Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:55

«Tunislə Azərbaycan arasında heç bir bənzərlik yoxdur»


Əli Həsənov
Əli Həsənov
«Azərbaycanda islamı siyasiləşdirməyə cəhd göstərən qüvvələr var. Əslində, onlara hələlik qüvvə demək də olmaz. Hər halda müəyyən dairələr var ki, islamı siyasiləşdirməyə, islam adı altında, islam faktorundan istifadə etməklə insanları öz ətraflarına toplayıb siyasi hakimiyyətə gəlməyə cəhd edirlər».

Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Mediaforum» saytına müsahibəsində deyib.

O bildirib ki, bu, ölkə Konstitusiyasına, qanunlarına ziddir:

«Azərbaycanda siyasi fəaliyyət azadlığı təmin olunub, lakin islamla siyasətin sərhədi, çərçivəsi də dəqiq müəyyən edilib. Ona görə də bu sərhədi keçən insanlar qanunla və qanun müdafiəçiləri ilə üz-üzə gəlməli olurlar».

Əli Həsənov mətbuatda Tunislə Azərbaycan arasında oxşarlıq aparılmasına münasibət bildirərkən deyib ki, iki ölkə arasında heç bir bənzərlik yoxdur:

«Ona görə də bəri başdan Azərbaycan müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən çəkinməyə çağırıram. Hazırda Azərbaycan müxalifəti və onun funksionerləri tökülüb küçələrə özünü yandırmağa göysatan axtarırlar ki, bəlkə, bu yolla Azərbaycanda hakimiyyətə gələ bildilər».

Prezident Administrasiyasının rəsmisi hesab edir ki, hazırda Azərbaycanda əhalinin sayına qeyri-mütənasib şəkildə siyasi partiyalaşma vəziyyəti mövcuddur:

«Partiyalar həddindən artıq çoxdur. 40-dan çox partiya dövlət qeydiyyatından keçib. Təxminən eyni sayda partiya yaratmaq təşəbbüsləri mövcuddur. Bütün bunlar onu göstərir ki, bu məsələlər geniş müzakirəyə çıxarılmalıdır. Bu müzakirələrin nəticəsi olaraq məsələyə baxılmalıdır».

«Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər edilməsini vacib sayan Əli Həsənov deyir ki, qanun ölkə Konstitusiyasına, mövcud ictimai-siyasi vəziyyətə və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğunlaşdırılmalıdır.
XS
SM
MD
LG