Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:04

40 yaşda intihar


Cek London
Cek London
Intihar etmiş yazarlar


O gün Eliza onu otağına ötürdü.

- Bax sən qayıdacaqsan, mən həm mağaza, həm də məktəb tikdirəcəm. Sonra biz səninlə onları idarə edəcəyik – bizə poçt verərlər, bayrağımızı qaldırarıq və bizim öz şəhərimiz olar. Onu “müstəqillik” adlandırarıq.

O əlini Elizanın çiyninə qoydu və tam ciddi cavab verdi:

- Olar qarı – sonra yataq otağına keçdi.

Səhər saat 7-də onu huşunu itirmiş halda tapdılar. Yerdə iki boş morfin və atropin butulkası, gecə masasının üzərində isə ağrıkəsicinin ölümcül dozası ilə bağlı hesablama aparılmış dəftər var idi. Həkimlər onun mədəsini yudular. O, sadəcə bir dəfə gözlərini açdı və dedi:

- Salam.

Sonra huşunu itirdi. O, intihar etmişdi. Böyrək ağrılarına dözməyərək.

1916-cı il 22 noyabrda dünya daha bir böyük yazıçını - Cek Londonu itirdi.

Cekin atası astroloq Uilyam Çani onu heç vaxt oğlu kimi qəbul etmədi.

Anası Flora intihara cəhd etmiş, amma bu cəhd alınmamışdı. Cekin doğulmasından az sonra Flora iki uşaqlı dul qadın 45 yaşlı Con Londona ərə getdi.

Uzun illər sonra Cek London xatirələrində bildirirdi ki, anasının ona sığal belə çəkməsini xatırlamır, amma atalığı onu tez-tez əzizləyərmiş. Cekin on yaşı olanda qəzet paylayıb ailəsinə kömək edirmiş.

Tezliklə atalığı qatarın altına düşüb şikəst olur və işləmək iqtidarında olmur. Cek konserv zavodunda işləməyə məcbur olur.

Az sonra 15 yaşlı Cek qeyri-leqal dəniz ilbizi biznesi ilə məşğul olur. Bu bahalı delikates sayılırdı və Cek bundan yaxşı pul qazana bilirdi.

17 yaşında o, gəmidə işə düzəlir və yapon sahillərinə çıxır. Qayıtdıqdan sonra anası təklif edir ki, o xatirələrini qəzetdə çap etdirsin. Məqalə qəbul edilir və çap olunur.

Bunun ardınca ard-arda müxtəlif qəzetlərə məqalə və hekayələr yazsa da, heç biri qəbul edilmir.

Cek və Çarmian. 1911
Cek Londonun ilk sevgisi Meybl Eppleqart onun ədəbiyyatçı olacağına inanmır və Cek onunla ayrılır.

1900-cü ildə Cek London ölmüş dostunun sevgilisi Bessi Maddernlə evlənir və bir qızı olur. Lakin Cek tez-tez evdən çıxır və günlərlə qayıtmır. Ailədə vəziyyət dözülməz hala gəlir və Cek Bessidən ayrılır.

Bundan sonra o, Çarmian Kittreclə tanış olub evlənir. 1910-cu ildə Cek London Eliza London Şepardı (ögey bacısı) yanına çağırır və rançosunun idarəçiliyini ona tapşırır.

Çarmianın qızı olur, amma uşaq sadəcə üç gün yaşayır. Bu hadisə Londona pis təsir edir və o, içkiyə qurşanır.

1913-cü ildə Cek “canavar evi” adlandırdığı çox bahalı və möhtəşəm evini tikdirir.

Amma ev hazır olana yaxın yanır. Bu, Cekə çox pis təsir edir. Dörd gün Cek bağlı otaqda yatır.

Cek Londonun bədbəxt olmasının bir səbəbi də vardı ki, bunu ancaq Eliza bilirdi - dəli olmaq qorxusu yazıçıya rahatlıq vermirdi.

Cek anasının ruhi vəziyyətindən də həmişə şübhəli olmuşdu və bu onu daha çox qorxudurdu.

O dayanmadan Elizaya yalvarırdı ki, əgər mən ağlımı itirsəm məni xəstəxanaya göndərmə.

Cek həmişə deyirdi ki, "istəyirəm qısa, amma şən yaşayım". Bir dəfə muxbirlərin birinə o demişdi:

- Mən daha nə dünya haqqında, nə sosialist inqilabı, nə də ədəbiyyat haqqında düşünürəm. Mən böyük xəyalpərəstəm, amma mən öz rançomu, həyat yoldaşımı arzulayıram. Mən yaxşı at istəyirəm. Mən ancaq ona görə yazıram ki, öz torpaqlarıma bir neçə akr əlavə edim. Mən ancaq ona görə hekayə yazıram ki, qonorara inək alım. İnəyim məni sənətimdən daha çox maraqlandırır. Dostlarım mənim sözlərimə inanmırlar, amma tamamilə səmimiyəm. Mən yazı-pozu işinə nifrət edirəm. Bu işdən nə qədər iyrəndiyimi ifadə etməyə söz tapa bilmirəm. Yazmağımın yeganə səbəbi odur ki, mən öz əməyimə görə yaxşı pul alıram. İnanın, mən sevinə -sevinə səngər qazardım, hətta bu mənə iki dəfə ağır işləmək bahasına başa gəlsə də. Yetər ki buna görə yaxşı pul
Cek Londonun qəbri. Cek London Dövlət Muzeyi. ABŞ
versinlər. Mənim üçün yazmaq, yaxşı həyatı təmin etmək üçün üsuldur. Mənim hər bir hekayəm gətirəcəyi pula görə yazılıb. Mən həmişə naşirin xoşuna gələni yazıram, öz istədiyimi yox. Özümə əzab verirəm ki, kapitalist naşirlərə lazım olanı verim, naşirlər isə bazarda alınanı və senzuranın icazə verdiyini satırlar. Naşirləri həqiqət maraqlandırmır.

Martin İden kimi Cek London da çox yorulmuşdu. İntihardan iki həftə əvvəl Eliza ilə gəzərkən o təpələrdən birinin qarşısında dayanıb demişdi:

- Eliza mən öləndə külümü bu təpədə basdırarsız.

Elə də oldu. Cek Londonun öldüyü günü səhəri Eliza onun külünü həmin təpədə basdırdı. “Həyat eşqi”-ni yazan yazar dünyadan öz istəyi ilə getdi. 40 yaşında. Cek London dünyadan əbədi küsdü.

Həmçinin oxu
Intihar etmiş yazarlar: Akutaqava
“Mən ölürəm, kimsəni də qınamayın bundan ötrü”
XS
SM
MD
LG