Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:17

Elçin İsgəndərzadə. Qızılgül ləçəyinə yazılmış duyğular


QIZILGÜL LƏÇƏYİNƏ
YAZILMIŞ DUYĞULAR


***

Şəhid məzarlarına
İsa bulağından bir ovuc su at.
Dirilib ayağa qalxmasalar da,
Rahat uyuyacaqlar
Qan qardaşlarım, rahat.

***

Cıdır düzünün bir dəli qayasıdı,
Qopub Bakıda qalıb,
Qardaşım Aqil Abbas.
Qisas lazımdı, Boz qurdum,
Qisas!
Qisas!
Qisas!!!

***

Balalarım
sevirlər şeirlərimi…
Yaşıdları
oyuncaq sevən kimi.

***

Gözəlim, dəyməsin sənin xətrinə –
Bu iydə ağacı başdaşım olsa,
Durub şeir yazardım onun ətrinə.



Bu şeiri özgələr
oxusun deyə yazmadım -
bu şeiri gözlərinə oxudum,
gözlərin bir röyadı,
bu röyanı yozmadım…


Yaz günü açmadan solan çiçəklər,
bəlalı sevgilər, uçuq ürəklər,
yaxşı ki, ahımız göylərə çatmır,
yoxsa baş götürüb qaçar mələklər…



Kipriklərin hər an
gözlərini öpür,öpür…
Ölüm gözlə qaş arasında,
gözlə qaş arasında
röya kimi bir ömür…

***

Sabah eyvanımda
qaranquşlar yuva quracaq.
Sabah bahar mənim
qəsdimə duracaq.
Qərib şair neyləsin,-
Ana yurdda alçalar çiçəkləyir…


***

Özləri şeirlərindən qabaq tanınan şairlərin
qara mələyi gülür –
şeirləri özlərindən əvvəl ölür…

***

Bu məmləkət dərd dağıdı -
ölkə deyil.
Yediyim loxma ağıdı, -
tikə deyil.
Qarlı dağlar
şair yükü çəkən deyil.

***

Bahar –
quşların dimdiyində nəğmə,
otların ümid göyərtisi.
Ürəyimdə
qışdan çıxa bilməyən
arzuların iniltisi...

***

Sıxılmış nar kimiyəm,
ürəyim ağzıma gəlir.
Gecələr dəli həsrət
bağrımın başını dəlir.

"Ulduz" jurnalı
XS
SM
MD
LG