Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:27
Vaqif Mustafazadə
İnsan Allahın düşünülmüş şəkildə yaratdığı varlıqdırsa, istedadlı şəxs məhz onun fantaziyasının nəticəsidir. Yəni Yaradan yaratdığına həmişəki kimi ruh verəndə, bəzən bəndəsinə söz, rəng, musiqi və daha nələrsə qataraq yer üzünə bəxşiş göndərir. Təbii ki, dünya «hədiyyəni» o dəqiqə qəbul edib onu bəşər tarixinin parlaq səhifələrində yaşatmır. Kələ-kötür, daş-kəsəkli olan özünütəsdiq yolu daim mübarizələrlə davam etdiyindən Allahın «fantaziyası» çox zaman ona verilən istedad payının bəhrəsini görməkdə çətinlik çəkir. Buna ya ətraf mühit mane olur, ya ömür imkan vermir, ya da ki…

Qəribə səslənsə də bu sonsuz nöqtələrin arxasında gizlənən səbəblər əslində, istedadın Zamanla birgə ömür sürməsinə kömək edir. Çünki əzən yox, əzilən güclü olur. Yəni o, əzildikcə özünümüdafiədə maneələri dəf edərək sözün əsl mənasında yaşamağa vəsiqə qazanır…

«DAYAN ZAMAN, DAYAN»

«…Lap başımı itirmişdim. Nabələd şəhər, heç kimi, heç yeri tanımırdıq. Vaqifi birtəhər maşına saldıq. Heç xəstəxananın yerini də bilmirdik. İşin avandlığından bir təcili yardım maşınına rast gəldik. Sürətlə gedirdi. Elə gedə-gedə o maşına çatdıq, sürücüdən yolu soruşduq. «Ardımızca gəlin», - dedi»… Söylənilən səhnə nə qədər həyəcanlı olsa da, oxucularımızla birgə maşının içində həyatla çarpışan insanın yerləşdiyi xəstəxanaya yox, əvvəlcə onun ömrünün müxtəlif illərinə yollanacağıq. Çünki bu ömrün sahibi adi insan ruhuna pərçimlənmiş cisim yox, sözün əsl mənasında «fantaziya» idi. Həm Allahın, həm də bəstələrinin… Öncədən deyək ki, səyahət sərnişinlərin ürəyincə olmaya bilər, lakin bütün bu vaxt kəsiyində təqdim olunacaq musiqinin onların qəlblərində silinməyəcək bir iz qoyacağı şübhəsizdir. Əslində, bu kompozisiyaları sənətkarın alın yazısının sərlövhələri kimi də qəbul etmək olar. Odur ki, bu təkrarsız ifaların müşayiəti ilə başdan-başa musiqi içində keçmiş ömrə yollanmağa dəyər.

«MART»

16 mart, 1940-cı il. İçərişəhərdə «Adsız» dalanın 4-cü evində dünyaya gələn oğlana böyük şair Səməd Vurğunun məsləhəti ilə Vaqif adını qoyurlar. İlk vaxtlar heç bir uşaqlardan fərqlənməyən körpə sonradan fenomenal yaddaşı ilə ailəsini heyran edir. Belə ki, üç yaşlı dəcəl anasından ilk dəfə eşitdiyi şeir parçasını eynilə təkrar edəndə əzizlərinin sevincinə və böyük marağına səbəb olur. Uşaq isə bu qeyri-adiliyinin fərqinə varmadan yaşının üstünə yaş gəldikcə istedadı ilə birgə böyüməyə başlayır. Əslində, Vaqifin istedadlı olması faktı heç də təəccüb doğurmamalıdır. Çünki onun göz açdığı ailədə hər hansı bir qeyri-adi bacarığa yiyələnməmək mümkün deyildi. Atası Əziz Mustafazadə hərbi həkim olsa da, musiqidən bir an belə ayrılmırdı. Hətta hərdən tarın sarı simlərində muğamları səsləndirib ailəsinin könlünü oxşayardı da. Dahi Üzeyir bəyin tələbəsi olan anası Zivər Əliyeva isə Azərbaycanın musiqi tarixində həm ilk qadın pianoçularından biri kimi, həm də fortepianoda muğamların mahir ifaçısı kimi səhifə açmışdı. Təbii ki, xəmiri musiqi ilə yoğurulan Vaqifin ömrü də melodiyaya bənzəyəcəkdi…

«İNAD»

Bütün günü anasının ifasında klassik bəstəkarların əsərlərindən tutmuş, muğamlarımızı, xalq mahnılarımızı dinləyən Vaqifin milli melodiyaları hələ uşaq ikən özünəməxsus tərzdə ifa etməsi validəsinin narahatçılığına səbəb olsa da, o, öz inadından dönmür, mahnıları klavişlərdə istədiyi tərzdə «oynatmaqdan» böyük zövq alırdı. Hətta təhsil aldığı orta ixtisas musiqi məktəbində öyrəndiyi Bax, Motsart, Bethoven, Şopen kimi klassik bəstəkarların əsərlərinə də xüsusi rəng qatmağı sevirdi. Əlbəttə, oğlunun ifası nə qədər ürəyinə yatsa da, dediyimiz kimi anasını narahat etməyə bilməzdi. Çünki o, balasını klassik piano ifaçısı kimi görmək istəyirdi. Öz uşaqlıq dəcəlliyindən qalmayan Vaqif isə caz-blyuz üslubunda yazan Corc Gerşvinin «Sevdiyim insan» əsərini hələ doqquz yaşında olarkən ifa edirdi.

