Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:56

Musa Yaqub: «Ziyalıları orden-medalla, pulla ələ alırlar»


Musa Yaqub
Musa Yaqub
İşdən sonra verilişinin qonağı şair Musa Yaqubdur.

- Musa müəllim haradadır Azərbaycan ziyalısı?


- İndi əsas ziyalılardan şikayətlənirlər ki, ziyalılar millətə, xalqa bir ağıllı məsləhət vermir, özləri mübarizə aparmır, milləti dalınca apara bilmir. Bizim əsas bir dərdimiz var ki, ziyalılar qabağa düşəndə guya bunlar hakimiyyət üçün, vəzifə üçün mübarizə aparır. Bunu belə edir ki, cəmiyyət, qoy bu gözdən düşsün, hərəkət edə bilməsin. Yəni əslində ağsaqqalı, ziyalısı olmayan cəmiyyət heç cəmiyyət deyil. İndi o ziyalılar mən bilmirəm hardadır. Təəssüflər olsun ki, indi ziyalıları ələ alırlar, əsl ziyalıların birini orden, medalla, birini pulla, birini münasibətlə ələ alırlar.

- Sizə bunların heç birini verməyiblər?

- Yox, mənim ona ehtiyacım yoxdur. Vallah indi də heç bir şey lazım deyil. Özüm üçün demirəm mən bu sözü. Amma indi alanlar var da. Bir arada axı ad vermək məsələsini ləğv etmişdilər. Ehtiyac duyulmurdu buna. Amma təzədən hansısa ziyalımı, yazıçımı, şairimi, qələm əhlini müəyyən ələ gətirmək, cəmiyyətdən dövlətə çəkib gətirmək o da o üsuldandır. Ona görə ziyalıların çoxunu indi mən heç hiss etmirəm ki, haradadırlar. Təəssüflər edirəm. Amma qaynar vaxtları var idi ziyalıların. Ziyalıların çörəyini kəsdilər, müqavimət göstərdilər hakimiyyət tərəfindən. Onlar da hərəsi bir yerə parçalandı. Bu saat o yüksək ziyalı həvəsi hamısının ürəyində var, qaynayır, daşır, amma təəssüflər olsun ki, üzə çıxanda hərəsi bir yerə pərən-pərən olub dağılır.

- O şeyi dövlət dövlətin ziyalıya qayğısı kimi təqdim edir. Belə çıxır ki, əslində ziyalını ziyalılıqdan çıxarır.

- Əslində qayğı göstərmək lazımdır. Ziyalı da cəmiyyətin bir üzvüdür. Mənim bir misram var:
Vallah BMT-lik deyil bu dünya. BMT ağsaqqallıq edə bilmirsə, onda bu cəmiyyətdəki ağsaqqallardan nə gözləyəsən?!


Ən böyük dərd budur ki,
Sünbül-sünbül tarladan
Bir dən sənin olmasın.
Adın vətəndaş olsun,
Vətən sənin olmasın.

Cəmiyyətdə ən böyük nüfuzu olan ziyalını bir də görürsən ki, vətəndaş kimi də qəbul etmək istəmirlər. Dəhşətdir bu. Ziyalıya gərək qiymət verəsən də. Biləsən ki, bu ziyalıdır. Yuxarıda duran kimdirsə onu duysun, hiss etsin. Onun cəmiyyətdə xeyrini başa düşsün. Bu saat dünyada ən böyük mənafe oyunu gedir. Mənafe oyununda ziyalı görünmür. Biz deyirik ki, guya BMT dünyanın ağsaqqalıdır. Hər şeyi yatırtsın, müharibə olmasın. Amma vallah heç o da o BMT deyil. yenə də ədalət güc tərəfdədir, qüvvə tərəfdədir, siyasət tərəfdə, bic tərəfdədir. Vallah BMT-lik deyil bu dünya. BMT ağsaqqallıq edə bilmirsə, onda bu cəmiyyətdəki ağsaqqallardan nə gözləyəsən. Elə bil ki, dünyanın o ölçü-biçisi itib. Bu böyük-kiçiyə hörmət məsələsi, təşkilatlara hörmət məsələsi, hər şeyi pul, mənafe oyunu, mən-mən...

