Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:02

Bloqlarda 20 Yanvar hüznü


Müxalifətçilər Şəhidlər Xiyabanında- 20 yanvar 2011
Müxalifətçilər Şəhidlər Xiyabanında- 20 yanvar 2011
BARMAQ ƏHVALATI

İlkin Əlisoy 20 Yanvar faciəsinin ildönümü günü polislə müxalifət arasında yaşanan insidentə öz şərhini yazıb:

“Paradoksaldır, deyilmi? Müstəqilliyimizin memarlarının məzarlarını ziyarət etməyə gələn Xalq Hərəkatı liderlərinə bu cür münasibət bəsləmək. Məncə, dünyanın heç bir yerində belə bir şey mümkün deyil. Müstəqillik, azadlıq və onlara aid olan insanlar və məzarlar hər yerdə göz-bəbəyi kimi qorunur. Bizdə isə ayaqlar altındadır. Bunun qeyd-şərtsiz günahkarı mövcud sistemdir. Sistemin qurucusu hakimiyyətə gələn kimi cəbhə bölgəsində döyüşən otuz batalyonu buraxaraq xalqa xəyanət edəndən sonra, indiki polis zabitləri bu səviyyədə olmayacaqmı?..”.

“TUNİSDƏN İLHAM ƏLİYEVƏ MESAJ VAR”


Əli Kərimli Tunis hadisələrindən yazır:

Tunis prezidenti Ben Ali də İlham Əliyev kimi “uzaqgörən və tədbirli” siyasətçi idi. O hətta İlham Əliyevin özünə maksimum proqram hesab edəcəyi tədbirləri də “uğurla” reallaşdırmışdı. Ölkədə bir dənə də olsun real müxalifət partiyasının formalaşmasına, təşkilatlanmasına imkan verməmişdi. Müxalifətçilər daha çox həbsxana və mühacirətdə olurdular, mətbuat üzərində hökumət monopoliyası tam idi.

Tunis 54 illik müstəqillik tarixində cəmi 2 prezident görmüşdü
Konstruktiv müxalifət yetişdirmək layihəsi uğurla reallaşdırılmışdı, parlamentdəki yerlərin 25% bu 6 konstruktiv müxalifət partiyası arasında bölüşdürülmüşdü. Adam o qədər “tədbirli” idi ki, öz ətrafında belə xalqın heç olmazsa 5%-nin rəğbətini qazanmış siyasətçi saxlamazdı, vaxtında zərərsizləşdirərdi.

Üstəlik, Tunis əhalisi demokratik ənənələrdən də tam olaraq məhrum idi. 54 illik müstəqillik tarixində cəmi 2 prezident görmüşdülər. Heç birini seçməmişdilər. Hər ikisi hakimiyyəti özü zəbt etmişdi. Nə prezident özü, nə də kənar müşahidəçilər onun hakimiyyətinə hər hansı təhlükə görürdülər…”.

UZAQLAŞAN VAHİMƏ

Şahbaz Xuduoğlu yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciənin şahidlərindən olub. Elə bloqunda da həmin gecə Salyan kazarmasının yaxınlığında yaşananlardan yazıb:

“Tanklar bizim topaya yaxınlaşanda sürəti daha da artırdılar. Dəqiq yadımda deyil, amma səhv etmirəmsə, irəlidə gələn tank idi, dalınca gələnlər isə “BMP”lər. Tank düz ocağın üstünə sürdü, ocaq yerində bir-neçə dövrə vurdu, hamı gözləyirdi ki, “Olimp”ə sarı dönəcək, amma əksinə oldu, “Musabəyov”a tərəf üz tutdu, arxasınca gələn “BMP”lərdən bəziləri isə “Olimp”ə doğru buruldu və yol boyu qaçışan insanlara atəş açmağa başladı.

“Tanklar bizim topaya yaxınlaşanda sürəti daha da artırdılar”
Biz yolun sağ tərəfində ağacların arasında uzanmışdıq. Adamlar elə sürətlə üstümüzdən keçirdilər ki, qalxmağa belə imkan yox idi. Yanımda qalxmaq istəyən bir nəfərə güllə dəydi, dəhşətli bağırtısı hələ də qulağımdadır, ona doğru süründüm. Yaralanmışdı. Amma yara isti olduğundan özünün də köməkliyi ilə onu binaların arasına sürüməyə başladım. Keçənlərdən kömək istədim. Hamılıqla köməkləşib qarşıdakı hasardan onu içəri saldıq, ora artıq səhv etmirəmsə “Təcilli yardım” idi...”.

