Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:47

Yeni ildən Bakıda taksiyə minənləri hansı sürprizlər gözləyir?


Məzahir Rüstəmov və Eyyub Hüseynov
«Bütün dünyada məşhur olan «sarı taksi» anlayışı var, o cümlədən qonşu Rusiyada. Hamı bilir ki, sarı taksidə işləyən sürücülər xüsusi kurslar keçir, şəhərin xəritəsini mükəmməl bilir və yaxşı xidmət göstərirlər».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Bənövşəyi taksilər Bakını hansı rəngə boyayacaq?» mövzusunda təşkil etdiyi müzakirəyə qoşulan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov söylədi.

TƏK BƏNÖVŞƏYİ OLSAYDI...

Bakıda xidmət göstərməsi nəzərdə tutulan bənövşəyi taksiləri bəyənmədiyini deyən Eyyub Hüseynov «əgər tək bənövşəyi olsaydı, o biri rənglər fona qarışmasaydı, bəlkə də bir ad vermək olardı. Amma qatmaqarışıqlıq istehlakçılar üçün əhəmiyyətli məsələ deyil».

Eyyub Hüseynov London taksilərinin Bakı üçün yararsız ola biləcəyini də iddia etdi: «Çox aşağıdırlar. Adamlar üzbəüz otururlar. Əgər gətirilən taksilər mənim Londonda gördüyüm maşınlardandırsa, istehlakçının tələbatını ödəməyəcək».

ŞƏHƏRDƏ TAKSİ PROBLEMİ YAŞANMIR

Nəqliyyatçı Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov şəhərdə taksi probleminin yaşanmadığına diqqət çəkdi: «Əgər yaşanırsa, bu Nəqliyyat Nazirliyinin günahıdır. Düzdür, bu sahədə leqal və qeyri-leqal işləyənlər var. Nə qədər müfəttişlər cəlb etsələr də, vergi, ödəniş, fərqlənmə nişanları, lisenziyalaşdırma məsələlərində nazirlik işin öhdəsindən gələ bilmir».

ŞƏHƏRDƏ 14-15 MİN TAKSİ VAR?

Məzahir Rüstəmov Bakıda 14-15 min taksi xidməti göstərən avtomobilin olduğunu söylədi: «Bu da özünü doğrultmur. Çünki bölüşdürülmə düzgün aparılmır. Taksilərin rənglərinin dəyişdirilməsinə, yeni taksilərin gətirilməsinə tələb varmı? Təhlükəsizlik baxımından Nəqliyyat Nazirliyinin müfəttişlərinin sürücüyə yaratdığı problem sərnişin-sürücü arasındakı problemdən daha çoxdur».

Məzahir Rüstəmov bu fikirdədir ki, gətiriləcək taksilərin sürücülərinə minimum əməkhaqqı məbləğində maaş veriləcəksə, avtobuslar kimi plan qoyulacaqsa, hər yerdə sərnişin ovuna çıxılacaqsa, həmin sürücünün etikasında və mədəniyyətində dəyişiklik olmayacaq.

TAKSİ İLƏ YOL GƏRƏK TƏN GƏLƏ...

Namiq Həsənov
Verilişə qatılan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov taksilərin Bakı yolları üçün yararsız olacağı fikri ilə razılaşmadı: «İngiltərədə 1949-cu ildən TX-4 modelində taksilər buraxılır. İndiyədək bu maşınların sayı 6 milyona yaxınlaşıb. Avropa standartından danışırıqsa, bir ingilisə yarayan niyə bizə yaramasın? Qaldı Bakının yollarına, onun 1501 km-nə Nəqliyyat Nazirliyi baxır. Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət etdiyi yollara biz cavabdeh deyilik. Nəqliyyat Nazirliyi harada işləyir, orada yollar yaxşıdır».

QİYMƏTLƏRİ TAKSOMETR TƏNZİMLƏYƏCƏK

Namiq Həsənov taksilər gətiriləndən sonra qiymətlərin açıqlanacağını bildirdi: «Məsafədən asılı olaraq və tıxaclara görə. Yəqin ki, vaxt məsələsi yox, kilometraj məsələsi seçiləcək. Bu, özəl şirkətin öz seçimi olacaq. Qiymətlər Azərbaycan bazarına uyğun tənzimlənəcək. Nə müəyyənləşsə, taksometrlə olacaq».

