Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:30

Elmira Axundova: «Dünyada hər şeyi pul həll edir»


Elmira Axundova
Elmira Axundova
«İşdən sonra» verilişinin «Parlament saatı»nın qonağı deputat Elmira Axundovadır. Onunla müsahibəni təqdim edirik:

- Parlamentin yeni tərkibindən təəssüratlarınız necədir?

- Mən hələ kifayət qədər tanış ola bilməmişəm parlamentin yeni tərkibi ilə. Çünki bizdə bir-iki iclas oldu. Sonra da tətilə çıxdıq. Bir neçə adamı mən şəxsən tanıyırdım və əməkdaşlıq da edirdim. Şadam ki onlar parlamentdə təmsil olunurlar. Aytən Mustafayevanı, Rasim Musabəyovu, Sahibə Qafarovanı tanıyırdım. Bəlkə bir 10-15 nəfər təzə simalardan olmuş insanları mən tanıyırdım. Amma əksəriyyətini düzünü deyim tanımıram. Rayonlardan seçilmiş deputatlar mənim bildiyimə görə əsasən iş adamlarıdır, bizneslə məşğul olmuşdular. Alim adamlar da var. Parlamenti səciyyələndirmək hələlik çox çətindir. Çünki əməli işə biz təzə başlayacağıq. Mən sizə bir yarım il sonra, Allah qoysa siz məni dəvət etsəz bizim o keyfiyyətlərimizi daha dəqiq deyə bilərəm. Hələlik tezdir.

- Parlament mütəxəssis baxımından aclığını doydura bilirmi?

İSTƏYƏRDİM Kİ, İQTİSADÇI DAHA ÇOX OLSUN PARLAMENTDƏ

- Bu dəfə hüquqşünaslar gəlib - Çingiz Qənizadə, politoloq gəlib, bir-iki alim gəlib. Jurnalistlər daxil olublar təzə. Mən istəyərdim ki, iqtisadçı daha çox olsun. Mənə elə gəlir ki, biz iqtisadiyyatla bağlı mühüm sənədlərə əl atırıq. Amma həmişə bax o 5 ildə belə olub. İndi bəlkə başqa cür olacaq. Professional təhlili parlamentdə 3-4 nəfər verirdi. Biri Ziyad Səmədzadədir, bu onun necə deyərlər çörəyidir. Bir də Vahid Əhmədovla, Əli Məsimlidir. Onlardan savayı mən o professional təhlili eşitməmişəm o qədər də. Ona görə istərdim ki, daha çox iqtisadçı işləsin parlamentdə. Onlardan deyəsən bir az kasadlıqdır bizdə.

- Sizə müraciət edən insanların əsas şikayətləri nədən olur?

BİZİM BİR ÇOX CAVANLARIMIZ, KİŞİLƏRİMİZ SADƏCƏ İŞLƏMƏK İSTƏMİR

- Mən hər gün işləyirəm. Camaatı qəbul edirəm. Əsas problem guya ki, işsizlikdir. Deyirlər ki, bizə iş tapın. Zəng edirlər, yazırlar. Sonra başlayırsan araşdırmağa. Bu gün gəlib biri deyir ki, mən polisdə işləmək istəyirəm. Göndərdim onu polis şöbəsinə dedilər ki, bunun mart ayında 30 yaşı tamam olacaq. Bizdə isə may ayında testlər başlayır. Ona görə bu keçmir. Orta təhsilli cavan oğlandır. Deyirəm ki, gəl mən səni göndərim bizdə bir-iki fabrik, zavod var, mebel var, konserv zavodu var, kərpic zavodu var, Masallıda istehsalat var. Deyirəm gəl zəng edim səni göndərim ora fəhləliyə. Fəhlə də 200-300 manat maaş alır. Yanındakı deyir ki, bilirsən zəifdir bu oğlan işləyə bilməz. Kənd yerindən mənim yanıma onlarla cavan oğlan gəlir. Mən onları göndərirəm zavoda, deyir ki, yox mən orada işləyə bilmərəm. Bəs rayonda sən harada işləyə bilərsən? Onlar istəmirlər. Harada istəyirlər - polisdə, vergidə. Ali təhsillilər ancaq vergidə və gömrük komitəsində işləmək istəyir.

