Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:00

«2010-cu il iqtisadiyyatına «üç»dən yuxarı qiymət verməzdim»


İlham Əliyev
İlham Əliyev
5 FAİZ AZALMA YOXSA, 4,1 FAİZ ARTIM

2010-cu ilin doqquz ayında Azərbaycan iqtisadiyyatında 4,1 faiz artım olub. Bunu Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev deyib. Prezident bildirib ki, dünyada böhran ili olmasına baxmayaraq, 2009-cu ildə ölkə iqtisadiyyatında artım 9 faizdən çox olub.

7 İLƏ 900 MİN İŞ YERİ


İlham Əliyevin deməsinə görə, ilin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılıb. O, bununla da 2003-cü ildən sonra Azərbaycanda açılan yeni iş yerlərinin sayının 900 minə yaxın olduğunu bildirib. (İlham Əliyevin birinci prezidentlik dövrü 2003-cü ildən başlayıb). Prezidentə görə, ölkədə sabit makroiqtisadi vəziyyət, müxtəlif yollarla inkişaf edən iqtisadiyyat mövcuddur:

«Eyni zamanda, Azərbaycanda güclü sosial siyasət aparılır. Bu da həmişə olduğu kimi, siyasətimizin əsas istiqamətlərindən biridir. Bu il əhalinin pul gəlirləri 11 faiz artıb. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Onu da qeyd etmək istəyirəm ki, pensiya və əməkhaqqının indiki minimum səviyyəsi bizi hələ də qane etmir. Amma əgər MDB məkanı ilə özümüzü müqayisə etsək görərik ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir».

Prezident 2010-cu ilin 9 ayının sosial-iqtisadı inkişafını belə qiymətləndirib.

«2010-CU İL İQTISADİYYATINA «ÜÇ»DƏN YUXARI QİYMƏT VERMƏZDİM»

İqtisadçıların 2010-cu ildə Azərbaycan iqtisadiyyatına verdiyi qiymət isə xeyli fərqlidir. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, onun 2010-cu ilin iqtisadi inkişafına «üç»dən yuxarı qiymət verməyə əli gəlmir:

«Hər halda «üç»dən yuxarı qiymət verməzdim. Sözsüz ki, biz deyə bilmərik ki, qeyri-kafi oldu, mənim qiymətim qeyri-kafi ilə qənaətbəxş arasındadır».

İqtisadçı obrazlı şəkildə 2010-cu il Azərbaycan iqtisadiyyatını sünü yemlərlə qidalandırılıb kökəldilən heyvana bənzədir:

«Builki iqtisadiyyat süni yemlərlə qidalandırılan, artımı olmayan heyvana bənzəyir».

Zöhrab İsmayıl
İqtisadçı hesab etmir ki, 2010-cu ildə əhalinin pul gəlirlərində ciddi artım olub. Onun fikrincə, əslində orta aylıq əməkhaqqının artımı ilə inflyasiya təxminən bərabər olduğundan artan gəlir inflyasıyanın yemi olub:

«Təxminən 7,4 faiz artım olubsa da, 7,1 faiz də inflyasiya olub. Ona görə də biz deyə bilmərik ki, insanların pul gəlirlərində artım olub. Bunu deməyə bizim əsasımız da yoxdur».

Amma iqtisadçı varlananların da mövcudluğunu inkar etmir. Deyir ki, həmin şəxslər sadə vətəndaşlar yox, daha çox indiyə qədər varlı olan oliqarxlar olub.

«ƏGƏR ŞƏFFAFLIQ OLMASAYDI...»

Prezident İlham Əliyev Nazirlər Kabinetində ilin 9 aylıq sosial-iqtisadi yekunlarına qiymət verəndə neftdən gələn gəlirlərin tam şəffaf yığıldığı və şəffaf da xərcləndiyini deyib:

«Əgər şəffaflıq olmasaydı, mən deyə bilərəm ki, biz heç 28 milyard valyuta ehtiyatlarımızı bəlkə də heç görməzdik».

