Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:16

Gülxani Pənah. Dağlar bu laləni, çöllər süsəni


DAĞLAR BU LALƏNİ, ÇÖLLƏR SÜSƏNİ


Dağlar bu laləni, çöllər süsəni
Nə yaman beləcə sevən olubdu.
Niyə sona kimi şümal söyüdlər
Açıb saçlarını, külək yolubdu?

Kim qırıb hikmətin belə qəddini,
Əslinin, Leylinin vəfası hanı?
Görən hara yazır, dünya dərdini,
Nə ilə yuyur o, tökülən qanı?

De kimdir pislərə arxa olan kəs?
Onların örkəni niyə uzundur?
De hardan gələndir bu qara nəfəs,
Niyə bu fəlakət təkcə düzündür?

Bir gülün ətrindən məst olan insan,
Bircə ləçəyini solmağa qoymur.
Agah et, Yaradan, böyüksən, varsan,
Bəs niyə tökdüyü qanlardan doymur?

Birini xəlq etdin, yazıq, kimsəsiz,
Birini arxalı, dayaqlı etdin.
Birinin sevincin tökdün başından,
Birini kədərə, yasa qərq etdin?

Məhkəmə etmirəm səni, Yaradan.
Nədənsə üzünüz bizdən dönükdür!
Bilirəm, seçənsən ağı, qaradan.
Bəs niyə xalqımın dərdi böyükdür?

Zülmü, əsarəti dağıdıb, yıxıb.
Özüm öz içimdə çox vaxt dolmuşam.
Özüm öz qanımdan dirçəlib çıxıb,
Özüm öz gücümlə millət olmuşam.

Qoyma, işlərimə kimsə əl atsın.
Deməyək, fələyin çarxı çönübdü.
Şeytanlar xeyrimə bir də şər qatsın,
Deməyim haqqın da üzü dönübdü.

Bürünüb dumana varlığım, hissim,
Bizi yaratmadın zalım, ey fələk!
Çağlayan bulaqlar ağlayan səsim.
Çoxları yeyibdir süfrəmdə çörək.

Yatma, Yaradanım, yatma oyaq ol!
Mənim körpələrim sənə sığınsın,
Mənim millətimə arxa, dayaq ol,
Qoyma ümidlərim bir də qırılsın.

Yaddılar gələn də, kömək ummuram,
O da daşıyandır, bu da daşıyan.
Minlərlə ac gözlər dikilib bura,
Mənim millətimdir, kasıb yaşıyan…

Bir gül də solanda çatlayır bağrım,
Demərəm, payızı sevən olmuşam.
Özüm öz içimdə hər haqsızlığa
Dözməyib yanmışam, kül də olmuşam.

Bürünüb dumana varlığım, hissim.
Süfrəmdə kəsilən hanıı duz-çörək?
Çağlayan bulaqlar, çağlayan səsim,
Yolumu açıq et, açıq, ey fələk!

Səndən qeyrisi yox, kimə əl açım?
Ana vətənimə uğur diləyim!
Torpağım yadlarda qalıbsa əgər,
Səndən inciməyim, onda neyləyim?

gulxani.net
XS
SM
MD
LG