Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:14

Çaşdırıcı roman haqda çaşqın fikirlər


Kənan Hacı
Kənan Hacı
Kənan Hacı bu məqaləsi ilə yazıçı Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


ÇAŞDIRICI ROMAN HAQQINDA ÇAŞQIN FİKİRLƏR
(Oxucunun da çaşmaq ehtimalı istisna deyil)

Bu günlərdə yazıçı Afaq Məsudun bir müsahibəsini oxudum və ordakı bir fikri dərhal özüm üçün fiksə etdim:

“Ədəbiyyat –insanı dünyadan xilas etmək üçündür.”

Ədəbiyyatın nədən ibarət olduğunu bir cümlə ilə dəqiq ifadə etmək çox çətin bir işdir və elə yazıçılar olub ki, yazıb-yaradıblar, bu dünyadan köçüb gediblər, amma ədəbiyyatın missiyasının nədən ibarət olduğunu özləri üçün aydınlaşdıra bilməyiblər.


"Onun nəsriylə tanışlığım hələ 90-cı illərin əvvəllərinə təsadüf edir, ədəbi jurnallarda kiçik hekayələrini oxumuşdum və bu hekayələr məni əməlli-başlı təəccübləndirmişdi. Çünki o vaxtacan oxuduqlarımın içində bu qədər rəngarəng, qeyri-adi və qeyri-adi olduğu qədər də təbii, gözlənilməz situasiyalarla zəngin olan hekayələr olmamışdı".
Bu gün də məşğul olduğu işin mahiyyətindən xəbərsiz olan yazarlar var.

Mən yazar sözünü dırnaqsız yazsam da bilmirəm, belələrinə yazar demək olar, ya yox. Hər halda onlar da yazırlar.

Yazarın öz yazdığına münasibəti bütün hallarda subyektivdir, ədəbi mətnə qiymət vermək məsuliyyətini tənqidçinin boynuna qoymaqla yazar həm də onun vasitəsilə özünü təsdiq etmək istəyir.

Bu, həm də yazara öz əsərinə başqasının gözüylə baxa bilməsi üçün vacibdir.

Bəzən yazar basmaqəlib münasibətlərdən bezir, fikirləşir ki, doğrudanmı mənim əsərimdə tənqid olunası bir məqam yoxdur?

Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanı haqda yazmağa başlarkən, istər-istəməz bu haqda düşündüm.

Onun nəsriylə tanışlığım hələ 90-cı illərin əvvəllərinə təsadüf edir, ədəbi jurnallarda kiçik hekayələrini oxumuşdum və bu hekayələr məni əməlli-başlı təəccübləndirmişdi.

Çünki o vaxtacan oxuduqlarımın içində bu qədər rəngarəng, qeyri-adi və qeyri-adi olduğu qədər də təbii, gözlənilməz situasiyalarla zəngin olan hekayələr olmamışdı.

O vaxtdan bu yazıçını ardıcıl olaraq oxumağa başladım və bir neçə il bundan əvvəl mətbuatda onun “Yovşan qağayılar” romanı haqqında yazım da çap olundu.

Əvvəla, onu deyim ki, Elçin bəy yəqin ki, öz əsərləri haqqında yazılmış onlarla şablon, basmaqəlib yazılardan bezib.

Bu yazıların bəziləri öz yerini şirin salmaq, bəziləri “Ulduz” jurnalında növbəsiz çap olunmaq, bəziləri isə sadəcə olaraq müəllifə yaltaqlanmaqdan ötrü yazılmış boğazdanyuxarı tərifdən başqa bir şey deyil.

Belələri bəzən doğurdan da istedadlı olan yazıçını uçuruma sürükləyib evini yıxırlar.

Bir məclisdə üzdə olan gənc tənqidçilərdən biri “Gənc ədiblər məktəbi”inin sözəbaxan üzvlərini geninə-boluna tərifləyəndə Fəxri Uğurlu üzünü ona tutub dedi ki, sən axırda bu gənclərin evini yıxacaqsan.

Əlbəttə, Elçin Hüseynbəyli bu mərhələni çoxdan keçmiş bir yazıçıdır.

Amma güman edirəm ki, boğazdanyuxarı tərfi eşitməkdənsə, həqiqəti əks etdirən tənqidi eşitmək ona xoş olar.

Çünki yazıçı ən kəskin tənqidə belə açıq olmalıdır.

Napoleon əbəs yerə demirdi: “Əsaslı tənqid ağıllıları gücləndirər, axmaqları isə qəzəbləndirər.”

Söhbət yazıçıdan gedirsə, təbii ki, axmaq adamdan ciddi yazıçı çıxmaz. İnsaf hissini itirmədən deyək ki, Elçin Hüseynbəyli ciddi yazıçıdır.

“Yolayrıcında qaçış” yazıçının yeddinci romanıdır. Altı iri həcmli əsərin kürəyini yerə qoyan müəllif təbii ki, püxtələşmə mərhələsini çoxdan arxada qoyub və onu naşılıqda qınamağın özü də qeyri-ciddi təsir bağışlayar.

Durub-dururkən dostumuzu tənqid xatirinə tənqid eləməyin özü də obyektivlikdən kənar olardı.

Müəllif əsərini “çaşqın insanlar haqqında çaşqın bir roman” adlandırır.

