Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:57

Eldar Namazovdan «Sinqapur modeli»


Eldar Namazov
Eldar Namazov
«Mən bir proqramlı islahat görmürəm».

Bunu AzadlıqRadisounun «İşdən sonra» proqramında «Azərbaycan naminə» İctimai Forumun prezidenti Eldar Namazov deyib. Onun fikrincə, «islahat» sözündən dövlət məmurları tez-tez istifadə etsələr də, islahat tamam başqa şeydir:

«Gərək islahatın dəqiq bir məqsədi olsun, proqramı olsun. Məqsədlər elan olunmalıdır. Bu islahatları niyə və hansı məqsədlərə çatmaq üçün bu dövlət aparır. Bu mənada Azərbaycan cəmiyyətinə hələ islahatlar paketi adlandırılan bir şey hökumət tərəfindən təqdim olunmayıb. Birincisi, islahatlar deyəndə, həm siyasi, həm hüquqi, həm iqtisadi islahatlar nəzərdə tutulur. Azərbaycan üçün bunların hamısı lazımdır».

Eldar Namazov deyir ki, İSLAHATLAR APARMAQ ÜÇÜN 3 VACİB AMİL LAZIMDIR - SİYASİ İRADƏ, İSLAHATÇI KOMANDA, İSLAHATLARIN PROQRAMI. Ölkədə korrupsiyaya qarşı mübarizəyə toxunan Eldar Namazov əvvəlki illəri xatırlayıb:

«Son beş ildə hökumət nümayəndələri nə deyirdilər bu problem haqqında? Deyirdilər Azərbaycanda korrupsiya ilə bağlı vəziyyət normaldır. Hər yerdə korrupsiya var, bizdə də var, bəzi neqativ hallar var. Korrupsiya haqda danışan ekspertlər, ictimai xadimlərin hamısına təzyiq olunurdu ki, siz Azərbaycanın nailiyyətlərini görmək istəmirsiniz. Azərbaycan reallıqlarını qəbul etmək istəmirsiniz. Bizdə hər şey əladır. Beynəlxalq təşkilatlar Azərbaycanı korrupsiya üzrə reytinq cədvəlində yüksək pilləyə salanda, həmişə atəş açılırdı. Bütün iqtidaryönlü qəzetlərdən, rəsmi qəzetlərdən, telekanallardan ki, onlar bizə qara yaxırlar. İndi nə baş verdi? Birdən-birə hökumət deyir ki, Azərbaycanda çox böyük rüşvətxorluq var. Rüşvətxorluq hər yanda var. Bu, böyük bir bəladır. Buna qarşı amansız mübarizə aparmaq lazımdır».

Eldar Namazovun fikrincə, korrupsiyaya qarşı mübarizənin dünyada 2 modeli var. Birincisi, demokratik ölkələrdə aparılmış model. İkincisi isə avtoritar ölkələrdə aparılmış və şərti adı «SİNQAPUR MODELİ» adlandırılan model. Hər iki modeli effektli hesab edən Eldar Namazov deyir ki, Azərbaycanda heç olmasa «Sinqapur modeli»ni tətbiq etmək və bununla korrupsiyanı minimuma endirmək mümkündür. Həmin modeldə korrupsiyaya qarşı mübarizə aparmaq üçün xüsusi bir dövlət orqanı yaradıldı. Polisin və prokurorluğun səlahiyyətləri həmin quruma verildi. Həmin qurum birbaşa ölkənin Baş nazirinə tabe idi. Korrupsiyaya qarşı mübarizə isə birinci yuxarıdan başladı.

Sinqapur
Eldar Namazov deyir ki, bu mübarizə zamanı hətta ölkə başçısının qohumları da həbs edilmişdi. Bundan başqa, ölkə qanunvericiliyinə çox böyük dəyişikliklər edildi və korrupsiya ilə mübarizə aparan məmurlar çox yüksək maaşla təmin olundular. Daha sonra məhkəmə sistemində islahatlar aparıldı və hakimlərin maaşı qaldırıldı.

İctimai Forumun prezidentinin fikrincə, MƏHKƏMƏ MÜSTƏQİL OLMADAN, MƏMURLAR YÜKSƏK MAAŞ ALMADAN RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ APARMAQ MÜMKÜN DEYİL. «Sinqapur modeli»ndə isə dövlət tərəfindən bu proseslər üzərində ciddi nəzarət vardı. Korrupsiyaya qarşı mübarizənin demokratik ölkələrdəki modelinin avtoritar ölkələrdəki modeldən fərqi də elə məhz bundadır.

Eldar Namazov deyir ki, demokratik ölkələrdə vətəndaşlar və ya vətəndaş cəmiyyəti bütün proseslərə nəzarət edə bilərdi, Sinqapurda isə yalnız dövlət. Azərbaycan isə bu modellərin hələlik heç birindən istifadə etmir:

«Hələlik ən aşağı səviyyədə hansısa məmurlar işdən azad olunur. Özü də çox gülməli bəyanatlar verilir. Hansısa bir nazir deyir ki, biz keçən il 100-ə yaxın adamı işdən azad etmişik. Birincisi, nəyə görə azad etmisiniz? Korrupsiyaya görə azad etmisinizsə, korrupsiyaya görə yalnız işdən azad etmirlər. Bu işi verirlər prokurorluğa».

Eldar Namazovun fikrincə, korrupsiyaya qarşı mübarizə aparmaq üçün Azərbaycanda ilk növbədə qanunvericilik dəyişməlidir:

«KORRUPSİYA İLƏ MÜBARİZƏ APARAN XÜSUSİ ORQAN YARADILMALIDIR. İndi yaradılan komissiya ilə Sinqapurda yaradılan büro arasında yerlə göy arasında fərq var. korrupsiya ilə mübarizə yuxarıdan başlamalıdır. Aşağıda hansısa 100-150 manat maaş alan adam 100 manat da rüşvət alırsa və o, tutulursa, bu, hələ korrupsiyaya qarşı mübarizə demək deyil».

Eldar Namazov ölkədə maaşlara diqqətin artırılmasını vacib sayır. Ərəb ölkələrindəki sosial partlayışların inqilabla nəticələndiyini önə çəkən Eldar Namazov deyir ki, üsyan vətəndaşların mənəvi hüququdur;

«Hansı ölkədə hakimiyyət vətəndaşların hüquqlarını pozursa, korrupsiya ilə məşğul olursa, həmin ölkədə hər bir vətəndaşın üsyan, inqilab edib hakimiyyəti dəyişmək hüququ var. Mənəvi hüququ var. Hətta bəzi ölkələrdə bu konstitusiyada da yazılıb...».

XS
SM
MD
LG