Bu çıxışdan 6 gün sonra, Beynəlxalq Şəffaflıq Təşkilatının açıqladığı hesabatdan isə məlum oldu ki, korrupsiyanın səviyyəsinə görə, Azərbaycan 178 ölkə arasında 134-cü olmaqla Qafqazda hamıdan qabaqdadır. Azərbaycanın korrupsiya sahəsində vəziyyəti keçmiş sovet respublikaları arasında yalnız Türkmənistan və Rusiyadan yaxşıdır.

İQTİSADİYYAT ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏ - KORRUPSİYA

Beynəlxalq Şəffaflıq Təşkilatının dekabrın 9-da elan etdiyi 2010-cu il üzrə Qlobal Korrupsiya Barometri hesabatında da Azərbaycan üçün müsbət bir şey yoxdur. Təşkilatın Azərbaycanda apardığı sorğulara görə, ölkədə ən çox korrupsiyalaşmış sahə polis orqanları, dövlət qulluğu, təhsil və məhkəmələrdir.

Sorğuda iştirak edən respondentlərin yarısından çoxu (52% ) Azərbaycanda korrupsiyanın səviyyəsinin artdığını bildirib.

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, respondentlərin 52 faizinin korrupsiyanın səviyyəsinin artmasını deməsi iqtisadiyyat üçün ən böyük təhlükədir:

«ƏGƏR DÖVLƏT QULLUĞU KORRUPSİYALAŞIBSA...»

«Əgər dövlət qulluğu, məhkəmələr korrupsiyalaşıbsa, bu zaman rəqabətlə bağlı, mülkiyyət toxunulmazlığı ilə bağlı problemlər olacaq. O biri tərəfdən dayanıqlı iqtisadi inkişaf üçün qanunun aliliyi vacibdir, bununla bağlı problemlər olacaq».

Ekspert Azərbaycanda mülkiyyət hüquqlarının heç vaxt 2010-cu ildəki qədər pozulmadığını bildirir
Zöhrab İsmayıl Azərbaycanda bazar iqtisadiyyatının təməl prinsiplərindən biri olan mülkiyyət hüquqlarının heç vaxt 2010-cu ildəki qədər pozulmadığını bildirir:

«O qədər insanların hüquqları pozulub ki, vəkillər bu işləri çatdıra bilmirlər. Bu həm regionlarda avtomobil yollarının çəkilməsi, Bakıda «Qış bulvarı» olacaq ərazidəki evlərin sökülməsi zamanı və digər çoxsaylı yerlərdə baş verib».

2010-CU İLDƏ İNKİŞAF EDƏN İQTİSADİYYAT, ÇƏKİSİ AZALAN ÇÖRƏK, BAHALAŞAN UN

2010-cu ilin sonları həm də un və çörəyin bahalaşması ilə yadda qaldı. Unun bahalaşması qiymət artımı ilə, çörəyin qiyməti isə çəkinin azalması ilə müşayiət olundu. Hökumət yaranmış vəziyyətdən çıxış yolu kimi, dekabrın 3-də xaricdən ölkəyə gətirilən un və buğdaya görə əlavə dəyər vergisini (ƏDV) ləğv etdi.

«2010-CU İLDƏ ƏN ACINACAQLI VƏZİYYƏT KƏND TƏSƏRRÜFATINDA OLUB»

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev də 2010-cu ili bahalaşma və gərginlik ili adlandırır. İqtisadçı hesab edir ki, 2010-cu il Azərbaycan iqtisadiyyatında ən acınacaqlı vəziyyət kənd təsərrüfatında olub. Bu il ilk dəfə olaraq büdcənin ən azı 75 faizə qədərinin birbaşa neftdən formalaşdığını deyən iqtisadçı hesab edir ki, bu, ölkə iqtisadiyyatının neftdənkənar potensialının nə qədər zəif olmasına ən yaxşı sübütdur.

Ekspertin fikrincə, 2010-cu ildə nəzərəçarpan iqtisadi problemlərdən biri də dövlət şirkətlərinin təsir imkanlarının artmasıdır. Rövşən Ağayev hesab edir ki, 2010-cu ildə dövlət şirkətləri adı altında ayrı-ayrı məmurların himayəsində olan strukturların iqtisadiyyat üzərində mövqeyi daha da güclənib.
XS
SM
MD
LG