Onlara deyəndə ki, vergidə, gömrük komitəsində gərək test üsulu ilə keçəsən, zənglər artıq keçmir. Mənə acıq edir ki, bizdə işsizlikdir, deputat da kömək etmək istəmir. Halbuki mən bilirəm ki, bizim rayonda hazırda 200-300 vakant yerlər var. Masallı rayonunun özündə. Demirəm ki, orada yüksək maaşdır, demirəm ki, orada min manat maaş alacaq. Amma heç olmasa ailəsinə, anasına kömək edə bilər. Göndərirsən məşğulluq idarəsinə 5-6 iş təklif edirlər, hamısından imtina edirlər. Bu nədən irəli gəlir? Mən bunu başa düşə bilmirəm. Əmək yarmarkaları var, əmək birjaları var. Bakıda bir tanışım var. Onun qaynanası xahiş edir ki, mən yorulmuşam bunları saxlamaqdan. Sən Allah onu işə düzəlt. İki yerə göndərmişəm ikisi də mühafizə. Biri neft mühafizəsi, biri isə özəl. İkisində də buna iş təklif ediblər. Birində 150 manat, o birində 250 manat. Özü də evə də yaxındır. Zağulbada yaşayır. İstəmədi. Bu nə deməkdir? Sən bunu bacarırsan bundan başla. Biz sovet vaxtında cavan idik. 70 manata da işləyirdik, 80 manata da, 90 manata da. Ali təhsilli idik. Orta təhsilli insan dərhal istəyir ona min manat maaş versinlər. Ələbaxımlılıq yaranıb. Mən bilmirəm bu nədəndir. O qaynanasının öhdəsində, qaynanasının çiyinlərində oturacaq, bu eyib deyil. Amma 200-250 manat almaq eyibdir kişi üçün. Mənə elə gəlir ki, bizim bir çox cavanlarımız, kişilərimiz sadəcə işləmək istəmir.

- Nəyə görə daha çox gömrükdə və vergidə işləməyə can atır cavanlar?

- Yəqin pul çoxdur da orada. Yaxşı maaş verirlər, yaxşı qazana bilirlər. Özünüz bilirsiniz də yəqin (Gülür).

- Dinləyici yazır: Qax rayonunun Qum kəndinin sakinləri bağlarındakı fındığı Bakı bazarlarına apara bilmirlər. Bazarda monopoliya onları yaxına buraxmır. Kənddə isə bazarda 5-6 manata satılan fındığı Bakıdan gəlib 30 qəpiyə topdan almağı təklif edirlər. Nəticədə Qum sakinləri fındığı-qozu bağlarda çürüdür, amma satmır. Deyirlər ki, heç satmağa dəymir.

ACINACAQLI HALDIR

- Xoşagəlməz haldır. Mənə elə gəlir ki, biz monopoliya ki deyirik bu elə monopoliyanın təzahürüdür. Hamı çağırış edir, prezidentdən tutmuş məmurlaracan, deputatlaracan ki, biz monopoliya ilə mübarizə aparmalıyıq. Amma görünür bu mübarizə lazımi effekt vermir. Çox acınacaqlı haldır.

- Bəlkə həm də səbəb budur ki, monopoliyadan daha çox danışan nazirlərdən biri indi həbsdədir.

- Yox. O neçə ildir həbsdədir. Tək o danışırdı? Danışmaq lazım deyil axı, iş görmək lazımdır. Əməli iş görmək və belə neqativ halları aradan qaldırmaq lazımdır. İstehsalçılara kömək əlini uzatmaq lazımdır. İstehsalçının mallarını almaq lazımdır. Fındıqdır, qozdur bunlar eksport mallardır. Bu malları bilirsiz necə həsrətlə gözləyirlər? Rusiya bazarlarında, MDB bazarlarında. Niyə axı biz bunu belə edək ki, onlar çürüsün? Mən bilirəm ki, bizim biznesmenlərimiz Müdafiə Nazirliyinə başqa ərzaq verirlər. Onlar bunu gedib Orta Asiyadan alırlar. Elə getsinlər bizimkilərdən alsınlar da. Bax o da maraqlıdır. Nəyə görə onlar Orta Asiyadan alır hər şeyi? Bax bu fındıq-qoz nə qədər burda restoranlar var, şadlıq evləri var. Onlara lazımdır axı. Doğrudanmı bunu Bakıya gətirməyə qoymurlar. O dərəcədə monopoliya var?

- Dinləyici yazır: Parlamentdə insanların pis gündə yaşaması haqqında danışmaq fikriniz varmı? Yoxsa siz də elə fikirləşirsiniz ki, Azərbaycan iri addımlarla irəliləyir?

