Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:05

Svetlana Quliyeva "Murad" (Hekayə)


Bu gün əsgər gedirəm.

Heç bilməzdim ki, belə gedəcəyəm əsgərliyə. Bu dəftəri də indicə aldım, maşına minməmişdən qabaq.

Bu, mənim gündəliyim olacaq. Həyatımı yazacağam bura.

Yazmaq istəməyimin səbəbini heç bilmirəm. Kim oxuyacaq bu yazıları? Kimə lazımam?

Ancaq yenə də heç nəyə baxmayaraq, yaşadıqlarımı yazmaq istəyirəm. Artıq yazıram.

Amma nədən başlayacağımı bilmirəm. Hə, adım Muraddır.

Niyə mənə bu adı veriblər? Mənim həyata gəlməyimlə kim muradına çatdı, görəsən?

Uşaqlığımdan başlamaq lazımdır. Gündəliyim məni lap başlanğıc nöqtəmdən tanısın.

Başlanğıc nöqtəm isə ağlım kəsən vaxtımdan başlayır. O vaxtları xatırlamağı xoşlamıram.

Çünki uşaqlığım deyəndə ilk gözüyaşlı anam gəlib durur gözümün önündə.

Həmişə ağlayırdı, atam ağladırdı onu. Ailəyə baxmaq əvəzinə, qazandığını ancaq içkiyə tökürdü.

Evə gələndə anamı da, bizi də döyürdü. Dörd uşaq idik evdə.

Məndən böyük qardaşım, mən, iki balaca bacım. Anamız bizi yedirdib-içirtməkdən ötrü dəridən-qabıqdan çıxırdı, onun-bunun evində qulluqçuluq edirdi.

Uşaq olsaq da, anamızın bizdən ötrü əziyyət çəkdiyini başa düşürdük.

Anam qazandığı qəpik-quruşu atamdan gizlədirdi ki, aparıb arağa verməsin.

Atam isə hər gün içib gəlirdi evə, yazıq anamı elə bizim gözümüzün önündəcə var gücü ilə döyürdü.

Bir gün də yenə içib gəlmişdi, içəri girər-girməz anamın tez bir-iki manat pulu paltosunun cibində gizlətdiyini gördü.

Çıxarıb ayağındakı ağır əsgər sapoqunun dabanını vurdu anamın gicgahına.

Daban da elə-belə dabanlardan deyildi, rezin daban yeyilməsin deyə yastı dəmir parçası vurdurmuşdu üstündən. Anamı qan apardı, huşunu itirdi.

Təcili yardım çağırdıq, həkimlər gəlib çıxana qədər anam artıq olmadı.

Sərxoşluq atamın başından birdən-birə çıxdı, çöküb yerə başladı bizimlə səs-səsə verib ağlamağa.

Təcili yardım həkimi məsələnin nə yerdə olduğunu biləndə polisə zəng vurdu. Atamı tutdular.

Bir anın içində anam da, atam da çıxdılar həyatımızdan, hərəsi ayrı cürə. Dörd balaca uşaq çaşqınlıq içində qalmışdı.

Bir tərəfdən anamızın ölümü, özü də atamızın bunu etməsi bizi lap dəhşətə gətirirdi.

Digər tərəfdən tək qalmağımız. Demə, biz anamızdan başqa heç kəsə lazım deyilmişik.

Nə anamın, nə də atamın qohumları bizə yiyə durmağa razılaşdılar.

Vəziyyətimizdən xəbərdar olan müstəntiq atamıza tək qaldığımızı demişdi.

O isə demişdi ki, qoy uşaq evinə yerləşdirilsinlər, özü də narahat olmasınlar, oradan çıxan kimi onları yenidən evə götürəcək. Oradan “çıxmağı” düz səkkiz il çəkdi.

Əslində, ölüm hadisəsinə görə bu qədər iş kəsmirlər.

Amma vəkili hakimi inandıra bilmişdi ki, atam sərxoş imiş, ağlı başında deyilmiş bu hadisəni törədəndə, təcili tibbi yardım işçiləri də şahidlik ediblər ki, arvadının nəşi üstündə hönkür-hönkür ağlayırmış.

