Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 20:23

Xosrov Natil. Qabriel Qarsia Markesə məktub...


Q.Q. Markesə Məktub



1

Cənab Markes,

Mən sağam

Ümid Allaha qalıb.

Ayağını bərk dirə

Yüz il də tənha qalıb.



Kaş ki, yurdsuz olmasın

Bir kəsəyi, bir daşı,

Sənə məktub yazıram

Mən yüz ilin bir başı.



Yurdumu yağmaladı

Bu erməni, bu yezid.

Nə imam övladıyam

Nə də Mehdi Bəyazid.



Sizdə havalar necə,

Ümid qıtlığı varmı?

Havasız bir ürəyə

Yüz dərd birdən sığarmı?



Nisyə mal buraxırmı

Sizin apteklər.

Tökülən göz yaşını

Deyirmi sinoptiklər.



Bu günün qaraltısı

Sabah ömür yolumda

Sevilmədən bəlkə də

Evlənəcək oğlum da.



Bir eygili zamanda

Bəlkə yurda dönəcəm

Gözünə su ver, dostum,

Bir gün mən də öləcəm.



2



Cənab Markes, yenə mənəm

Þlməmişəm, hələ sağam

İstintaqda qərar verdim

Sənə məktub yazacağam.



Heç bir gün də çəkmədi

Məhbəsə salınmağım.

Sən deyən bir şey deyildi

Göz altına alınmağım.



Guya ki, mən ötən gecə

Balıqlara su vermişdim

Ertəsi gün uçan quşa

"qa" deyəndə "qu"vermişdim.



Guya ki, mən buludları

Doğramışam ərsin-əpsin

Yağmurlu gün gül əkmişəm

Eh, nə isə, boş ver getsin.



3



Qoca Qarsiya,

Sən xocalılı, ya şuşalı

Ya da elə ağdamlı ola bilərdin

Sən Zəngilanda da, doğula bilərdin

İrəvandan da qovula bilərdin.



Cəbrayıl ola bilərdin

Qaraş ola bilərdin

Mərkəz ola bilərdin

Amma Qabriel Qarsiya

Markes ola bilməzdin.



Eh, qoca Qarsiya

Əlindən alardılar yüz ilin tənhalığını

Sən yaza bilməzdin sevincin,

Gözlənilən bir qətlin tarixini,

Kədərin qansızlığını.



Kümənə od vurub

yandırırdılar

Əlyazmalarını

Əlindən alardılar adamlığını,

Burnundan gətirərdilər zəngilanlı

qubadlı, cəbrayıllı olmağını

Yaxud ağdamlılığını.



Cəbrayıl ola bilərdin

Qaraş ola bilərdin

Mərkəz ola bilərdin

Hər Kəs ola bilərdin

Qabriel Qarsiya Markes ola bilməzdin.




Asif Mehrəliyə



Nəbatat bağında çiçəklər solğun,

Bir Qarağac quruyub,

Şərqi sərkərdənin adına bağlı-

mifli, əsatirli

Qədir ağacı geri gedir günbəgün.



Nəbatat bağında tunc rəngli oğlan-

Asif Mehrəli- yəni Dadaşın oğlu

Mehdixanın, Sadayın, Yusifin qardaşı.

Ağdamdan Bakıya uzanan yolun

Geri dönməyəcək qərib

yolçusu-uzaqbaşı.



Qarağac qabığı kimi dərisi yanan

Çiçəklər kimi bənizi solğun

Sidr ağacı kimi şaqqalı,

Bir az da yorğun.



Dadaşoğlanlarının şirin-şəkər balası

Günəşə arx çəkən, suluyan

Tanrı bəndəsi.



Dərdini çəkdiyi

Solğun çiçəklərin

Qarağacın,

Sidrin,

Mehdixanın, illah Sadayın,

Yusifin dözümü, iradəsi



İçində dərdləndiyi

Xanın səsi

Tanrının bəstəsi, "Qarabağ şikəstəsi".


2003
XS
SM
MD
LG