- (Gülür) Bir az sadəlövh sualdır. Biz Sosial-Siyasət Komitəsinin üzvüyük və həmişə elə bax bu məsələlər barədə danışırıq. Bu günlərdə mən bizim komitənin sədrinə iki qanun təşəbbüsü təqdim etmişəm. Xahiş etmişəm ki, biz bunu Sosial Müdafiə Fondu ilə müzakirə edək. Problemin biri ahıl müəllimlərin təqaüdləri ilə bağlıdır. Onlar 2006-cı ildə təqaüdə çıxıblar. Onların təqaüdləri 85-95 manat arasındadır. Halbuki, 2010-cu ildən sonra və 2011-ci il yanvarın 1-dən belə bir prinsip nəzərdə tutulur ki, bundan sonra həm məcburi sığorta və həm də iş stajı təqaüd veriləndə nəzərə alınacaq. Və indiki müəllimlər təqaüdə çıxanda ən azı ahıl müəllimlərdən 2 dəfə çox təqaüd alacaqlar. Bu nəyə gətirib çıxarır? Bizim məktəblərdə, ələlxüsus kənd məktəblərində qocalaşma prosesi çox sürətlə gedir və ahıl müəllimlər 75 yaşında hətta 80 yaşında hələ ki çalışır. Və cavanlar aylarla, illərlə növbədə dururlar ki, məktəbdə özlərinə iş tapa bilsinlər. Bu böyük bir problemdir.

Mənə elə gəlir ki, 75 yaşdan yuxarı ahıl müəllimlərə, heç olmasa 45-50 il onların stajı var, eksklüziv qaydada pensiyası təzə prinsipə uyğun hesablanmalıdır ki, onlar da vaxtlı-vaxtında pensiyaya getsinlər.

20 MANATA NƏİNKİ İNSANI, HEÇ PİŞİYİ DƏ YEDİZDİRMƏK OLMAZ


İkinci problem dərman pullarıdır. Mən bu qanun təşəbbüsü ilə çıxış etdim. Bu gün Hadı müəllimə təqdim etdim və xahiş etdim ki, biz bunu müzakirə edək. Bizim dövlətimiz insanlara pulsuz xidmət göstərir. AİDS-ə yoluxanlar, vərəm xəstələri, onkoloji xəstələr, diabetdən əziyyət çəkənlər müəyyən mənada dərman preparatları ilə təmin olunurlar. Amma ahıl insanlar yenə də hansı ki, xroniki xəstəliklərdir, bunların pensiyalarının çox hissəsi dərmanlara gedir. Və bir çox ölkələrdə ahıl insanların dərmanları ümumiyyətlə pulsuzdur. Və ya bəzi ölkələrdə onların təqaüdlərinə az da olsa dərman pulu əlavə edilir.

Mən istərdim ki, bizdə də belə bir prinsiplə ahıl insanlara 30-50 manat arasında dövlət dərman pulu versin. Başqa sosial problemlər üzərində də işləyirik. Hamilə qadınların dekret məsələsi, birdəfəlik müavinətlərin azlığı barədə mən həmişə düşünürəm. Biz keçən il bunu 75 manat etdik. Amma mənə elə gəlir cüzi bir rəqəmdir. Uşağa qulluq etməyə görə, insan işləmir, ona ayda ilyarıma qədər 20 manat cəmi pul verilir. Mənə elə gəlir ki, bu çox cüzi bir miqdardır. Və 20 manata nəinki insanı, heç pişiyi də yedizdirmək olmaz. Amma üç il evdə otursa 3 iləcən 10 manat verilir. Gülməli rəqəmlərdir. Bununla biz gərək mübarizə aparaq və çalışaq nəyisə düzəldək. Ona görə bunları həmişə mən düşünrəm, deyirəm, təşəbbüslə çıxış edirəm. Məsələ bundadır ki, eşidən var, eşitməyən də var. Parlamentdə bizim səlahiyyətimiz var - qanun təşəbbüsü irəli sürməyə. Amma bunu qəbul etmək bir az çətindir.

- Kim eşitmir?

- Maliyyə strukturları var. Maliyyə tutumlu qanunlar çox çətin keçir bizdə.

- Məktəbli qızların hicabla dərslərə buraxılmamasına sizin fikrinizi öyrənmək istəyir dinləyicilər.