İndi bu hadisələri yazdıqca özüm-özümə təəccüblənirəm.

Heç inanmazdım ki, onları bir zaman belə asanlıqla təsvir edə biləcəyəm.

O zaman keçirdiyim hislərim nə vaxtsa kütləşəcəkmiş, demə.

Çünki acı üzərindən yeni acı yaşadım hər dəfə. Ən çox ağrıdan da məni odur ki, öz doğma atamız bizi bədbəxt etdi.

Göndərildik uşaq evinə − dördümüz də eyni yerə düşdük. Mənim həmin vaxtı altı yaşım vardı, böyük qardaşımın səkkiz.

Çox çətindir anasız, atasız yaşamaq.

Uşaq evindəki həyatımdan nə yazacağımı düşünürəm bayaqdan, amma həmin yer haqqında bir şey yazmaq gəlmir içimdən. Nə yazım axı?!

Divarlar... mənim kimi yetim uşaqlar... dərdini bilməyənlərin, anlamayanların belə dərdli baxışları...

Lakin onu da demək lazımdır ki, heç kəsin bizə yiyə durmadığı vaxtda bir tək ora bizi öz qoynuna aldı.

O illər ərzində bir şeyi öyrəndim: yaşamaq istəyirəmsə, güclü olmalıyam.

Dərslərimi çox yaxşı öyrənirdim. Çox istəyirdim ki, savadlı adam olum, atamın yolu ilə getməyim.

Uşaq evinin nəzdində məktəb yox idi. Bütün uşaqlar uşaq evinin yanındakı məktəbə gedirdilər təhsil almağa. Biz dördümüz də ora gedirdik.

Qardaşım elə də yaxşı oxumurdu. Amma mən çox çalışqan idim.

Bacılarımı da oxumağa həvəsləndirirdim həmişə.

Müəllimlərim də zəhmətimi qiymətləndirirdilər. Ancaq bir müəlliməm var idi ki, ona həyatım boyu borclu qalacağam.

Xatun müəllimə...

Beşinci sinifdən mənə dərs deyib hər zaman oxumağa həvəsləndirən, ədəbiyyatı mənə sevdirən, qarşıma məqsəd qoyub ona qarşı irəliləməyi mənə öyrədən o idi. Xatun müəllimə eyni zamanda mənim sirdaşım idi.

Dərdimi onunla asanlıqla bölüşə bilirdim.

Məni sakitcə dinləyirdi, bir ana kimi məsləhət verirdi. Sonra isə mənə elə bir yaxşılıq etdi ki... Amma bu hissəyə hələ çox var.

Səkkiz ilin tamamında atam gəlib çıxdı. Müdir müavini deməsəydi ki, atanız sizi görməyə gəlib, yanımıza gələn insanda atamızı tanımayacaqdıq, yəqin ki.

Çox dəyişilmişdi. Arıqlamışdı.

Üzündəki hansısa bir ifadə dəyişilmişdi. Bilmirəm, bu nə idi. İzah etmək çətindir. Amma atama xas olan o ifadə yox idi. Bizə yad adamın gözləri baxırdı.

Atamızın gəldiyini biləndə bacılarım çox sevindilər, qardaşım isə bu xəbəri eşidən kimi lap ümidləndi. On altı yaşının tamam olmasına az qalırdı.

Uşaq evlərində bu yaşdan sonra oğlanları saxlamırlar.

Atamın gəlişi isə o demək idi ki, onun gedəsi yeri olacaqdı.

Hə... atamızı gördük. Üçü də üstünə qaçıb onunla görüşdü (qarşılarındakı arıq, beli azca bükülmüş kişinin ataları olduğuna tam əmin olmasalar da belə!).

Mən isə yerimdən tərpənmədim. Qarşımdakı insanın atam olduğunu hiss edirdim.

Bu illər boyu onu, əslində, gözləyirdim. Amma səbəbini bilmirdim.

Onu sonuncu dəfə görəndə əlləri anamın qanına bulaşmışdı.

O, anamın qatili idi. Axı necə üstünə yürüyüb heç bir şey olmamış kimi onu qucaqlaya bilərdim?!

