Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:50

İslam ev heyvanı saxlamağı qadağan edir?


Müasir zamanda itlər nəinki ev qoruyur, xüsusi əhliləşmiş itlər bədbəxt hadisələr zamanı insanları xilas edir, qaçaqmalçılıqla mübarizədə iştirak edir
Müasir zamanda itlər nəinki ev qoruyur, xüsusi əhliləşmiş itlər bədbəxt hadisələr zamanı insanları xilas edir, qaçaqmalçılıqla mübarizədə iştirak edir
Bakı kəndlərindən birində yaşayan Sevinc Nağıyeva bir neçə ildir ki, İslam dini ilə maraqlanır, namaz qılıb, oruc tutur. Deyir ki, elə həmin vaxtdan da ev heyvanlarına münasibəti dəyişdirməli olub. Əvvəllər həyətdə it saxlasa da, dinin tələblərinə riayət etməyə başlayandan sonra it saxlamamaq qərarına gəliblər:

«Bizə dedilər ki, bu, İslam dini ilə uyğun gəlmir. Çünki bu heyvan çox murdarçılıqlara yol verir. Amma bilirəm ki, pişik Peyğəmbərimizin sevimli heyvanı olub, o, öz əlini pişiyin belinə çəkib. Əslində İslam heyvan saxlamağa qarşı qadağa qoymur. Amma it özünü təmiz saxlamır, hər dəfə dəstəmaz alanda, gərək adam pak olsun».

Bəs əslində, İslama görə, heyvanlar həyatımızda hansı rol oynayır? Hansı hallarda din adından yazılanlar önyarğı kimi, hansı hallarda hədislərə uyğun qəbul edilməlidir? Bu suallar «İslam və demokratiya» verilişinin budəfəki buraxılışında müzakirə olunub.

QOYUNLAR ALLAHI ZİKR EDİRLƏR


Əlyazmalar İnstitutunun Türk şöbəsinin elmi işçisi, ilahiyyatçı Musarza Heydərov deyir ki, İslamda qeyri-müəyyən bir şey yoxdur. Bu, heyvanlar aləminə də aiddir. Belə ki, Qurani-Kərimdə heyvanlara aid çoxlu ayələr var:

«Allah-təala nə yaradıbsa, onun yaşayış qanunlarını da verib. İnsan bilir ki, qoyun, keçi, dəvə, inək kimi ev heyvanları faydalıdırlar. Bu, qadağa olunsa belə, insanlar onları saxlayacaqlar. Amma Quranda hansı ev heyvanını saxlamağın fəziləti var – bu, konkret göstərilib. Məsələn, 3 qoyun saxlamaq insanı narahatlıqlardan xilas edir. 30-dan artıq qoyun olsa, o əraziyə heç bir narahatlıq daxil ola bilməz. Çünki qoyunlar Allaha zikr edirlər».

İT ŞEYTANIN TOXUNDUĞU YERDƏN YARANIB

İlahiyyatçı deyir ki, heyvanların bəziləri başqalarına yem olsa da, onların həyat tərzi qaneedicidir və heç bir heyvan Allahın ədalətinə qarşı getmir. Məsələn, at öz sahibinin onun üzərində olmasından qürur duyur, yol gedərkən şükür deyir. Amma konkret olaraq itlə bağlı bu sözləri demək olmaz.
Musarza Heydərov
M.Heydərovun fikrincə, itin zatında xarablıq var. Çünki it şeytanla təmasdan yaranıb:

«İslamda bir neçə şey, o cümlədən it də nəcis kimi qəbul edilir. Çünki şeytan insana səcdə etməkdən imtina edəndə, əlini insanın qarın nahiyəsinə uzadıb və deyib ki, «mən buna səcdə edəcəyəm?». Allah-təala da şeytanın toxunduğu həmin yeri silib atıb, ora göbək qoyulub. Bu bədən hissəsini isə yerə atıb və ondan da qara it yaranıb. Yəni, itin düzəldiyi material şeytanın barmağı toxunandan sonra qərarlaşmış torpaq olduğu üçün nəcis sayılır».

İlahiyyatçı onu da deyir ki, eyni rəngdə olan itlər (tam ağ, tam qara, yaxud qırmızı) cin xislətlidirlər. Həmçinin, itlərdə şəhvət və hərislik hissi var.

