Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:45

Büdcə hesabına pullu yol


Azərbaycanda ilk pullu yol tikilir - «Bakı-Rusiya sərhədi». 2011-ci ildə beton yolun 59 kilometrlik hissəsi çəkilməlidir. Fevralın 22-də «Azəryolservis » Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov mətbuata belə deyib.

«Bu yol pullu olacaq. Biz bu yol boyunca yerli əhəmiyyətli iki yol da çəkmək istəyirik. Çünki bu yolu pullu etmək niyyətindəyik». Cavid Qurbanov həmin iki yolun nə zaman çəkiləcəyini, pullu yolun nə vaxt istifadəyə veriləcəyini deməyib.

Ekspertlərsə diqqəti ona yönəldirlər ki, ödənişli yolun alternativi də eyni vaxtda tikilməlidir. Pullu yolla getmək istəməyənlərin seçimi olmalıdır.

Bununla bağlı Nəqliyyat Nazirliyindən məlumat ala bilmədik. Eləcə də ekspertlərin verdiyi başqa suallara münasibət öyrənə bilmədik.

Bəs mütəxəssislər nədən narahatdırlar?

«BU ABSURDDU»

İqtisadçı ekspert Natiq Cəfərlini çaşdıran başqa şeydi. Beton yolun tikintisi büdcədən maliyyələşirsə, nuyə ödənişli olur? Ekspertə görə, bu sadəcə absurddur.

«Əgər bunu dövlət idarəsi – «Azəryolservis» tikirsə, necə ola bilər ki, xidmət pullu olsun? Çünki bu dövlət idarəsidir və Azərbaycan Respublikasının büdcəsindən maliyyələşir. O büdcəni də biz xalq olaraq, vətəndaş olaraq formalaşdırırıq. Başqa dövlətlərdə belə layihələri kommersiya, biznes sferası həyata keçirir. Sonra da qoyduqları vəsaiti çıxarırlar. Burda anlaşılmazlıq odur ki, neftdən formalaşan büdcənin puluyla layihə reallaşır. Amma sonra da onu pullu etmək istəyirlər. Məntiqsizlik burdadır. Konstitusiyadada yazılıb ki, neft xalqa məxsusudur».

Natiq Cəfərli deyir ki, bu işə xarici investorlar cəlb olunsaydı və ya yolu yerli kommersiya qurumlari tiksələriydi, onun pullu olması başadüşülən olardı.

«Yol xüsusi mülkiyyət olardısa həm keyfiyyətli çəkilərdi, həm də keyfiyyətli xidmət göstərilərdi. Dövlətin iştirakı olmadan bu proses reallaşır. Ya da bələdiyyələrə verilir, məsələn Türkiyədə. Bu vəsait də bələdiyyələrin inkişafına sərf olunur. Bələdiyyənin pulu kiminsə cibinə getmir».

«TİKİLƏ BİLƏR, AMMA BİR ŞƏRTLƏ»

Başqa bir iqtisadçı Zöhrab İsmayılsa deyir ki, dövlət büdcəsi hesabına çəkilən yol ödənişli ola bilər.

«Amma bir şərtlə, sonradan həmin pul büdcəyə qayıtsın. Alternativ yol varsa həmin yol gəlir versin. Yox əgər həmin gəlir «Azəryolservis»in hesabına gedəcəksə onda lazım deyil».

«DÖVLƏT HESABINA ÖDƏNİŞLİ YOL SALINA BİLƏR»

Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı Nazim Məmmədov deyir ki, dövlət hesabına ödənişli yol salına bilər. Belə nümunələr də var.

«Dövlət qoyduğu vəsaiti geri götürmək üçün belə addım ata bilər. Bu ənənə qonşu Türkiyədə var. İkinci Boğaz körpüsü dövlət vəsaiti hesabına qurulub. Beynəlxalq Valyuta Fondundan alınan vəsaiti geri qaytarmaq üçün pullu edilib».

Amma Nazim Məmmədov deyir ki, Azərbaycanda dövlət qurumları bəzən başqa ölkələrin nümunələrini tələm-tələsik tətbiq etməyə, pilot layihələr gerçəkləşdirməyə çalışırlar. Halbuki bundan öncə həmin layihələrin iqtisadi nəticələri öyrənilməli, nə dərəcədə faydalı, məqsədyönlü olub-olmadığı araşdırılmalıdır.

İqtisadçı deyir ki, Azərbaycanda ödənişli yolu indiki məqamda özəl şirkətin tikməsi daha məqsədə uyğundur. Dövlətsə pullu yol inşa olunmazdan qabaq vətəndaşlarına alternativ, pulsuz yolu təklif etməlidir. Yəni ödənişli yoldan öncə pulsuz yolu inşa etməlidir.

DÜNYADA NECƏDİR?

Dünyada ilk dəfə pullu yol praktikasından İngiltərədə istifadə olunub. Sakinlər yolların təmirinə pul vermək istəmirlər. Parlament də yolları təmir etdirmək, onları saxlamaq üçün 1663-cü ildə qərar verir: yolçulardan haqq alınsın.

1707-ci ildən isə yolların saxlanmasına görə cavabdehlik, «yol magistralları»nın öhdəsinə qoyulur. Onlar yolların təmirinə kreditlər cəlb edə, sonra isə yoldan istifadəyə görə aldıqları haqla həmin borcları qaytara bilərdilər.

Bu gün də Avropada, ABŞ-da, Türkiyədə, Çində pullu yollar var. Bəzən körpülərdən, tunellərdən keçid üçün pul alınır.

Azərbaycana gəlincə, Bakı-Rusiya sərhədi ilk pullu yol olmalıdır. Amma axırıncı da olmayacaq.

Nəqliyyat Nazirliyi rəsmiləri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Lökbatana çəkiləcək avtomobil yolunun ödənişli olacağı haqda mətbuata açıqlamalar veriblər.
Bundan başqa, dəniz üstündə tikiləcək körpü də pullu olmalıdır.
XS
SM
MD
LG