- Siz 1995-ci ildə millət vəkili olmusunuz.. Siz özünüzlə hazırkı millər vəkilləri arasındakı fərqi necə izah edərdiniz?

- Mənə sual verirlər ki, nə əcəb sən bu dəfə namizədliyini vermədin? Cavab verirəm ki, bu beşillikdə mən ağıllanmışam. O birilərə dəli demirəm. Bilirəm ki, imkan olmayacaq. Ya da artıq lüzumdan, vaxtdan keçib. Mən elə bilirəm ki, birinci seçimlər daha demokratik, daha odlu-alovlu idi. Amma get-gedə Milli Məclis və deputatlar sadələşir. Yəni elə bir vəzifə götürürlər ki, yəni beş ili ötürüm də. Bəzən özünə xidmət üçün. İçərisində o dövlətçilik, qanunçuluq pozulub gedib.

- Bu 10 il əvvəl olub. Yəni heç darıxmırsınız deputatlıq üçün?

- Vallah yox. Heç ömrümdə darıxmamışam. Sağ olsunlar o vaxt seçiblər. Amma darıxmaq, təzədən mən deputat olum - onda mənim gözüm yoxdur.

- Sizin seçkilərdə saxtakarlıq olubmu?

- Mən şəxsən öz dünyamda, öz vaxtımda onu hiss etmədim. Onun təhlilinə getmədim. Amma getdiyim görüşlərdə, filanda onların arasında çox az fərqlər var idi. Məsələn elə yer vardı ki 100 faiz hə deyir, amma görürdüm ki yox, təxminən 80 faizdir. Amma işin hansı güc tərəfindən işıqlanmağımı bilmirəm.

- Demək, 100 faiz əmin deyilsiniz. Amma hesab edirsiniz ki, yenə də seçilmisiniz.
Prezident aparatı tərəfindən göndərilən qanunlara icazə yoxdur ki deputat dəyişdirsin. Bu elə kökündən belə olandan sonra daha deputat neyləsin ki?


- Bəli. O vaxt 50 faizdən yuxarı millət gərək iştirak edəydi.

- İndi kvorum ümumiyyətlə yoxdur.

- Ən böyük fərq elə budur. Xalq indi istəyir səs versin, istəmir səs verməsin. Bu olmaz axı.

- Sizcə, insanlar niyə biganədir seçkilərə?


- İnsanlar özlərinə əmin deyillər. Deyirlər ki mən səs verdim, vermədim, istədikləri adam seçiləcək. Mən niyə gedirəm seçkilərə? Yəni millət özünə əmin olsa ki, doğrudan doğruya seçimi öz əli ilədir, bəlkə də, belə olmaz.

- Siz necə, seçkiyə getdinizmi?

- Mən burda deyildim seçki günü.

- Artıq parlament formalaşıb. Parlamentdə ənənəvi müxalifət partiyalarından bir nəfər də yoxdur. Tənqidi fikir söyləyən bir-iki nəfər var parlamentdə. Bu, sizcə, nədən xəbər verir?

- Mənə elə gəlir ki, vəziyyət gəlib o vaxta çatıb ki, elə bil ki birpartiyalılıq seçkisidir. Yəni səs verdin, vermədin, bu partiyadan olmalıdır. Bu, yoxsa da, belədir. Elə bil ki dövlətlə deputat gəlib bərabərləşib. Onun fikri nədirsə budur, bunun fikri nədirsə odur. Əslində Prezident aparatı tərəfindən göndərilən qanunlara icazə yoxdur ki deputat dəyişdirsin. Bu elə kökündən belə olandan sonra daha deputat neyləsin ki?

- Necə oldu gəldik bu vəziyyətə çatdıq? Günah kimdədir?

- Çoxunda var bu günah. Bir nəfərin günahı deyil ki, tutasan yaxasından ki, bunu niyə belə eləmisən? Ümumiyyətlə, axar, cəmiyyət, ixtiyar sahibləri bu yurdu o yerə aparıb çıxardılar. Dünyada bir dənə düz çay yoxdur. Hamısı əyri axır. Amma biz onun əyriliyini onun təmizliyinə, səmimiliyinə bağışlayırıq. Təəssüflər olsun ki, bizim insanların içində o təmizlik, o səmimilik yoxdur. Hərə öz tərəfinə çəkəndi. Və bu, böyük bəladır. Elə o adamlar sonra gəldi, cəmiyyəti bu hala saldı.

