Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:58

Steinberglə görüşdə nələrdən danışılıb?


Fevralın 24-də Azərbaycana gələn ABŞ dövlət katibinin birinci müavini James B. Steinberg artıq səfərini başa vurub. Rəsmi səfər müddətində cənab Steinberg prezident İlham Əliyev və vətəndaş cəmiyyəti nümayəndələrilə görüşüb.

Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson deyib:

«O, prezidentlə və mülki cəmiyyət nümayəndələri ilə görüşüb. İndi biz bunu çox işıqlandırmaq istəmirik. O, vətəndaş cəmiyyətinin müxtəlif sahələrini təmsil edən, insan haqları sahəsində, konfliktlərin həlli sferasında çalışan bir qrupla müzakirə apardı».

James B. Steinberglə görüşdə iştirak edənlərdən biri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus olub. Onun dediyinə görə, dövlət katibi müavini ilə Azərbaycanda insan hüquqları, qanunun aliliyi və korrupsiya ilə bağlı başlanmış kampaniya haqqında danışılıb:

«İŞGƏNCƏLƏRLƏ ƏLAQƏDAR ƏTRAFLI DANIŞDIM...»


«Mən də ətraflı danışdım ki, Azərbaycanda insan hüquqları pozulur. İşgəncələrlə əlaqədar ətraflı danışdım. Azərbaycanda məhkəmə işlərini. Cabbar Savalanın tutulması yenə də onu göstərir ki, gənclərə qarşı repressiyalar baş alıb gedir. Azərbaycanda insan hüquqlarının pozulmasında ən birinci yeri tutan isə mülkiyyət hüquqlarıdır. Bunları danışdıq».

Leyla Yunus deyir ki, Steinberg görüş iştirakçılarına bir çox suallar ünvanlayıb. Məsələn Azərbaycan məhkəmələri necə işləyir, sadalanan problemlərin aradan qaldırılması yollarını necə görürlər və s.

Steinbergin səfər planınına siyasi partiyalarla görüşmək məsələsi daxil edilməyib.

Müsavat partiyası başqanı İsa Qəmbər hesab edir ki, önəmli olan Bakıdakı görüşlərdə müzakirə edilən mövzulardır. O deyir ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların, böyük dövlətlərin nümayəndələrinin müxalifət təmsilçiləri ilə görüşlərinə qısqanclıqla yanaşır:

«ÖNƏMLİ OLAN BU GÖRÜŞLƏRDƏ QALDIRILAN MƏSƏLƏLƏRDİR...»


«Önəmli olan bu görüşlərdə qaldırılan məsələlərdir, verilən mesajlardır. Mən əminəm ki, dövlət katibinin birinci müavini və digər müavin bu görüşlərdə ənənəvi mövzularla yanaşı, Azərbaycanda demokratik dəyişikliklərin zərurəti barədə də məsələ qaldırıblar. Bu, şübhəsiz bir həqiqətdir. Önəmli olan da budur».

Hakimiyətə yaxın «Ana Vətən» Partiyasının sədr müavini, deputat Zahid Oruc da Steinbergin Azərbaycana gəlişinə əhəmiyyət verdiyini deyir:

«Barak Obama prezidentliyi dövründə, Amerikanın Cənubi Qafqaz siyasətinin dəyişdiyi və bunun real, bariz nümunələrinin ortada olduğu bir dövrdə hiss olunur ki, Birləşmiş Ştatlar bu siyasətdə müəyyən korrektlər aparmaq düşüncəsindədir. Və bu dəyişikliklərin xüsusi olaraq Azərbaycan-Amerika münasibətlərinin inkişafına xidmət edəcəyini düşünürəm. Və bunu həm də arzulayıram. Çünki ötən onilliklər ərzində regionun ümumi siyasəti məhz Amerika-Azərbaycan münasibətlərinin hesabına dəyişib».

ABŞ dövlət katibinin birinci müavini James B. Steinberg Azərbaycandan əvvəl Ermənistana, Gürcüstana səfər edib. Səfərdə Steinbergi Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin müavini Philip H. Gordon müşayiət edib.
XS
SM
MD
LG