Əziyyət çəkməli olmadım. Özü mənə yaxınlaşıb üzümdən öpdü.

Sonra isə yalanlardan və boş vədlərdən ibarət sözlər iti çay axmağa başladılar.

Biz də dinlədik. Hansısa bir an hətta ümidləndim də.

Ümidləndim ki, bundan sonra həqiqi bir ailəmiz, evimiz, xoşbəxt həyatımız olacaq.

Axı atamız evə bir az əl gəzdirib onu qaydaya salan kimi bizi burdan birdəfəlik aparacağına söz verdi.

İndi də qəlbimizdəki bu yeni ümidlə yaşamağa başladıq.

Bəzən anamızın öldürüldüyü həmin o evdə necə yaşayacağımızın mümkün olacağına şübhə edirdim. Lakin bütün uşaq evində qalan yetimlərin arzusu normal evdə, xoşbəxt ailədə yaşamaqdır.

Ancaq ümidlərimiz çox qısa zamandan sonra darmadağın oldu.

Qardaşım on birinci sinfi bitirən kimi uşaq evindən çıxmaq məcburiyyətində qaldı. Əsgərliyə yollanana qədər ona qalacaq yer lazım idi.

Bir neçə ay öncə yağlı vədlər verən atamdan isə heç xəbər yox idi.

Qardaşım evimizə getməyi qərara aldı.

İki gündən sonra bizim yanımıza gələn qardaşımızı gördükdə bütün arzularımız puç oldu. Qardaşım baş verənləri bizə dodaqlarında oynayan əsəbi bir təbəssümlə nəql etdi:

− Gör bir kimə inandıq?! Təsəvvür edin ki, gedib soraqlaşa-soraqlaşa evimizi tapmışam. Ac-susuz oraya çatmışam, qapını döyürəm.

Qapını mənə cavan qız açır. Elə çaşdım ki, heç bilmədim nə soruşum.

Birdən içəridən atamızın səsi gəldi: “Kimdir, ay qız?”

Elə özü də sualının arxasınca peyda oldu. Məni görüb özünü itirdi. Qızı tez içəri çəkdi, özü qırağa çıxdı.

Qapını da bağladı. Mənə də dedi ki, gördüyüm o qız onun arvadıdır. Artıq evlənib.

Bizi daha evə buraxa bilməz. Özümüz öz həyatımızı quraq. Nə onu, nə də arvadını narahat etməyək.

Qardaşım bu sözləri deyib getdi, birdəfəlik həyatımızdan çıxdı. Onu bir də
görmədik. Atamızdan isə bizə heç bir xeyir gəlməyəcəyini öyrəndik.

Xatun müəllimə isə yenə də yanımızda idi, bizə ürək-dirək verir, həyatımızın necə olacağının bizim öz əlimizdə olduğunu başa salırdı.

Mən on birinci sinfə keçəndə atamız bizi görməyə gəldi.

Bacılarım onun yanına getdilər. Mənim gəlmədiyimi görəndə otağıma gəldilər və onu görmək üçün məni dilə tutdular. Nəhayət, razılaşdım.

Atamın yanına yaxınlaşanda içimdəki bütün nifrət hissi düz boğazıma qədər qalxıb məni boğmağa başladı.

Məni öpmək üçün mənə sarı əyilən atamın başındakı papağı çıxarıb yerə tulladım.

O, heç nə demədi, sakitcə papağını yerdən götürüb əlində tutdu.

Bir az susduqdan sonra danışılacaq heç bir sözümüzün olmadığını gördü, üzünü döndərib getdi.

Xatun müəlliməyə bu hadisəni danışanda o, məni etdiyim hərəkətə görə danladı.

Bəlkə də, Xatun müəllimə haqlı idi, amma içimdə nə hiss etdiyimi məndən başqa heç kim bilmirdi. Məni yetim edən o adamın papağını yerə tullamağım − ona qarşı edə biləcəyim ən yaxşı şey idi.

Bundan sonra o bir daha gəlmədi. Mən onu gözləmirdim, amma bacılarım hələ də atalarının yolunu gözləyir, onları bir gün buradan aparacağına inanırdılar.

Mənim isə bu düşüncələr üçün heç vaxtım da yox idi.

