə elə bayaqdan əlində siqareti tutmuşdu. Bir dəfə də qullab götürmürdü. Elə bil kimdənsə utanırdı. Onun bu vəziyyəti atalarından gizdimdə siqaret çəkən yeniyetmələrə bənzəyirdi.

Axır ki, o siqaretdən sinə dolusu bir qullab alıb havaya buraxdı.

—Qardaş, kim idi ki, taqqıltını salan? — Kəlçəbaş tüstünü buraxan kimi dedi.

—Ə, nə bilim xəstənin biri. — Bəxtiyar əsəbi adamlar kimi cavab verdi.

—Bəxtiyar, bəlkə taqqıltının səbəbi başqa şey idi? — Bərbər bic-bic gülümsündü.

—Nə səbəb?—Bəxtiyar soruşdu.

—Ə, deyirəm bəlkə qonşunuz qız-zad gətiribmiş. Uşaq da burdadı, məni bağışlasın.

—Nə danışırsan ə? Heç elə şey olar? Elə olsa mən bilərdim də. Tay gözümü döyüb baxmazdım ki?

—Ə, sən lomun birisən.

—Nağayrım ə?

—Çıxardın yuxarı. Deyərdin, qardaş, burda belə əxlaqsız şey eləməzlər. Arvad-uşaq var — Bərbər yenə qımışdı. Görünür o Bəxtiyarı ələ salmağa çalışırdı. Ancaq Bəxtiyar hələ bunun fərqində deyildi.

—Ə, gecə vaxtı durasan yerindən, paltarını geyinəsən. . . Uzun söhbətdi.

—Ə, bu kişi neçə saat o işlə məşğul oldu ki? —Bəbərin bu sözündən sonra içərini gülüş doldurdu. Bayaqdan söhbətin nədən getdiyini anlamağa çalışan uşaq da şaqqanaq çəkib güldü.

Bərbər siqaretdən bir qullab da alıb:

—Ə, zarafat bir yana qalsın, bunlar lap ağını çıxardıblar a. . . Bütün günü adamın baş-beynini aparırlar. Biri drellə divar sökür, biri çəkicnən nə isə düzəldir, biri də ki. . . uşaq var demək olmur. Lap tərbiyəsizlikdi.

Bir müddət sükut çökdü. Heç kim danışmadı. Eləcə bir-birlərinin üzünə baxdılar. Bərbərlə, kəlçəbaş sonuncu dəfə siqaretdən qullab aldılar. Kötüyün yanan hissəsini külqabıya basdılar.

Kəlçəbaş keçib öz yerində oturdu. Bərbər isə Bəxtiyara:

—Gəl, keç sənin də saçını qırxım, qurtarsın. — deyib fırlanan kreslonu ona sarı çevirdi. Bəxtiyar elə təzəcə ayağa qalxmışdı ki, nə isə bir taqqıltı səsi gəldi. Səs getdikcə artmağa başladı.

Bərbər:

—Bu nədi, Bəxtiyar, bəlkə bu kişi yenə o işinə başdıyıb? — deyib güldü.

—Ə, günorta vaxtı da elə şey olar?

—Ə, nöş olmur? Kayfına düşüb eliyir də.

Taqqıltının arası kəsilmirdi. Düz iki dəqiqə davam elədi.

Bir azdan içəri bir arvad girdi. Gözəl, cazibədar bir qadın idi. Onun şux bədəni, dalğalı saçları, pamadalı dodaqları, iri döşləri, mütənasib bədəni içəridəkilərin marağına səbəb oldu. Bir anda bərbər, kəlçəbaş, Bəxtiyar, hətta uşaq belə qadının açıq qalmış budlarına baxdılar.

—Burda aptek hardadı? — Qadın əvvəl bərbərə, sonra isə Bəxtiyara baxıb gülümsündü. Belə daha gözəl görünürdü. Onun məlahətli, bir az da cazibəli səsi var idi.

Bərbər əli ilə aptekin yerini göstərdi, qadın çıxıb gedəndən sonra da üzünü Bəxtiyara tutub:

—Görəsən, — dedi — o aptekdən nə alacaqdı? Əla şey idi a, öz aramız.

—Hə, zor şey idi — Kəlçəbaş təsdiqlədi.

—Onnara oxşuyurdu, — Bərbər uşağa sarı baxdı sakitcə sözünə davam elədi — deyəsən pozğun idi.

—Ə, şəhərdə bundan min dənədi — Kəlçəbaş dilləndi.

Uşaq kreslodan ayağa qalxıb:

--Sağ olun, Müşfiq əmi. Mən gedirəm. —dedi və qapıdan çıxdı.

O qapını bağlayanda içəridən bu sözü eşitdi.

—Deyəsən taqqıltının səbəbi məlum oldu. Gör e. . . Belə oğraşdar, gətirirlər bu cür zor şeyləri, sonra da hamının içində başdıyırlar onların dalınca döşərrəməyə.

Uşaq tələsik ordan uzaqlaşdı. Evə gələndə anası ona bircə şey dedi:

—Get, gör bu yuxarı mərtəbəyə o taqqıltı nədi elə. Hansı zırramadı günün günorta vaxtı caamatı bezdirib.

Uşaq bir az fikrə getdi. İstədi anasına bərbərin danışdıqlarını desin, amma nədənsə dili tutuldu. Bir baş yuxarı qalxdı. Pillələri qalxa-qalxa düşünürdü ki, görəsən o Bəxtiyarın danışdığı kişi ilə bayaqkı qadını orda görə biləcəkmi? Doğurdan da bərbərin dedikləri düzdürmü?

Axırı ki, anası dediyi mərtəbəyə çatdı. Öz evlərinin yuxarısındakı qapını döydü. Bir az gözlədi. Birdən qapını bayaqkı qadın açdı. Oğlan gözlərinə inanmadı. Bir müddət susdu. Sadəcə qadının üzünə baxdı. Cazibədar qadın isə uşağa dedi:“Nə istəyirsən?”

Uşaq isə qadının gözəlliyinə baxmaqdan, bərbərin danışdıqlarını yadına salmaqdan buraya niyə gəldiyini unutmuşdu.

Nəhayət, səsi çıxdı. Kəkəlləyə-kəkəlləyə:

—A-a-an-am dey-ir ki, taqqıltı nədi belə?

Qadın sakitcə cavab verdi:

—Heç ustalardı. —Sonra gülümsündü. — O indi qadının geyindiyi yuxa köynəyin altındakı iri döşlərini gördü.

Uşaq heç nə demədən aşağı düşməyə başladı. Ancaq arxadan bir kişinin səsini eşitdi:

—Gəl də başdıyaq — Sonra qapı bağlandı.

Uşaq evə çatanda taqqıltı yenə başladı. Anasının deyintisi, televizorun səsi, bir də taqqıltı — hamısı bir-birinə qarışmışdı. Uşaq isə hələ də bu səs-küyün içərisində bir şeyi fikirləşirdi: görən bu taqqıltı nədi?

2009
XS
SM
MD
LG