HİCAB ORTA MƏKTƏBDƏ LAZIMSIZDIR

- Mən orta məktəbdə qəti əleyhinəyəm hicab bağlanmasının. Ələlxüsus 5, 6, 7, 8 yaşlı qızları görəndə hicabla, mən başa düşürəm ki, onlar bunu özbaşına etmirlər. Onların şüuru hələ o qədər deyil ki, hicab bağlasın. Mənə elə gəlir ki, bu yenə də insan hüquqlarına qarşı kobud bir pozuntudur. O ki qaldı insan böyüdükcə, özü-özünə yol seçdikcə, ali məktəblərdir, iş yerləridir bu başqa məsələ. Orta məktəbdə yeganə forma var və biz gərək o formaya riayət edək. Hicab orda lazımsız bir şeydir. Heç olmasa yetkinlik yaşına çatmayan insanlara, qadınlara hicab geydirmək mənə elə gəlir düzgün deyil. Çünki bu onların bir növ hüquqlarının pozulmasıdır.

- Amma deyirlər ki, bu vicdan azadlığının əleyhinədir. Çünki uşaqların dini seçimini onların valideynləri müəyyənləşdirir.

- Bu düzgündür? Mən bunu düzgün hesab etmirəm. Mən adamlar tanıyıram ki, 30 yaşında, 40 yaşında, 50 yaşında inanca gəlirlər. Biz sovet ölkəsində yaşamışıq. Bizdə dini ənənələr yox idi. Mən inanmıram ki, 7 yaşlı qız şüurlu şəkildə bu yolu seçsin. Sadəcə olaraq bu görür ki, onun atası və anası bu yolu seçib, fikirləşir ki, bunun da başqa yolu yoxdur. Mənə elə gəlir və mən bir çox faciələri də görürəm, bilirəm. Uşaqlar oxumaq istəyir, əvvəl hicab, sonra deyir yox getməyəcəksən məktəbə. Bizim rayonda da var belə məsələlər. Niyə bu məsələni qaldırmırsınız? Əvvəl hicab, sonra deyir 10-cu sinifi oxumayacaqsan, 9-u oxudun bəsdir. İndi ərə gedəcəksən. Hazırlaş. Bəs biz buna nə deyək? Hicabı görürsünüz, bəs bu qızların göz yaşlarını görmürsünüz?

- Hicab taxan qızların məktəbə getməməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

BƏLKƏ DƏ MÜƏYYƏN GÜZƏŞTLƏR OLMALIDIR BU MƏSƏLƏDƏ


- Bu, çox pis məsələdir. Yenə də mənə elə gəlir ki, danışıqlar yolu ilə. Yenə də gərək Təhsil Nazirliyi bu barədə fikirləşsin. Bəlkə də doğurdan müəyyən güzəştlər olmalıdır bu məsələdə. Bəlkə də geriləmə olmalıdır. Təki bizim qızlarımız məktəblərə getsin. Amma mənə elə gəlir ki, bir çox qüvvələr bunu şüurlu şəkildə siyasiləşdirir. Onu siyasət aləminə aparır və bu problemi qəsdən siyasiləşdirirlər ki, radikallaşdırılsın bu problem və bundan xoşagəlməz nəticələr çıxsın. Mənə elə gəlir ki, hətta kim maraqlı deyil bu problemdə, bu problemə qoşulur. Hərdən elə materiallar oxuyursan, görürsən ki, əşi sənin bu problemə nə dəxlin var axı. Sənin bu problemə heç bir dəxlin yoxdur axı. O da başlayır öz mülahizələrini yetirməyə. Özü də görürsən ki, çox belə radikaldır. İnanmıram mən belə şeylərə.

- Varmı bu gün Azərbaycanda dini zəmində gərginlik?

- Yoxdur.

- Dinləyici yazır: Azərbaycanda deputat həll edə bilmədiyi məsələni pul həll edirsə siz nə düşünürsünüz bu barədə?

- Dünyada hər şeyi pul həll edir, tək bizdə yox.(Gülür). Bu ənənə də bizə Qərbdən gəlib.

Elmira Axundova sənədsiz evlər haqqında nələri dedi?

Deputatın yaxınından kim rüşvət alıb?

Qış parkı ərazisində yaşamış insanlar barədə hansı açıqlamalar verdi?

İnsanlarda nəyin çatışmadığını dedi?

Hansı prinsipi tapa bilmədiklərini etiraf etdi?

XS
SM
MD
LG