UNUDULANLAR

“Bu il Şəhidlər Xiyabanını ziyarət edərkən buna əmin oldum. Xiyabanda məktəbli uşaqlar ziyarət edir, şeir deyir, şəhidlərin yaxınları isə məzarların başında ağlayırdılar. Nə Aşura məclislərində ərəblərin siyasi tarixindən parçalar oynayan və şəhidliyin yüksək zirvə olduğu haqqında mühazirə oxuyan dindarlar, nə də “ömrümə bir gündə qalsa Qarabağda yaşayardım’’ deyən insanlar var idi xiyabanda...”.

Bu fikrin müəllifi Müşfiqdir. Bloqçu kinayə ilə qeyd edir ki, indiki zamanda insanların 20 Yanvarda ölənləri xatırlamağı qəribədir:

“Axı Röyanın uşağını və Elgizin verilişin gündüzlər işdə, axşamlar isə evdə müzakirə edən, Azərbaycan televiziyalarını izləyən, siyasət və cəmiyyət haqqında danışmağa qorxan, 4 dəfə Həccə gedib amma rüşvət alan insanlarda bu nəzəri cəhətdən mümkün olmamalıdır.

“Kimlər faydalandı sizin mübarizənizdən?”
Görünür, hələ tam deqradasiyaya uğramamışıq. Nakam olan şəhidlər oldu yalnız. Varlı insanların övladları əsgərlikdən yayınıb bahalı maşınlarda şütüyüb böyük villalarda yaşayanda buna daha da əmin oluram. Kimlər faydalandı sizin mübarizənizdən?”.

UCAR MƏKTƏBİNİN PROBLEMLƏRİ


8-si sinif şagirdi olan bloqqer Ucardandır. Və oxuduğu məktəbin problemlərini bölüşüb:

“Oxuduğum məktəbdə bir çox problemlər var. Bu problemlərə misal WC–nin ürəkaçan olmaması, stadion və istilik sisteminin qaneedici olmamasıdır.

WC məktəbimizin həyətindədir. Məktəbimiz 3 mərtəbəlidir. Biz həyətə düşənə qədər zəng vurulur. Ona görədə biz istərdik ki, məktəbimizin binasında yeni ws tikilsin...”.

İDARƏ OLUNAN AZƏRBAYCAN TAMAŞAÇILARI

Cəfər Talıb Azərbaycan kanallarında yayımlanan evlilik şoularından və bu verilişlərə maraq göstərən minlərlə insandan yazır:

“Həftəsonu rayondan bir nəfər qonağım vardı, məndən xahiş etdi ki, onu telekanallarda yayımlanan evlilik şoularına tamaşaçı qismində aparım. İlk yollandığımız ünvan ATV telekanalı oldu. Telekanalın qarşısında 50-dən çox insan “Onun yarısı” verilişinə tamaşaçı kimi qatılmağa gəlmişdi.

İkinci yollandığımız ünvan ANS telekanalı oldu
Telekanalın mühafizəçiləri bu insanlarla elə davranırdılar ki, elə bil bu insanlar ATV-yə çəkilişə yox, oğurluğa gəlmişdilər. Qısası, çox çək-çevirdən sonra məlum oldu ki, verilişə tamaşaçı qəbul olunmur. Amma xüsusi tapşırılanlar verilişə girirdilər...

İkinci yollandığımız ünvan ANS telekanalı oldu. Bu telekanalın da qarşısında 50-dən çox müxtəlif yaşda olan tamaşaçılar var idi. ATV-dən fərqli olaraq bu telekanalda tamaşaçılarla xoş davranırdılar, şəxsiyyət vəsiqələrini yoxlayıb bir-bir “Toy olsun” verilişinə buraxırdılar...

Vallah, camaatımızın çox qəribə maraqları var. Nədənsə xalqımız qeyri-ciddi işlərə daha çox maraq göstərir. Məni qınamayın, insanlarla söhbətlərimdən məndə belə təəssürat yaranıb ki, savadlı insanlar Azərbaycan telekanallarına baxmırlar. Savadsız tamaşaçıları isə telekanallar istədikləri kimi idarə edir”.
XS
SM
MD
LG