Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:02

ZAUR. Mənsur şeirlər


Cizgilər...

HAMİLƏYƏM...

İllərdi hamiləyəm, doğammıram balamı. Doğammıram ki, mən də rahat yaşayıb, rahat öləm bu dünyada...

O, mən doğulanda dolub içimə. İçimdən damarlarıma qanıma keçib.

Bütün bətndəki balalar kimi o, da vaxtında doğulmaq istəyib. Doğammıram qardaşlarım... Doğammıram övladımı...

Didir – parçalayır içimi. Tezliklə azad olmaq istəyir. Fəqət, doğularaq əbədi yaşamaq, yaşatmaq istəyir.

Gecələr danışıram içimdəki balamla... O, artıq böyüyüb, qocalır içimdə.

Yaşı məndən də böyükdür. Öz balam, qoca balam, etiraz edir, mənim acizliyimə...
- Sən ki, qısır deyilsən.

Sən ki, ölü deyilsən. Nədən məni azad etmirsən?! Burax, burax məni bu dünyaya... Sənin içini didiyim kimi, burax didim adımın əkslərini.

Burax, parçalayım, adımı tapdalayanları. Burax, gecə - gündüz meydanlarda yatım mən...

Burax, burax deyirəm sənə, doğ, doğ deyirəm sənə...

Doğ ki, adımı qazandırım bu millətə, bu məmləkətə...

Sən acizsən, sən qorxaqsan! Səsini içinə doldurursan. İçində mənimlə səsinin döyüşü gedir.

Bu da səni içindən öldürür. Sən ölüsən! Diri ölü. Sən dirisən, ölmüş diri! Nə vaxtacan susacaq, satacaqsan torpağını, qeyrətini, sərvətini?!

Nə vaxtacan göz yumacaqsan, adımın əkslərinə?! Nə vaxtacan, cavab ver, nə vaxtacan?!.

Ya səsini içinə doldurub, diriykən ölməlisən, ya HAQQ adlı övladını içindən azad edib, doğmalısan!

Mənim adım HAQDIR! Mən Allahın oğluyam. Mən oğruların, haqqsızların cəlladıyam.

Doğ, doğ məni! Ya da bir dəfəlik, ölü olub, içində boğ, boğ məni!!!

23 Yanvar, 2011
Bakı şəhəri.


DƏRDİN AZALIR ANAM...

01 Fevral- Doğum günümə...

Məni doğanda, dərdimi də doğub anam mənimlə... Həkim anama: - Oğlun olub, - deyəndə, Anam: - Oğlun yox, denən dərdin olub, ay həkim, - deyib.

Budur, oğlunun - yox, səhv etdim, dərdinin yenə doğum günüdür ana! Hər il dərdinin yaşını böyüdən anam, öpüb, əzizləyən, kövrələn anam, bu gün mənim yox, sənin dərdinin doğum günüdür.

Dərdin böyüyüb, boya – başa çatıb artıq... qocalır, hər il yaşının üstünə yaş gəlir anam...

Saçlarımı darayıram, bir neçə ağ dən düşüb, saçımın tellərinə... Deyəsən, vatından tez qocalıram...

Bu nə çağdır gəlib başıma? Yəni doğurdanmı, qocalıram mən?.. Qocalıram... Yaşım az, qəlbim, ağlım qocalır...

Bununla da cavan ömrüm yavaş – yavaş azalır...

Nədən məni, dərdli yaratdın Allah?.. Nədən bu yaşımda baxanlar, qoca sanır məni?!.

Mənki dünənin uşağıyam? Nədən uşaq ağlıma çirkab dünyanın dərdlərini saldın Allah, nədən?!.

Nədən, məni dünyaya gətirməklə, anama dərd verdin Allah?!.

Şikayətlənmirəm Allahıma!.. Şükür, min şükür edirəm. Ona görə şükür edirəm ki, dərd versə də, dərdimə ortaq qələm, kağız adlı dost da hədiyyə edib mənə...

İçimi didib – parçalayan hisslərimi kimsəyə deyə bilməyəndə, iki əziz dostuma danışıram.

Qələm adlı dostumun köməyilə, içimdəki dərdləri kağız adlı dostuma ötürürəm... Yaşayın dostlar!

Mən ölsəm də bu dünyada, siz yaşayın!.. Siz yaşamaqla, məndən sonra məni də yaşadın!

Bir gün, bəlkə də, elə doğum günlərimin birində köçdüm bu dünyadan mən də...

O zaman hansısa bir dərdli yazarın ölümü yox, anamın dərdinin ölümü olacaq.
Sevin anam, sevin deyirəm, sən də şadlan, artıq dərdin qocalır...

Dərdinin üstünə dərd gəlməkdənsə, dərdin qocalaraq, bu dünyada dərdin azalır...

31 Yanvar, 2011
Bakı şəhəri.


GEDƏK GÖYƏ...

Yaşım dünyadan cavandı, bəlkə də uşaq, lap çağadı... Fəqət, ruhum qoca, dünya mənə cavan gəlir...

Dünən doğmuşdu məni anam axı, nə sürətdi belə, yaşım dünyadan qabağa keçdi?!. Sanki, dünya yaradılandan da qabaq Yaradan yaradıb məni...

Sanki yaşamışam, yüz baharı, yüz qışı... Artıq alıb Əzrayıl başımın üstünü: - Hazırlaş, bəsindi, bir günə min il yaşadın, gedək, aparım səni axtardığın dünyana... Bu dünyada daima ədalət aradın, gedək, ədalət olan dünyaya...

- Sən hardaydın, bu vaxtacan Əzrayıl qardaş?!. Niyə axı, gəlmirdin? Gözümü yollarda, ürəyimi həsrətdə qoymuşdun...

Dayan, dayan, yığışım qardaş, heç olmasa, ruhumu yığım bir yerə... Yox, yox qardaşım, belə getmək olmaz...

Bütöv verilən ruhu, Yaradana yarımçıq qaytarmaq olmaz! Ruhum param – parçadır. Toplamağa, gücüm taqətim yox daha...

Ruhumun yarısı o tayda, yarısı bu taydadı... Bilmirəm ruhum harda - yerdəmidir, göydədimidir?!.

Bəlkə, gedib Allahdan möhlət alasan?!. Bir insanın ruhunu bir bədənə yığıb, sonra bu dünyadan köçürəsən... Əmanətdi bu ruh mənə, əmanəti aparırsan sən...

Gəl, ilk öncə, ruhumu yığaq bir yerə, sonra çıxıb gedək göyə...

01Fevral 2011,
Bakı şəhəri.
XS
SM
MD
LG