- Yəqin deputat olduğunuz müddətdə sizin də Heydər Əliyev haqqında müsbət fikirləriniz olub?


- Yox. Mən vəsf eləməmişəm. Vəsf eləmək lazım deyil. Belə inanırsan, yaxşı işlərini qiymətləndirmək olar. Amma vəsf etmək, tamamilə bir ölkə dursun, birini qaldırsın göyün üzünə, tərif, tərif... Bizi məhv edən elə bu xüsusiyyətdir. O da deyir mən təriflənirəmsə, onda deməli yaxşıyam da. Onu qopara bilir millətin dilindən, ağzından. Elə bizi uçuruma aparan yaltaqlıqdır. Müəyyən cavanlara inanırıq, müəyyən vəzifədə olan adamlara inanırıq. Ola bilər ki yaltaqlana, söz deyə. Bəs ən qoca, 80-90 yaşı var, bir dənə asılılığı yoxdur, elə durub tərif döşəyir. Bunları məcbur edən nədir görəsən? O nə istəyir?
Biz müstəqillik günümüzü demokratik respublikanın yaranması tarixindən hesablayırıq. Amma Rəsulzadəni qəbul etmirik. Niyə? Belə şey olarmı?


- Bəlkə, təhlükəsizlik məsələsidir?

- Onun daha nə təhlükəsizliyi? Bu, bizi çox pis yollara aparır. Bu barədə mənim çox yazılarım, şeirlərim var.

- Bəlkə, ölkədə elə bir qiymətləndirmə həvəsi var? İnsanlar istəyirlər qiymətləndirilsinlər və bundan ötrü bu işləri görürlər. Cəmiyyətdən qiymətini almadığı üçün hökumətdən qiymətini almağa çalışır.

- Bəzən söhbət edirik bir yerdə. Biri deyir, balamın xatirinə, dolanışıq xatirinə edirəm bunu. Bu ona görə belə edir, o da buna baxır edir. Ümumiyyətlə, qiymətləndirmək, millətin özündə də dildə yox, ürəkdə cəsarət lazımdır , qiymətləndirməyəndə, bir az mübariz olanda onun qədrini bilsinlər. Təəssüflər olsun ki xalqımızda o yoxdur. Ürəyində var. Amma üzə çıxır ki, sən haqlı deyilsən. Rəhbərlik qarşısında o məsələni ömründə qaldıra bilməz. bəzən mənim ən yaxın adamlarım mənə salam vermirlər. Ə, nə olub? Deyirlər ki, qorxuruq vallah. Səninlə görüşərik, mənə də ziyanı olar. Görüşməkdən qorxursa belə dostla, belə millətlə hara getmək olar?

- Dinləyici yazır: Bir çox yazıçılar efirlərdən hazırkı iqtidarın Azərbaycanı cənnət məkana çevirməsindən ağızdolusu danışır. Xalqın ziyalılara mənfi münasibəti də belə mövqedən irəli gəlir.


- Onu danışanlar özləri bilər. Bunlar onların mövqeyidir. Hərənin öz sözü var. Amma bunlarında çox böyük təsiri var. Ən inamlı ziyalılar nə cür olmalıdır, nə fikir söyləməlidir. Deyirlər o belə deyəndən sonra daha mən nə deyim. Belə fikirlər var.

- Yəni irəlidə gedən insanların üzərinə daha çox məsuliyyət düşür.

- Bəli. Həm çox zülm düşür. Burnuna divar dəyir, əl dəyir, yumruq dəyir, həmdə bəlkə onun arxasında duran millət yaxşı olar. Heyf ki, durmur. Dura bilmir.

- Sizi nələr narahat edir Azərbaycanda?

- Məni çox şeylər narahat edir. Korrupsiya, rüşvətxorluq, meşələrin hasara alınması, mənəm-mənəmlik – bunların hamısı bizi narahat edir. Bərk narahat edir. Bu torpaq hamımızın deyilmi? Burdan baş götürüb gedənlər, xarici ölkələrdə dolanışıq axtaranlar bizim vətəndaşlar deyilmi? Bunlar üçün necə təəssüf etməyək? Bir misal deyim. İrandan gələn “bakkuş”u icazə verirlər bazara çıxarmağa, amma bir dənə kitab qoymurlar. Bütün kitabxanalar, kitab mağazaları bağlanıldı, oldu ərzaq malları və ya başqa şey malları. Bakıda kitab mağazaları yoxdur.

