Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:50

«Nəcəf bəy «Azadlıq» qəzetini tam müstəqil görmək istəyirdi»


Nəcəf Nəcəfov
«Azadlıq» qəzetinin ad günündə AzadlıqRadiosunun «İşdən sonra» proqramına müsahibə verən qəzetin təsisçisi Nəcəf Nəcəfovun həyat yoldaşı Lalə Nəcəfova belə deyib. Lalə xanımın sözlərinə görə, qəzet ilk çıxdığı vaxtlarda Nəcəfin üzünə həsrət qalıb:

«O vaxtlar Nəcəfin üzünü çox görə bilmirdik. İşi çox idi qəzetin yaranması ilə bağlı. Səhər gedib, gecə gəlirdi. Gecələr də işləyirdi. Mən də maraqlanırdım. Hansı məsələlər baş verir. Çox danışa bilmirdi. Çox yaxşı bilirəm ki, ümumiyyətlə Nəcəfin «Azadlıq» qəzeti ilə münasibətini təyin edən əsas prinsip o idi ki, o qəzeti müstəqil görmək istəyirdi. Onu bir hərəkat və partiya ruporu kimi görmək istəmirdi. Baxmayaraq ki, «Azadlıq» Xalq Cəbhəsinin əvvəl hərəkat kimi, sonra partiya kimi qəzetiydi, amma Nəcəf onu tam müstəqil görmək istəyirdi».

«AZADLIQ» QƏZETİNİ HƏYATININ ƏN BÖYÜK NAİLİYYƏTİ HESAB EDİRDİ

Lalə xanım deyir ki, Nəcəf Nəcəfov «Azadlıq» qəzetini demək olar ki həyatının ən böyük nailiyyəti hesab edirdi:

«Kollektivi ilə çox fəxr edirdi Nəcəf. Onlara çox qayğı göstərirdi və çox sevirdi öz kollektivini. Ümumiyyətlə «Azadlıq»ın yaradılmasını öz həyatının böyük bir nailiyyəti kimi, ən əsas bir nailiyyəti kimi görürdü. Silahdaşları Qənimət bəy, İsrail bəy onunla işləyirdilər».

Lalə Nəcəfova deyir ki, Nəcəf bəy «Azadlıq» qəzetinin o dövr üçün unikal bir qəzet olması ilə fəxr edirdi:

«O zaman «Azadlıq»dan başqa belə bir qəzet yox idi. Unikal bir qəzet idi. Adamlar, oxucular orada partiya mövqeyindən, Sovet mövqeyindən fərqli bir mövqe tapa bilirdilər. Ona görə ilk illər «Azadlıq» hamı üçün bir informasiya mənbəyi idi».

Dekabrın 24-ü «Azadlıq» qəzetinin ad günüdür. Bu nəşr 1989-cu ildən çap olunur. Qəzetin ilk baş redaktoru Nəcəf Nəcəfov olub. 1999-cu il dekabrın 17-də 44 yaşında vəfat edib.

XS
SM
MD
LG