Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:10

«Qələmlər sındırılır, dillər kəsilir...»


«İranda düşünürlər ki, qeyri-fars millətlərinin milli istəkləri nəzərə alınsa, İran bölünə bilər»
Bu sözləri AzadlıqRadiosunun «İşdən sonra» proqramında Urmiya şəhərində yaşayan jurnalist İsmayıl Cavadi Beynəlxalq Ana Dili günündə güney azərbaycanlıların dil problemlərindən danışarkən deyib. O deyib ki, hər il fevralın 21-də Milli Azadlıq Hərəkatının fəalları aksiyalar təşkil etməklə bu məsələni gündəmə gətirirdilər.

SÖZ VERDİLƏR, AMMA MƏKTƏB YOXDUR

Ötən prezident seçkilərində həm iqtidardan, həm də müxalifətdən olan namizədlər İranda yaşayan türklərə ana dilində məktəb vəd etsələr də, belə məktəblər bu günə kimi mövcud deyil. İran Konstitusiyasının ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ verən 15-ci maddəsi də icrasız qalıb. İsmayıl Cavadi:

«Cənubi Azərbaycanda bir neçə ildir Dünya Ana Dili günü münasibəti ilə Milli Azadlıq Hərəkatının aktivistləri müxtəlif aksiyalar planlaşdırırlar. Özəlliklə 85 (2006-cı ilin may) hadisələrindən sonra yəni may hərəkatından sonra bu aksiyalar şiddətləndilər. Bir neçə ildir küçə hərəkatına döndü və eynilə polis də şiddətlə bu hadisəyə qarşı çıxdı. Eyni halda bu etirazlar, bu aktivistlərimiz tərəfindən mətbuatda yazılan etirazlarımız bais oldu ki, müxtəlif iqtidarda olan siyasi insanlar Iranda, özəlliklə Tehranda bu məsələyə diqqət yetirsinlər və seçkilər ərəfəsində özəlliklə cənab Əhmədinecat tərəfindən gələn bir sözlər deyildi ki, guya əgər cənab Əhmənejat seçilsə türk dilində kurslar qurulacaq. Amma təəssüf ki, bu günə kimi bu məsələdə heç bir açılış olmayıb».

ANA DİLİ DAVASINA İQTİDAR DA, YAŞILLAR DA MÜXALİFDİR

Jurnalist deyir ki, bu il milli fəallar aksiyalar keçirməyiblər. Çünki öz etirazlarının Yaşılların keçirdiyi aksiyalarla assosiasiya olunmasını istəmirlər.

«Aktivistlər aksiyaların Yaşıl Hərəkatın kölgəsinə düşməməsi üçün küçələrə çıxmadan, sms və CD-lər yaymaqla öz etirazlarını bildirdilər».

İsmayıl Cavadi deyir ki, milli-mədəni haqların təmin olunmasına müxalifətin münasibəti iqtidarınkından fərqli deyil. Onun sözlərinə görə Musəvinin xaticdəki sözçüsü cənab Ərdəşir Ərzimənli bir neçə gün bundan əvvəl Yaşıl Hərəkatın 3 qüvvədən qorxduğunu elan edib ki, onlardan biri Iranda olan qeyri-fars millətlərinin istəkləridir.

«Nə cənab Müsəvi, nə cənab Kərrubi buna heç bir diqqət yetirmirlər. Yaşıl Hərəkatın üzvlərinin mediada çıxışları və sloqanları fars irqçiliyi və farsçılıq zehniyyəti ilə gedir. Onların görüşləri odur ki, biz milli istəkləri öndə tuta bilmərik, yoxsa İran bölünə bilər».

YÜZDƏN ARTIQ FƏAL HƏBSDƏDİR

Jurnalist deyir ki, bu düşüncənin 80 illik tarixi var.

«İranda bir 80 illik bir fikir var, düşüncə var. Həm Pəhləvilər zamanı, həm Cumhur-Islam zamanı. Bu düşüncə var ki, guya Iranda qeyri-fars millətlər öz ana dillərini məktəblərdə oxusalar, guya belə deyirlər, bu Iranın dağılması və bölünməsi ilə sona yetəcək. Amma gerçəkdən belə deyil».

İsmayıl Cavadi bildirir ki, Iranda yüzdən artıq azərbaycanlı fəal ana dili istəyini səsləndirdiyinə görə həbsdədir. Həbsdən azad olunanlar da daim basqı altında olur:

«Bir insanı nəzarətə alırlar bir ay, iki ay. Sonra bunu zəmanətə verirlər. Bir fəza yaradırlar ki, bu insan həmişə qorxu altında olsun, danışa bilməsin. Bir daha meydana gələ bilməsin».

SIRF ANA DİLİNDƏ JURNAL QALMAYIB

Jurnalist bildirir ki, bu yaxınlarda Yarpaq qəzetinin bağlanması ilə artıq İranda bir dənə də olsun tamamilə türkcə çıxan mətbu orqanı qalmayıb.

«Cənubda çıxan jurnallarımız iki dillə çıxır. Biri çoxu farsca olub, azı türkcə olub. Siyasi məsələlərə türkcə yazmağa izn verilməz. Təkcə şer və uşaq ədəbiyyatında bəzi dostlarımız məsələni yazırlar. Amma o da, özəlliklə seçkilərdən sonra, məsələyə çox ciddi nəzarət yetirirlər. Cənab Əhmədinejadın Kültür Bakanlığı tərəfindən bu məsələ çox ciddiyyətlə izlənir. Açıqcası bu gün cənubda tamam türkcə yazan jurnalımız yox bu gün. Bir səhifə- iki səhifə yazılır o da nəzarət altında. Təəssüf ki, qələmlər sındırılır, dillər kəsilir, və heç bir ədəbi türkcəyə izn verilmir».
XS
SM
MD
LG