Məktəbin sonuncu ili idi. Məqsədim var idi. Universitetə qəbul olunmalıydım.

Bunu çox istəyirdim. Bacardığım qədər keçdiyim fənləri təkrarlayırdım.

Qəbul imtahalarına necə hazırlaşacağımı dəqiq bilməsəm də, qarşıma məqsəd qoymuşdum.

Xatun müəlliməyə deyəndə ki, Azərbaycan dili və ədəbiyyat fənlərini də təkrarlamağa başlamışam, mənə gözlənilmədən bir təklif etdi.

Düz bir il Xatun müəllimə heç bir təmənna güdmədən məni qəbul imtahanlarına öz fənni üzrə hazırladı.

Əvvəlcə uşaq evinin rəhbərliyi onun evinə getməyimə icazə vermədi.

Bunun qanunsuz olduğunu dedilər. Xatun müəllimə uşaq evinə gəldi və müdirlə razılığa gəlməyə çalışdı. Müdir bunun ancaq bir şərtlə mümkün olduğunu dedi.

Gərək Xatun müəllimə öz əli ilə ərizə yazıb qoyaydı ki, Muradla bağlı bütün məsuliyyəti öz üzərimə götürürəm.

Əgər onun evinə gedib-gələn vaxtı başıma bir iş gəlsəydi, bunun üçün cavabdeh yalnız Xatun müəllimə olacaqdı...

Mən müdirin kabineti önündə gözləyirdim.

Xatun müəllimə otaqdan çıxanda onun az da olsa, narahat olduğunu gördüm.

Mənə hər şeyi danışdı, sonra da dedi ki, sabahdan rahat-rahat hazırlığa gəl.

Sonra utana-utana on manat pulu çıxarıb əlimə qoydu: “Avtobusa verməkçün lazımın olacaq.”

Bu manatları Xatun müəllimə il boyunca mənə verir, üstəlik hər dəfə hazırlıq bitəndən sonra mənə özünün bişirdiyi xörəklərdən yedirirdi. Çox utanırdım.

Həm ondan pulu aldıqda,həm onlarda qalıb yemək yeyəndə. Amma başqa çarəm yox idi.

Xatun müəllimənin evi uzaqda idi, piyada gedib-gələ bilməzdim, mən hazırlıqdan dönənə kimi də uşaq evində nahar vaxtı bitirdi.

Xatun müəlliməni və onun bu yaxşılıqlarını heç vaxt unutmayacağam.

Məhz onun sayəsində, mənə bilavasitə köməyi və məni uğur qazanacağıma inandırmağının sayəsində qəbul imtahanlarını verdim və çox arzuladığım fakültəyə − Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olundum.

Sevincim yerə-göyə sığmırdı, bacılarım və Xatun müəllimə də mənimlə birlikdə sevinirdilər.

Lakin həyatdakı ilk böyük çətinliyimlə birinci dəfə üz-üzə qaldım. Uşaq evində mənim üçün artıq yer yox idi!

Mənlə bir fakültədə oxuyan uşaqlardan bir neçəsi birlikdə kirayə evdə qalırdılar. Bir az onlarla yaşadım, daha sonra başqa bir dəstə ilə, sonra yeniləri ilə.

Bu, uzun sürə bilməzdi. İş axtarmağa başladım. Hara gedirdimsə, ancaq bütün günümü sərf edəcəyim işlər olurdu. Mən isə dərslərimdən geri qalmaq istəmirdim.

Qrup yoldaşlarım dekana yaxınlaşıb ondan kömək istəməyi məsləhət gördülər.

Onun yanına gedib məsələnin nə yerdə olduğunu danışdım.

İkinci kursun əvvəlində dekan məni yanına çağırıb xoş xəbər verdi. Mənim üçün iş tapmışdı.

Azdramada qocaman bir rejissorun assistenti kimi işləyəcəkdim, özü də yarımgün.

Dekana necə təşəkkür edəcəyimi bilmirdim. Bu – həm iş, həm də praktika demək idi.

Sevindiyimdən dərsdən çıxan kimi uşaq evinə yollandım və bacılarıma iş barəsində danışdım. Gülnarə elə sevinirdi ki!

