Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:17

«Ordudan cəza mexanizmi kimi istidafə olunur»


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
«Mən bu riski öz üzərimə götürmək istəmirəm». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında son vaxtlar hərbi xidmətə getməklə bağlı problemlər yaşayan deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev deyib.

B.Hacıyevin sözlərinə görə, hakimiyyət onu orduya göndərməklə ona təzyiq etmək istəyir:

«Mən narahatam ki, ordudan siyasi təzyiq kimi istifadə etməyə çalışırlar. Hansısa bir siyasi prosesə hüquqi don geyindirmək üçün ordudan və hüquqi prosesdən istifadə edirlər. Mən də hüquqi prosesdən istifadə edib hüquqi cavab verəcəm. Qanunlara istinad edərək cavab verəcəm».

Azərbaycan Konstitusiyasına istinad edən B.Hacıyev deyib ki, ali qanunda alternativ xidmət hüququ var və o bundan istifadə etmək istəyir:

«HƏRBİ XİDMƏT KEÇMƏK MƏNİM ƏQİDƏMƏ ZİDDİR»

«Mən bu riski öz üzərimə götürmək istəmirəm. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq əsaslandırıram ki, hazırda hərbi xidmət keçmək mənim əqidəmə ziddir. Buna görə də alternativ xidmət keçməklə vətənə olan borcumu ödəməyə hazıram».

İqbal Ağazadə
B.Hacıyev Konstitusiyaya istinad edərək əqidəsini açıqlamaqdan da imtina edib. O deyib ki, onun bu addımını vətənpərvər olmamağı ilə izah edirlər. Onun sözlərinə görə, vətənpərvərlik bununla ölçülmür:

«Əgər hərbi xidmətə getməmək vətənpərvər olmamaqdırsa, İlham Əliyev də hərbi xidmətə getməyib!».

ALTERNATİV HƏRBİ XİDMƏTİN İMKANLARINDAN YARARLANAN KİFAYƏT QƏDƏR İNSAN VAR

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə deyib ki, ortada olan presedentlər Bəxtiyar Hacıyevin xeyrinədir. O deyib ki, Azərbaycanda alternativ hərbi xidmətin imkanlarından yararlanan kifayət qədər insan var:

«Mən məsələnin qanuni tərəfindən danışıram. Qeyri-qanuni yollarla hərbi xidmətdən yayınmadan söhbət getmir. Düzdür, Azərbaycan Milli Məclisi Avropa Şurasının tələblərinə baxmayaraq, alternativ hərbi xidmət haqqında qanunu qəbul etməyib. Amma bununla belə, bu ayrı-ayrı şəxslərə tətbiq olunub».

İqbal Ağazadə deyib ki, qanun hələlik qəbul olunmasa da, Konstitusiya buna imkan verir.

Üzeyir Cəfərli
Hərbi ekspert Üzeyir Cəfərli isə bildirib ki, ordudan cəza mexanizmi kimi istifadə hallarına birinci dəfə deyil ki, rast gəlinir:

ORDUDAN BİR NÖV CƏZA MEXANİZMİ KİMİ İSTİFADƏ OLUNUR

«Çox təəssüflər olsun ki, bu mövzu zaman-zaman gündəmə gəlir və ordudan bir növ cəza mexanizmi kimi istifadə olunur. Unutmaq lazım deyil ki, Zamin Hacı, Eynulla Fətullayev, Emin Ələkbərov və digərlərinə bu üsul istifadə olunub. Təəssüflər olsun ki, Bəxtiyar Hacıyevə qarşı da bu metoddan istifadə olunur. Hələlik Bəxtiyarı aparmayıblar. Amma bu istiqamətdə mühüm işlər görülür. Mən də Bəxtiyarın tərəfindəyəm. Bu gün onu ordu sıralarına aparmaqla hansısa problem həll olunmayacaq. Ancaq onun bacarığından, biliyindən istifadə etmək lazımdır».

«Ordunun Dostları» İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, yaxşı olardı ki, Bəxtiyar Hacıyevi müdafiə edənlər ona orduya getməyi tövsiyə etsinlər:

BU, QANUNLA MÜMKÜN DEYİL

«Ayrı vaxt qanunu müdafiə edirlər ki, kimlərsə yayınır getmir. Tövsiyə etsinlər ki, bunu pis ənənəyə çevirməyək. Digər adları çəkilənlər necə oldu? Getdilər, normal xidmət çəkdilər, qayıdıb da gəldilər».

Emin Həsənli deyir ki, Bəxtiyar Hacıyevin hərbi xidmətdən yayınması qanunvericiliklə mümkün deyil. Çünki Hacıyev sağlamdır, təhsilini başa vurub və möhlət hüququndan istifadə edib.

XS
SM
MD
LG