Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

Umberto Eko – Berluskonini Hitlerlə müqayisə etdi


Tanınmış İtaliya yazıçısı, dünyaca məşhur “Qızılgülün adı” romanının müəllifi Umberto Eko– İtaliyanın baş naziri Silvio Berluskonini nasist lideri Adolf Hitlerlə müqayisə edib.

Berluskoninin tərəfdarları və müttəfiqləri dərhal yazıçının bu bəyanatına qəzəbli reaksiya veriblər.

İsraildə səfərdə olan Ekoya ərəb inqilabları haqda sual verilib və ondan idarəçilik metodlarına görə Berluskoni ilə Liviya lideri Qəddafi və Misirin keçmiş rəhbəri Mübarək arasında nə dərəcədə oxşarlığın olması haqda soruşulub.

“Berluskonini əslində Hitlerlə müqayisə etmək olar. Hitler də hakimiyyətə seçkilər yolu ilə gəlmişdi” – deyə Eko bildirib.

Bu bəyanata reaksiya verən İtaliya mədəniyyət nazirinin müavini Francesco Giro deyib ki, belə müqayisə yersizdir:

“Berluskoni Mübarək və ya Qəddafi kimi diktator deyil, o, hakimiyyətə seçkilərdə italyan xalqının böyük hissəsinin dəstəyini qazanaraq gəlib”.

Italiyanın mədəniyyət naziri Sandro Bondi isə bildirib ki, “Eko kimi mədəniyyət xadimi belə provokativ müqayisələr aparıb milyonlarla italyanın heysiyyətinə toxunmamalı idi”.

Eko ilk dəfə deyil ki, Berluskonini sərt tənqid edir.

O hətta axır həftələrfə İtaliyada keçirilən anti-Berluskoni aksiyalarında da çıxış edib, adı seks qalmaqalında hallanan baş naziri istefaya çağırıb.

2009-cu ildə isə "Sunday Telegraph" qəzetinə verdiyi müsahibədə yazıçı demişdi ki, “İtaliyanın problemi təkcə Berluskoni deyil, həm də milyonlarla italiyanın onun törətdiyi əməllərə biganə qalmasıdır”.

Həmçinin oxu
Umberto Eko ziyalıların Berluskoniyə qarşı hərəkatının önündə (VİDEO)
XS
SM
MD
LG