İşin mənim üçün necə əhəmiyyətli olduğunu başa düşməyən balaca bacımda da şən əhval-ruhiyyə oyatmağa çalışırdı.

Elə səhəri gün böyük həvəslə işə yollandım.

Artıq problemlər məsafəcə məndən uzaqlaşmışdı, mənə elə gəlirdi ki, bir əl hərəkəti ilə onların önümdən siləcəyəm və normal həyata başlayacağım vaxta çox az qalıb.

Qocaman rejissor isə məni göylərdən yerə endirdi.

Onun yanında işə başladığım andan yetim olmağın necə acı bir duyğu olduğunu anladım.

Mən ona assistentlik deyil, qulluqçuluq edirdim. Məni yemək, araq almağa göndərirdi.

Sonra əmr edirdi ki, onun üçün süfrə açım, o yeyib qurtardıqdan sonra yığışdırım.

Məşqlər keçirilən yerə, ümumiyyətlə, buraxmırdı, deyirdi ki, hələ uşaqsan, rejissorluq etmək üçün sənin nə yaşın, nə ağlın yetir. Səbrim dörd aya bitdi.

Bu müddət ərzində özümə olan hörmətim belə silinib gedirdi.

Düzdür, aldığım maaş evin kirəsini ödəməyə və gün ərzində heç olmasa bir dəfə yemək yeməyə çatırdı. Ancaq qürurum artıq dözmürdü.

Ərizə yazdım, elə həmin gün də idən çıxarıldım. Nə asan imiş...

Yaşamaq isə asan deyildi. Dostlarımın təkidinə baxmayaraq, dekanın yanına getmədim. Adam bir adamın üstünə neçə dəfə xahişə gedər?!

Evin aylığını verə bilməyəndə üz tutdum uşaq evinə, xahiş etdim ki, mənə bir müddət orada yaşamağa icazə versinlər.

Müdir xahişimi rədd etdi, ancaq köməyi dəydi mənə. şəxsi işimdən dayımın ev ünvanını gətirib verdi mənə.

Dedi ki, təzəlikcə şəxsi işləri yerbəyer edərkən bunu tapıb, bəlkə, lazımın olar.
Anamın qohumları bizdən imtina etmişdilər.

Arvadını öldürən alkaşın balaları kimə lazımdır axı?!

Mənim isə qürurum o qədər əzilmişdi, məni, bəlkə də, it kimi qovacaq dayımın evinin axtarışına elə həmin gün getdim.

Asanlıqla tapdım. Qapını döydüm. Onu ucaboy qırx-qırx beş yaşında bir kişi açdı.

Nə istədiyimi soruşdu. Anamın adını deyərək, dayımı axtardığımı dedim.

Adımı soruşdu. Dedim. Beş dəqiqəyə kimi mənə diqqətlə baxdı, sonra içəri dəvət etdi.

Dayım pis adam çıxmadı. Düzdür, əvvəlcə məni qarşısında otuzdurub bir xeyli nəsihət verdi.

Atamın qatil və alkaş olması üzərimə iri bir kölgə salırdı.

Ona görə də dayımı qınamıram. Sonra isə mənə evində yaşamağa, daha doğrusu gecədən-gecəyə qonaq otağındakı divanda yatmağa icazə verdi.

Niyə gecədən-gecəyə? Çünki gündüzlər onun mağazasında satıcı işləməliydim.

Ancaq mənim üçün bu, ən yaxşı çıxış yolu idi. Növbəti gün dayımın mağazasına getdik.

Oldum satıcı.

Əvvəl elə bilirdim ki, işi də, dərsi də çatdıracağam.

Lakin dayıma təhsil almaq istəyimi başa salmaq asan olmadı.

Universitetə qəbul olunmaq üçün çəkdiyim əzab-əzəyyətdən, Xatun müəllimənin mənim üçün etdiyi yaxşılıqlardan danışdım. Dayım isə bir az dinlədikdən sonra dedi:

− Bir halda ki oxumaq istəyirdin, onda evimə gəlib nəyə görə məndən kömək istədin? Yadında saxla, evimdə yaşamaq istəyirsənsə, işləməlisən, üstəlik sənə maaş da verəcəyəm, sən də pulunu yığ, özünü bir yana çıxar. Mən həmişə olmayacağam. Nə yapışmısan rejissorluqdan? Rejissor olub neyləyəcəksən? Ağlı olan indiki zəmanədə alverə gedər ancaq. Sən də ağlını başına yığ, gələcəyini təmin etməyə çalış.

