Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:43

Qismət. ŞEİRLƏR


















Qadın və onun qərarı


Qadın .
Kirayə ev.
Və pəncərəsi...
Yenə dirsəklənib boylanır yola.
Küçədə cütləşən itlərin səsi,
Otaqda oyanmış şirin bir bala.

Bomboşdur qadının baxdığı səki,
Çəkdiyi “ah”lardan tərləyib şüşə.
Tilov - gözlərini yola atıb ki,
Bəlkə gözlərinə bir ümid düşə...

Birdən ağlamağa başlayar uşaq,
Qadın diksinərək ətrafa baxar.
Dartıb küçədəki tilov –gözləri,
Tələsik o saaat yerinə taxar.

Gedər qucağına alar uşağı,
Qışqırıb deyər ki : sus,səsini kəs !
Nə tənbeh, nə isti ana qucağı
Qarnı ac körpənin səsini kəsməz.

Qadın söyər,söyər öz körpəsinə
Gedər itlərəcən söyüş xəttləri.
Itlər susmayanda insan səsinə,
Qadın itə dönüb söyər itləri...

Bir söz də saxlamaz qadın sabaha,
Sabah lazım olar söyərəm deyə.
Itlərdən qurtarıb keçər allaha,
Başlayar allaha qarğış deməyə...

Itlər hürüşdükcə körpə ağlayar,
Ağlayar,az qalar gözləri çıxsın...
Qadınsa allahı belə qarğıyar :
“ Allah, bu allahın evini yıxsın ! “

Əsəbdən itirər qadın özünü,
Axar dodağına içindən keçən.
Itlər eşidəndə “allah” sözünü,
Qorxudan susarlar axirətəcən...

Boşalar qadının qəzəb kisəsi,
Min dəfə təkləşər o tək otaqda.
Küçədə kəsilər itlərin səsi,
Itlər susan kimi susar uşaq da...

Allah qəzəbindən sıxar dişini,
Şimşəyin səsiylə qışqırıb ,gedər
Itlərin yarımçıq qalan işini,
gecə qadına tapşırıb, gedər...


Qəzəb

Ay başıqapazlı, taleyi acı-
Hər tini,dalanı əndişə ölkə,
Kolbasası halal, pivəsi hacı-
Əməkdar artisti fahişə ölkə,
Bəsdi sən danışdın növbə mənimdi...

Bir gecə gəzişsən sən öz içində,
Ev-ev, küçə-küçə olarsan dəli.
Qadınlar görərsən kişi cildində,
Kişilər görərsən qadın kölgəli...

Şəhərin gözləri qara deyilmiş,
Gecələr bu şəhər mavi göz taxar.
Paytaxta gecələr dodağı şişmiş,
Yerişi dəyişmiş kişilər çıxar.

Təzə körpü kimi namusdan keçib,
Dünən ölmayan sabahsızlar var.
Ucuz kafelərdə araqdan içib,
Inqilab axtaran Allahsızlar var.

Kəsib doğradılar səni min tikə,
Itdi çörəyinin, suyunun dadı.
Səndə solçular var ay yazıq ölkə,
Hələ bilmirlər ki, ürək soldadı...

Kim sənin işinə burnunu soxdu,
Mən sənin içində nə üçün yadam ?
Səndə adamların bir üzü yoxdu,
Bilmir ki, hansına tüpürsün adam.

Sevgisiz olduqca yabanlaşmısan,
Bu sərhəd-taleyi kim çəkdi sənə ?
Yaman ruslaşmısan, iranlaşmısan
Osmanlı şilləsi gərəkdi sənə !

Uduzdun özünü kəndlə, şəhərlə
Ev-ev, küçə-küçə ancaq azaldın.
Dərsini bu dəfə yaxşı əzbərlə,
Bəsdi xəritədə sinifdə qaldın.


EROS üçün

Sən gəlib çatanda getmişdi hamı,
Qaldıq ikilikdə, qaldıq azlıqda.
Köhnə öpüşlərin o şirin tamı,
Içimi göynətdi çıxılmazlıqda.

Otaq geniş idi, zaman darıydı
Bir az sərxoşuydum, bir az dəliydim...
Soldakı gözündə “gəldim” varıydı,
Sağdakı gözündə “ gəlməməliydim”.

Sürüşüb ayaqlar altına düşdü,
Ürəyin, əllərin, tərəddüdlərin.
Sonra gözlərindən utanc sürüşdü,
Sonrasa köynəyin,şalvarın sənin...

Susdu maşın səsi, lal oldu küçə
Günəş ayrı yerə doğdu özünü.
Ulduz gözlərini bərəltdi gecə,
Divarlar utanıb yumdu gözünü.

Sonra zaman keçdi, saatlar ötdü
Yorulduq , dayandıq, oğrunca güldük.
Dəli bir məhəbbət oyunu bitdi,
Bir az razı qaldıq, bir az üzüldük...

Otaq geniş idi, zaman darıydı
Güldüm, alnındakı tərini sildim.
Soldakı gözündə “gəldim” varıydı,
Sağdakı gözündə “ yaxşı ki, gəldim”.


Elə ki, təksən...

Elə ki, təksən, sərxoşsan
elə ki, köhnə fotolardakı bütün qızlar
keçmiş zamanda gülümsəyir,
özün kimi sərxoş misraları nizama düzməyə çalışarsan.
Qazlı su içərsən mətbəxdə,
başın gicəllənər, ürəyin bulanar.
havan çatmaz pəncərəni açarsan
uzaqlarda teleqüllənin rəngbərəng işıqları yanar...
bir dosta zəng vurmaq keçər içindən
tərs kimi gecəyarı olar
üşüyərsən, gözlərin dolar
kimə zəng vursan məşğul

Elə ki sərxoşsan, təksən
mütləq
bir siqaret yandırıb çəkəcəksən,
əl-üzünü yuyacaqsan,
uzanacaqsan.
Ağlına axmaq şeylər gələcək.
Məsələn, telefonu söndürmək
evdən mobilə zəng vurmaq,
operatordakı qızın səsini dinləmək,
doluxsunmaq.
və yorğanın altında
“bu nömrəyə nə vaxt zəng çatacaq?” –pıçıldayıb ağlamaq...


Aydınlıq

Yağış səhərəcən yağsın şəhərə
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...

Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın...
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.

Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları....
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...

Bir qızın eyvanda əlləri donsun,
Qız durub boylansın küçəyə bir də...
Çətirsiz bir oğlan islanıb dursun,
Qız gözü küçədə darıxan yerdə...

Oğlan o küçəyə çəkdikcə keşik,
Səkidə titrəyən kölgə islansın.
Asfaltdan su içən qonur bir pişik,
Çətirsiz oğlanla birgə islansın.

Bir gün hamımıza elə gəlsin ki,
Yağışlar yağırsa hər şey düzələr...
Sinoptiklər çıxıb xəbər versin ki,
Sabahdan adamlar sevinə bilər.

Yağış səhərəcən yağsın səhərə...
Qafqazinfo
XS
SM
MD
LG