Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:17

Elmar Vüqarlı. Od gəlini















Toz-torpaqlı, qara donun da,
çiyinlərinə düşmüş
qara baş örpəyin də
sanki yas saxlayır bu həyata.
Bu gənc yaşında solğunlaşmış,
kirli saçların qəm qoxuyur.
Kimsə baxmır yazıqlıqla köklənən,
üzündəki dil açan təbəssümə.

Bağrına basdığı körpənin
öksürək səsindən titrəyən
Ana Qəlbi!
Ürəyində ümidlərin,
yadlara açılmış əllərində arzuların əriyir
aram-aram,
için-için....

Üşüyən əllərini ovuşdurub
üzünə çəkirsən qayğı kimi,
bu səni isitməz,
Odlar ölkəsinin bəxtsiz Od gəlini!
Çünki səni hər şey sıxır -
səni bu halınla qısqanan
başqa dilənçilər də sıxır,
səni əli dəyənəkli polislər də sıxır,
səni içindəki bu həyata üsyan da sıxır,
səni yer də sıxır,
göy də sıxır,
Odlar ölkəsinin bəxtsiz Od gəlini!

Yollar uzun...
Sən isə tükənmiş taqətinlə
yol gedirsən,
ama yenilmirsən.
Bu güc sənin deyil!
Bu güc soyuqdan qorumaq üçün,
ağrını ovutmaq üçün
göz yaşlarınla bağrına basdığın
körpənindir!

Bu güc sənin deyil!
Allahındır,
Vətənindir!
Bilirəm, Od gəlini,
xəyallarınla da yola getmir
düşüncəndə acı həqiqət,
tabe etmiş varlığını
taleyinə olan nifrət,
uzaqlardan...
qulağına səs də gələr:
Ədalət! Ədalət!! Ədalət!!!

Bunları çox eşitmisən,
artıq özünü dərk etmisən,
Od gəlini.
İndi sənin bir dünyan var,
Adı da ki, səfalət!
Bunu sən istəməsən də deyəcəklər
yenə qismət, yenə qismət, yenə qismət!
Eşdirsənmi nə söyləyir
səni sarmış vəziyyət:
“Belə imiş alnına yazılmış yazı,
Ulu Neft Ölkəsinin karaliçası!”
XS
SM
MD
LG