Etiraz etmək mənasız idi. Dayım məni dinləməyəcəkdi.

Dərslərə gedə bilmədiyimə görə isə universitetdə problemlərim yaranmışdı.

Qrup yoldaşlarımdan biri ilə əlaqə saxlayırdım.

O, dekanlıqdan xəbər gətirmişdi ki, qış sessiyasına gəlməsəm, universitetdən qovulacağam.

Dayımı birtəhər yola gətirdim ki, məni heç olmasa, imtahanlara buraxsın.

İmtahanlarda müəllimlərin və qrup yoldaşlarımın köməkliyi ilə növbəti semestrə keçdim.

Dayım isə hətta imtahanlara getdiyimə görə məndən narazı idi.

Üstəlik elə hesab edirdi ki, mən bədxərclik edirəm, cünki hər həftə bacılarımın yanına gedir, onlara hədiyyələr alırdım. Özüm də arada dəbdə olan paltarlardan alırdım.

Dayımın ailəsi mənə çox soyuq münasibət bəsləyirdi.

Qonaq otağındakı divanı belə mənə çox görürdülər.

Günlərin birində onlar yenidən üstümə hücuma keçib məni saat on birdə, işdən evə yenicə dönən kimi danlamağa başlayanda artıq dözmədim.

Qapını çırpıb mağazaya getdim. Başladım mağazada yaşamağa, bütün günü orada işləyirdim, gecələr isə stulda oturub piştaxtaya söykənib yatırdım.

Belimdəki ağrılar belə başladı.

Dərsdən, əlbəttə ki, heç söz gedə bilməzdi. İkinci semestr ərzində bir dəfə də olsun, universitetə gedə bilmədim.

Bilirdim ki, qovulacağım gün uzaqda deyil.

Bəlkə də, ona görə may ayında qrup yoldaşım mənə qovulduğum haqqında sənədi gətirəndə heç təəccüblənmədim.

Amma ən böyük arzumun əlimdən alınması üçün kədərlənirdim.

Bir də Xatun müəllimə gəlib durdu gözümün önündə. Onun bütün zəhmətini yerə vurmuş oldum.

Dayıma sənədi göstərəndə, mənə sakitcə baxdı.

Elə bil, nə isə demək istədi. Ancaq fikrini dəyişib müştərinin mağazaya girdiyinə işarə etdi.

Daha iki ay işlədikdən sonra isə heç gözləmədiyim anda əsgərliyə çağırış vərəqəsi gəldi.

Birinci dəfə ağlıma gəldi ki, anamı görməliyəm.

Dayım məni onun qəbrinin üstünə apardı. Qəbir otların arasında itib-batmışdı.

Bir neçə saat dayanmadan işlədim, nəhayət, qəbrin ətrafını təmizlədim.

Daşın üzərinə anamın şəkli həkk olunmamışdı. Sadəcə adı vardı, bir də doğum-ölüm tarixləri.

Anamla xeyli danışdım. Ona söz verdim ki, bir gün bacılarımı da onun yanına gətirəcəyəm.

Sonra isə bacılarımla vidalaşmağa getdim.

Xatun müəllimə ilə vidalaşmağa getməyə üzüm gəlmədi. Bacılarım ona universitetdən qovulduğumu demişdilər.

İndi maşın məni atıb-tutur, yazmağa çətinlik çəkirəm, ancaq içimdəkiləri boşaltmalıydım. Sonra vaxt olmaya bilər.

Bəzən bir gün öz həyatımı lentə alacağımı xəyal edirəm. Bu – mənim ilk rejissorluq işim ola bilərdi...

Bəlkə də, nə vaxtsa qismət olar, əgər Murovdağdan sağ-salamat dönsəm...

yanvar, 2011
XS
SM
MD
LG