Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:01

Azərbaycan bankları niyə əmanət faizlərini salıb?!


«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb»
«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb»
Bir neçə müddətdir ki, bank reklamlarında gözqamaşdıran yüksək faizli depozit təkliflərinə rast gəlinmir. Bakıda yerləşən banklardan birinin daimi müştərisi olan Mehri Məmmədova da deyir ki, bu yaxınlarda illik 18 faizə qoyduğu əmanətin müqaviləsini uzadanda bu dəfə bu məbləği 12 faizlə depozitə götürüblər:

«Ötən dəfə bir il ərzində götürməmək şərtilə 18 faizlə idi, bu dəfə il müddəti başa çatanda eyni məbləği 12 faizlə götürdülər. Xeyli aşağı düşüb, itkim çox oldu».

Mehri Məmmədova şikayətlənir ki, depozit faizi azaldılır, amma kredit faizi bəzi banklarda olduğu kimi qalıb, çox azında bir-iki faiz endirilib:

«Elə bilirəm ki, depozitlə kredit faizi arasındakı fərq çox olmamalıdır. Amma Azərbaycanda depozitin faizinin yüksək və aşağı olmasından asılı olmayaraq, kredit faizləri çox yüksəkdir».

«SIĞORTAYA GÖRƏ FAİZİ AŞAĞI SALMIŞIQ»

Bakıda fəaliyyət göstərən banklardan birində də depozitlərin faiz dərəcəsinin aşağı salınmasını təsdiqlədilər. Biz özümüzü müştəri kimi təqdim edib şərtləri öyrəndik. Dedilər ki, əgər vəsaiti illik qoyuruqsa, 12 faiz hesablanır:

«Əvvəl bir az yüksək idi, indi faiz bir az düşüb».

Amma kredit faizlərində xüsusi bir dəyişiklik yoxdur. Məsələn, avtomobil üçün istehlak krediti müxtəlif banklarda illik 20-30 faiz arasında dəyişir.

«İqtisadiyyatın inkişaf etməsi üçün ucuz pullara ehtiyac var, bahalı pullara yox»
Bəzi banklarda isə illik depozit təklifi 11 və ya 10 faizə endirilib.

Adının çəkilməsini istəməyən bir bank əməkdaşı isə AzadılqRadiosuna bildirdi ki, Əmanətlərin Sığortalanması Dövlət Fondu onları məcbur edib ki, depozit faizlərini aşağı çalsınlar, əks təqdirdə, yüksək faizlə depozitə qəbul edilmiş gəlir sığortalanmayacaq. Banklar da məcbur qalıb depozit faizini aşağı salıblar.

«KREDİTLƏRİN DƏ FAİZİ DÜŞƏCƏK»


«Hazırda Azərbaycanda 12 faizdən yuxarı depozit təklifi etmək risklidir». Bunu isə Əmanətlərin Sığortalanması Dövlət Fondunun direktoru Azad Cavadov deyir. Onlar bu qənatə ötən iyun ayında apardıqları bazar təhlilləri əsasında gəliblər:

«Bizim təhlillər göstərir ki, bankların 80 faizi 12 faizə qədər depozit verirlər. Bizim hazırkı təhlillərimiz göstərir ki, yüksək faiz altında verilməsi risk deməkdir. 15 faizlə əmanət cəlb etməyə ehtiyac yoxdur. Əmanəti nə qədər yüksək faizlə götürürsə, bir o qədər də yüksək faizlə kredit verir».

Azad Cavadov kredit bazarında qiymətlərin hələ də kəskin düşməməsini onunla izah edir ki, faizlərin aşağı salınmasına az müddətdir başlanıb və yaxınlarda maya dəyərinin aşağı salınmasının kreditlərə təsir edəcəyini gözləmək olar:

«Məqsəd də odur ki, kreditlərin faizi aşağı düşsün. İqtisadiyyatın inkişaf etməsi üçün ucuz pullara ehtiyac var, bahalı pullara yox».

Samir Əliyev
Banklar kredit faizini aşağı salmadığı təqdirdə, fondun onlara təsir rıçaqları varmı? Azad Cavadov deyir ki, bazar özü bunu tənzimləyir və rəqabət şəraitində də bunun təzahürü olacaq.

«KREDİT FAİZİ İKİ DƏFƏ AZALMALIDIR»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də hesab edir ki, Azərbaycanda depozit və kredit faizləri inkişaf etimiş ölkələrlə müqayisədə çox yüksəkdir. Onun sözlərinə görə, gec-tez əmanətlər üçün təklif edilən faizlərin aşağı salınacağı gözlənən idi, çünki bu, real bazara uyğun təkliflər deyildi.

Məsələn, Türkiyədə depozit faizi təxminən 9, kredit faizi isə təxminən 15 olur.

Samir Əliyevin fikrincə, kredit faizlərinin aşağı salınması davam etməlidir, amma bunu təkcə əmanətçilərin hesabına etmək düzgün deyil. O hesab edir ki, depozitlərin faizinin salınmasından əvvəl kredit faizlərini aşağı salmaq və depozitlə kredit faizi arasında balans yaratmaq lazımdır:

«Bankların təklif etdiyi kredit faizləri iki dəfə azaldılmalıdır, ən çoxu 15 faiz olmalıdır».

«Bankların kapitalı az olduğundan onlar kreditlərə yüksək faiz tətbiq edirlər» deyən müsahibimiz əlavə edir ki, buna görə də Azərbaycanda bankların sayı ən azı iki dəfə azaldılmalıdır.

İndi Azərbaycanda 40-dan çox bank var.
XS
SM
MD
LG