«Alyans» Canlı Aləm və Etika Xeyriyyə Cəmiyyətinin rəhbəri Mənsurə Rəsulzadə isə deyilənlərlə razılaşmır. Onun fikrincə, özlərini dindar adlandıran insanlar İslamı daha dərindən öyrənməlidirlər:

«Heç vaxt ola bilməz ki, insan və ətraf mühiti eyni sayan bir din özünün yaratdığı hansısa canlını məhv etməyi, ondan uzaq gəzməyi, ona təcavüz etməyi normal hal kimi qəbul etsin. Çox vaxt bəziləri İslamın buyurduqlarını yox, öz maraqlarını, düşüncələrini əsas tuturlar. Kimsə heyvanı sevmirsə, deməməlidir ki, İslam bu heyvanı ancaq insanlara quluq etməyə görə yaradıb».

QUDUZLUĞUN ÇARƏSİ VAR, İTDƏN UZAQ DURMAQ LAZIM DEYİL

Heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan Mənsurə Rəsulzadə hesab edir ki, Qurani-Kərimdə göstərilməyən bəzi hallarda insan öz şüuruna əsaslanıb bu vəziyyətlərdən çıxış yolu axtarmalıdır:

«Bəlkə də quduzluğun çarəsi olmayan dövrlərdə insanlara itdən uzaq durmağı məsləhət görüblər.
Mənsurə Rəsulzadə
Amma müasir zamanda bu xəstəliyin qarşısının alınması yolları var. Hədislərdən birində deyilir ki, itin evi qorumasına ehtiyac yoxdursa, onu azad buraxmaq lazımdır. Amma müasir zamanda itlər nəinki ev qoruyur, xüsusi əhliləşmiş itlər bədbəxt hadisələr zamanı insanları xilas edir, qaçaqmalçılıqla mübarizədə iştirak edir. Axı Peyğəmbərin özü də heyvanlara qarşı qəddarlığın tərəfdarı olmayıb».

SAHİBSİZ İTLƏRİ GÜLLƏLƏMƏK LAZIMDIR?

Musarza Heydərov isə sahibsiz itləri saxlamağın qəbul edilmədiyini deyir. Çünki belə heyvanlar xəstəlik törədiciləri, virus daşıyıcılarıdır. İlahiyyatçı deyir ki, itləri küçəyə buraxan insanlar günahkardır. Amma küçəyə düşəndən sonra bu heyvanları saxlamaq olmaz, onları məhv etmək lazımdır:

«Elə bizim hökumət də sahibsiz itləri güllələyir. Mən demirəm mütləq güllələmək, amma ümumiyyətlə, onlardan xilas olmaq lazımdır. Başqa çıxış yolu yoxdur».

LAZIM DEYİLSƏ, EVDƏ İT SAXLAMAĞA EHTİYAC YOXDUR

Evdə it saxlamağa gəlincə, lazım olmadığı təqdirdə iti evdə saxlamağın, onunla birlikdə yeyib-yatmağın heç bir xeyri yoxdur. Çünki evin əsl qoruyucusu olan mələklər itin iyindən bezardır. Bu iyi yalnız şeytanlar bəyənir. Mələklər belə evlərin qapısında dayanır. Həyətdə iti elə yerdə saxlamaq lazımdır ki, onunla insan arasında bağlı qapı olsun. Yoxsa insanın ibadəti qəbul edilməyəcək.

Eşitdiklərindən şoka düşdüyünü deyən Mənsurə Rəsulzadə isə itləri öldürməyə ehtiyac görmür. Onun fikrincə, daha sivil yoldan istifadə olunmalıdır:

«Bizim yaratmadığımızı öldürməyə ixtiyarımız çatmaz. Axı insan bu məsələdə iki qəddar üsuldan daha yüngül olanını seçə bilər. Bütün dinlərdə canlı aləmə mərhəmət hissi öndə durur, qəddar rəftarlara yox deyir. Doğrudan da deyəsən, hər bir cəmiyyətin sivil və mənəvi inkişafının göstəricisi – heyvanlar aləminə verdiyi dəyərdir».
XS
SM
MD
LG