SÜRÜCÜLƏR ON-LİNE REJİMDƏ İZLƏNƏCƏK


Namiq Həsənov üçnövbəli iş sistemi olacağını bildirdi: «Maaş sistemi ilə işləyən sürücünü sərnişin dalınca qaçmaq maraqlandırmayacaq. Harada sərnişin əl edəcək, saxlayacaq, əks halda boş dayanacaq».

TAKSİ SÜRÜCÜSÜ MÜASİR STANDARTLARA CAVAB VERMƏLİDİR

Qabaqcadan bu barədə danışmaq istəmədiyini deyən, bu haqda danışmağın özəl şirkətlərin haqqı olduğunu bildirən Namiq Həsənov sürücülərin müasir standartlara cavab verən şəxslər olacağını diqqətə çatdırdı: «Onlar uniformada olacaqlar, az-çox ingiliscə də danışacaqlar».

AzadlıqRadiosunun «Yəni şəhərdə bu keyfiyyətlərə cavab verən 3 min sürücü tapmaq olacaqmı» sualı belə cavablandı: «Nəinki 3 min, hətta 30 min də tapmaq olar».

TAKSİLƏR ÇOX GÖZƏLDİR

Qiymətlər Azərbaycan bazarına uyğun tənzimlənəcək. Nə müəyyənləşsə, taksometrlə olacaq
Namiq Həsənov 2011-ci ilin əvvəllərində şəhərə gətiriləcək taksilərin tərtibatının çox gözəl olduğunu bildirdi: «Mən oturmuşam həmin taksilərdə. Hətta cənab prezident özü idarə edib. İçərisində əlillərin çıxıb-düşməsi üçün panduslar da var. Sürücü ilə sərnişin arasında şəffaf şüşə var, həm də əlaqə. Sürücünün yanında oturmaq olmaz. Salonda yağış üçün çətirlərdən tutmuş alkoqolsuz içkilərə qədər tapacaqsan. Burada ayaqqabı, paltar təmizləyən fırça, kağız dəsmal, sərnişinin oxuması üçün jurnal - hər şey olacaq. Hətta nağd pulu olmayanlara kartdan istifadə üçün post-terminallar quraşdırılacaq».

ƏN SON FAKTLAR AZADLIQRADİOSUNDA


Nazirliyin mətbuat sözçüsü təzəcə ona təqdim olunmuş ən son məlumatları bizim üçün açıqladı:

«Bu ilin 11 ayı ərzində bizim əməkdaşlar tərəfindən 5294 sayda sərnişindaşıma və təhlükəsizlik qaydalarının pozulması halları aşkarlanıb. Bunların 4244-ü sərnişindaşıma, 1050-si təhlükəsizliklə bağlı qayda pozuntularıdır. Sərnişindaşımaya hüquq verən müvafiq sənədlər olmadan fəaliyyət göstərən 624, qeyri-qanuni olaraq bir marşrutdan digərinə keçən 43 və təsdiq olunmuş dislokasiyanı pozan 163 sürücü marşrutdan müvəqqəti olaraq kənarlaşdırılıb. 657 halda isə sürücülük vəsiqəsi, «D» kateqoriyası və digər sənədləri olmayan avtobusun idarə edilməsi, 98 halda isə sükanın kənar şəxslərə verilməsi halları aşkarlanıb».

- Nəqliyyat Nazirliyində yükə nəzarət edən qrup varmı? Onların üstündəki saysız miqdarda boş mədaxil qəbzi və VÖEN-lər hardandır? Onlar niyə sürücüləri cərimələyirlər?
- Namiq Həsənov Eyyub Hüseynovun qaldırdığı bu məsələyə necə yanaşdı?
- Qeyri-qanuni fəaliyyət göstərən taksilər barədə nə dedi?
- Nazirliyin sözçüsü niyə «Nəqliyyatda inqilabi çevriliş etmək çətin məsələdir» söylədi?
- Məzahir Rüstəmovun 3 min taksi gətirilərsə, qiymətlərin kəlləçarxa çıxması istehlakçıların cibinə təsir edəcək – fikrində həqiqət varmı?
- Məzahir Rüstəmov «dəmir qayda»nın harada tətbiq edilməsini istədi?
- Yeni taksilər gələndə, köhnə taksilərə taksofonlar quraşdırılacaqmı? Hansı markalar dövriyyədən yığışdırılacaq?
- Və nəhayət, köhnə maşınlar bənövşəyi rəngə boyanacaqmı?

«Can Bakı»nı dinləsəniz çox suallara cavab tapa biləcəksiniz.

XS
SM
MD
LG