Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:03

«Rusdillilər artıq funksional deyillər»


Əli Əkbər
Əli Əkbər
“Rusdillilər artıq funksional deyillər”. Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında yazıçı Əli Əkbər deyib. Onun sözlərinə görə, zaman rusdillilərin çiyninə çox vacib missiya yükləsə də, onlar bu missiyadan yayınırlar:

RUSDİLLİLƏR MİSSİYADAN YAYINIRLAR

“Mənə görə rusdillilərin gördüyü heç bir iş, təmsil olunduqları heç bir sahə funksional deyil. Problem bundan irəli gəlir. Nə vaxtsa rusdilli qəzetlərin on minlərlə tirajı var idi. Mən rusdillilər əleyhinə görünürəm, amma mən onların bugünki durumda olmasını istəmirəm. Mən onların məsuliyyətli olmasını istəyirəm. Düşünürəm ki, zaman onların çiyninə çox vacib missiya yükləyib, amma onlar bu missiyadan yayınırlar”.

Filosof Rəhman Bədəlov isə deyir ki, vaxtilə rusdillilər Azərbaycanda böyük intellektual qüvvə hesab olunurdular, artıq bu qüvvə tükənmək üzrədir:

VXTİLƏ RUSDİLLİLƏR BAKIDA BÖYÜK BİR İNTELLEKTUAL QÜVVƏ İDİ

Rəhman Bədəlov
“Kimsə Azərbaycanda yaşayır, etnik türkdürsə və Azərbaycan dilini bilmirsə, bu, onun öz seçimidir. Başqa məsələ dövlətdə müəyyən çərçivə ola bilər ki, məsələn, məcbur olacaq ki, vəzifəyə getməsin. Müəyyən məhdudiyyətlə qarşılaşacaq. Bu məhdudiyyəti qəbul edirsə, bu, onun öz seçimidir və mən bunda problem görmmürəm. Başqa məsələ ki, doğurdan da rusdillilər Azərbaycanda, Bakıda böyük bir intellektual qüvvə idi. Yavaş-yavaş onlar köçürlər. O intellektual qüvvə yoxdur rusdillilərdə”.

Yazıçı-publisist Elnur Astanbəyli isə hesab edir ki, hazırda rusdillilər dildən modabazlıq kimi istifadə edənlərdir. Onun sözlərinə görə, rus dilinə meyl mədəni, sosial, ictimai-siyasi təlabatdan irəli gəlmir.

Elnur Astanbəyli deyir ki, indiki rusdillilər reallıqla toqquşmurlar:

BU ADAMLARIN İCTİMAİ MÖVQELƏRI BİR NEÇƏ BƏSİT ŞEYİN ÜZƏRİNDƏDİR

Elnur Astanbəyli
“Bu, dilə qarşı olan bir münasibət deyil. Bu, konkret hadisəyə olan münasibətdir. Burda bir məqam var. Onların çox yaxşı danışıq qabiliyyətləri var, komfort həyat yaşayırlar, xarici ölkələrə səyahətə çıxırlar, televiziyadan düşmürlər, qəzetlər üzlərinə açıqdır, hara getsələr camaat ayağa durur. Bu adamların ictimai mövqeləri bir neçə bəsit şeyin üzərindədir. Məsələn, Borçalı azərbaycanlılarının hüquqlarının qorunması, Təbriz dərdi, Dəmirqapı Dərbənd, Urmiya gölünün quruması məsələsi rusdillilərə də aiddir. Amma onlar həyatla, reallıqla toqquşmurlar. Onlar özləri üçün sahə yaradıblar. Hərəsi bir yeri alıblar hasara, o işlə məşğuldurlar”.

XS
SM
MD
LG