- Bunu niyə etdilər? Hərislikdənmi etdilər bunu, yoxsa siyasət tələb etdi?


- Əslində bir az da siyasətdir. İkincisi də kitabdan gəlir gəlmir axı. Yəni gəlirini daha çoxaltmaq üçün. Nəfsi keçib edir onu. Yəni kitab ona o xeyri gətirməyəcək. Amma o xeyir gələcək xalq üçün, millət üçün, savad üçün, cəmiyyətin inkişafı üçün şair, yazıçı, kitab çox müqəddəsdir. O müqəddəslik gözdən düşüb, onu görən yoxdur.

- Dinləyici yazır: M.Ə. Rəsulzadənin heykəllərinin yerinə Heydər Əliyevin heykəllərini qoyurlar. Ağcabədidə Rəsulzadənin büstünü torpağın altına basdırmışdılar. Buna nə deyirsiniz?

- Ümumiyyətlə, Rəsulzadəyə qarşı soyuq münasibət məni çox narahat edir. Qətiyyən olmaz. Madam ki, biz varislik olaraq demokratik respublikanı götürürük. Bunun da rəhbərlərindən biri budur. Sözümüzün özünün içində də qəribə bir paradoks yaranır. Biz müstəqillik günümüzü demokratik respublikanın yaranması tarixindən hesablayırıq. Amma Rəsulzadəni qəbul etmirik. Niyə? Belə şey olarmı?

- Dinləyici yazır: Birdən İlham Əliyev istefa verib getsə və bir ağsaqqal kimi dövləti sizə tapşırsalar, onda siz nə edərsiniz?


- Mən ümumiyyətlə bunu qəbul etmərəm. Hətta tapşırsalar da, mən onu qəbul eləmərəm. Ağlım kəsən bir adama deyərəm ki, sən apar. Çünki ədalət kürsüsündə əyləşmək təkbaşına çox çətindir. Amma bütün şahların yanında müdrik şairlər, yazıçılar saxlanılıb. Onlara ağıllı məsləhətlər vermək üçün.

- Amma onların da adını saray şairləri qoydular. Biabır etdilər onları.


- Başladılar yaltaqlığa. Düzdür, Xaqani 4-5 şeir yazdı, mədhiyyələr. Sonra gördü bu deyil. Mən Xəqaniyə bir poema yazmışam, “Dəyirman”dır adı. Səni gətirib şah əməlli başlı varlı, karlı, adlı-sanlı bir adam elədi. Şerlərini yaydı, sənə Məliküş-şüara adı verdi. Böyük şair etdi. Bəs sən indi buna qarşı niyə çıxmısan? Oradan çıxıb gedib dəyirmanda işləyir. Poemada belədir. Di işlət bu dəyirmanı. Sən demə ki elə bu sözləri mən özümə də deyirəmmiş. Çox çətindir. Dəyirmanı işlətmək çətindir. Onun da suyunu kəsirlər. Görürsən ki, arxın qurudu, hardansa kəsiblər. Di get tap gör bunu kim kəsib. Elə bil ki, bununla məşğul olan xüsusi adamlar var. Yəni o qoruyucular.

- Düşünmüsünüzmü ki, bir cəhd edəsiniz, saraya yaxınlaşasınız. Bəlkə onda dəyirmanınızın suyu kəsilmədi.


- Vallah bu barədə mən fikirləşməmişəm. Qətiyyən. Mən elə yaxınam cəmiyyətimə, insanlarıma, millətimə, xalqıma. Mən belə hiss edirəm. Mən eldən, camaatdan da həmişə hörmət görmüşəm. Mənə yox. Mənim yazdığıma. Şeirə, sənətə. Qələm mənim əlimdə. Istədiyimi çap etdirirəm. Niyə eliyim axı? Mən ürəyimin sözünü deyirəm. Əgər şair ürəyinin sözünü demirsə, onda nə oldu ki?
XS
SM
MD
LG