Əsərin qəhrəmanları Şərqlə Qərbin ortasında çaşıb qalmış insanlardır, bu çaşqınlıq, namüəyyənlik sadəlövh Məhəmmədi PKK yuvasına aparıb çıxarır.

Qloballaşmaya doğru gedən dünyamızda Şərqin xürafatına və Qərbin kosmopolitizminə, çılpaqlığına ilişib qalmış iki bacı-Fatimə(dindar) və Züleyxa (fahişə) arasındakı dərin ziddiyyətlər böyük faciələrə səbəb olur. Halbuki, onların normal münasibətlərinə əngəl törədən fərqli dünyagörüşlərini sivil formada tənzimləmək olardı.

Elçin Hüseynbəyli
Çağdaş sivilizasiyaya məxsus xəstəliklərdən biri də dini sektalar arasında gedən kəskin münaqişələrin bəzən terrora qədər gedib çıxmasıdır.

Məhəmməd dindar anasının təhrikiylə əxlaqsız həyat tərzi keçirən xalasını öldürmək üçün İstambula gəlib onu tapır və bu əsnada tələbə yoldaşlarıyla məsləhətləşmələr onu gətirib kürd terror təşkilatıyla bağlayır.

Sadə və həm də mürəkkəb süjet xəttinə malik əsərdə hadisələrin gedişatı çarəsiz xəstəlik kimi qəhrəmanların ömrünü “yeyir.”

Yolayrıcında qaçan Məhəmməddir, onu qarşıda nə gözləyir, özü də bilmir. Arxadan onu ölüm təqib edir, buna görə günahkar o deyil, bəlkə də heç anası da deyil, günahkar dini fanatizmdir, cəhalətdir, cahillikdir.

Bu əsərində də müəllif hadisələri birinci şəxsin dilindən nəql edir.

Bu da yazıçının üslubunu şərtləndirir.

Hər dövrün özünəməxsus bir üslubu olur, məsələn, son illərdə Azərbaycanda postmodern üslubda xeyli sayda əsərlər yarandı.

Halbuki, dünya nəsri bu mərhələni hələ ötən əsrin 70-ci illərində keçməkdəydi və postmodern yarlığı yapışdırılmış romanların çoxu heç bu tələblərə də cavab vermirdi.

Amma ən çox oxunan yazıçı məhz öz üslubunu yaradan yazıçıdır.

Elçin Hüseynbəyli öz üslubunu yaradan yazıçılardandır.

Vaxtilə Rafiq Tağı onun əsərləri haqqında yazmışdı ki, “Elçin günün reallığından ədəbiyyatın irreallığına mifik pilləkanlarla qalxmışdır.”

“Yolayrıcında qaçış” romanında da reallıqdan irreallığa keçid mifik planda baş verir. “Balıq-adam”(akvarium adam), “Yovşan qağayılar”(dəri pul kisəsi), “Metro vadisi”(mağara) romanlarında da biz hansısa antikvar əşya və ya sirli obyekt vasitəsilə reallıqdan mifə (yerin altına) enirik və bir müddət sonra ordan yenə reallığa (yerin üstünə)çıxırıq.

Bizi idarə edən, yönləndirən isə yaddaşdır.

Elçin Hüseynbəyli köhnə ədəbi qvardiyanın tərkibində olsa da, söhbət onun yaradıcılığından getdiyi üçün bu yazıda məlum məqamlara toxunmaq istəmədim.

Amma Elçin Hüseynbəylinin yazıçı kimi bir qayda olaraq təriflənməsi 60-cılar ədəbi nəslinin sonrakı nəslə yoluxdurduğu xəstəlikdir ki, bunun da qarşısı alınmalıdır.

Elçini ardıcıl olaraq tənqid edənlərdən biri də onunla bir cəbhədə qərar tutmuş Əsəd Cahangirdir ki, onun iradlarında kfayət qədər həqiqəti əks etdirən məqamlar var.

Əsəd yazmışdı ki, Elçinin dili daranmamış, pırtlaşıq saç kimidir, dərinliyə getdikcə daha da dolaşıqlığa düşürsən və məcbur olub yarı yoldan geri qayıtmalı olursan.

Təxminən belə yazmışdı. Bu fikirlə qismən razılaşıram. Amma sonuncu romanında yazıçı daha cilalı dillə oxucu qarşısına çıxır.

Çaşqın insanların bu əsəri oxuması onların həyatında nəyisə dəyişə bilər. Necə ki, romanın finalında müəllif Fatiməni öz şeytani suallarıyla çaşdırmaq istəyir.

Təsadüfən bu əsəri oxuyan insanların çaşmaq ehtimalı da istisna deyil. Mən özüm də bu yazını çaşqın fikirlərin burulğanında yazdım.

Çaşqın insanlar hardasa hansısa Züleyxanın izinə düşüb, bu iz itəndə isə geriyə qayıtmaq da mümkün olmur.

Hər halda, belə bir romanın yazılmasına ancaq sevinmək olar.

Çalışaq, nə həyatda, nə də yaradıcılıqda çaşmayaq. Çünki çaşmağın bədəlini qaçmaqla ödəmək nümunəsi var.

Həmçinin oxu
Cavanşir Yusifli. Vive la Différence!
Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (Romandan parça)
XS
SM
MD
LG