Caza bu qədər maraq ona zövq versə də, ətrafındakıları bu məhəbbəti dəyərləndirmək əvəzinə karikaturası çəkib divar qəzetinə vururdular…

«AMAN OVÇU»

Məlumdur ki, caza sidqi ürəklə bağlananlar çox zaman onun əzablarını öz çiyinlərində daşımağa məhkum olunurlar. Vaqif də könlünü musiqinin bu növünə bağlayan bir insan kimi caza verilən işgəncələrə sinə gəlməyə alışdı. Şagird olduğu dönəmdən hərdən yersiz nöqsanlarla rastlaşan Vaqifin bəlkə də heç ağlına gəlməzdi ki, onu qarabaqara izləyən iradların təqibinə, demək olar hər yerdə məruz qalacaq. Təbii, böyük musiqiçinin geniş qəlbində kin-küdurətə heç bir yer olmadığından qiymətli vaxtını qənbərqululara deyil, yalnız öz sevdiyi musiqiyə ayırmağı daha üstün tuturdu. Çünki o, özünü sənətində tapan insanlardan idi və bu aləmdə yalnız öz «mən»i ilə ünsiyyət qururdu.

Bir də bu «mən» onun tanıdığı və tanımadığı insanlara qovuşdururdu. Odur ki, Vaqif Mustafazadə fenomenini qəbul edənlər sevinməkdən, etməyənlər isə həsəd aparmaqdan
Vaqif Mustafazadə və qızı Əzizə Mustafazadə
doymurdular…

«GÖZLƏ, SƏHV ETMƏYƏSƏN»

«…Simfonik musiqini yaxşı bilmədən peşəkar caz ifaçısı olmaq mümkünsüzdür. Çaykovskini, Rahmaninovu, Raveli, Motsartı, Şopeni çalmadan caza gəlmək olmaz. Mən hələ Baxı demirəm. Çünki Bax əsasların əsasıdır. Bu həm vurma cədvəlidir, həm ali riyaziyyatdır. Musiqiçi Baxı yaxşı bilmirsə, demək onun gözü açılmayıb». Bu sözlər ömrünə səyahət etdiyimiz Vaqif Mustafazadəyə aiddir. Qəribəsi ondadır ki, əfsanəvi musiqiçi klassikanı əvvəlcə A.Zeynallı adına Bakı Musiqi Məktəbində, sonralar isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində öyrənsə də, caz üzrə heç bir təhsil almayıb. O, sadəcə çox sevdiyi Çarli Parkerin, Bil Evansın, Sesil Teylorun, Maykl Taynerin, Əhməd Camalın və başqa caz ustalarının ifasını dinləməklə ənənəvi cazı öyrənib. Təbii ki, bütün sənətlərdə olduğu kimi, cazda da özünəməxsusluq tələb olunur. Vaqif Mustafazadə də ömrünü caza bağlayan bir musiqiçi olaraq dinləyiciləri ilə birgə tapdığı yolla irəliləməyə başladı…

«DÜŞÜNCƏ»

…Başdan-başa kələ-kötürlü olan yolda ətrafa yayılan muğam ətri hər kəsin təəccübünə səbəb olsa da hamı bu yolu xoş əhvalla geri dönürdü.

Əlbəttə, bu xoş ətir daş-kəsəkdən yox, elə sənətkarın özündən gəlirdi. Çünki o, bütün varlığı ilə muğamın içində idi və istəyirdi ki, özü ilə bahəm cazsevərlər də bu nemətdən faydalansın. Odur ki, özündən sonra yolunu burdan salanlar üçün hər yana muğam toxumu səpirdi ki, «Bayatı-Şiraz»ın, «Segah»ın, «Rast»ın, «Şur»un və beləliklə, bu aləmə məxsus olan təsniflərin, rənglərin, şöbələrin ətrini hər kəs duyub böyük zövq ala bilsin.

«EVİMİZƏ GƏLİN GƏLİR»

Təbii, bu istəyə nail olmaq ona canı bahasına başa gəlirdi. Hətta çox sevdiyi əzizlərini, İçərişəhərini tərk edib sevdiyi işlə məşğul olmaq üçün qonşu Gürcüstana üz tutdu. Gürcüstan Dövlət Filarmoniyasında yaratdığı «Qafqaz» caz-triosu ilə yaradıcılığını zənginləşdirdi.

Ümumiyyətlə, gürcü musiqi mühiti onun caz aləmində tanınmasında mühüm rol oynadı. Caz festivalları, konsertlər Vaqif Mustafazadənin bir sənətkar kimi yalnız gürcü dinləyicilərinə deyil, dünyada tanınıb qəbul olunmasına yardım etdi. Tallində keçirilən ümumdünya caz festivalında göstərdiyi yüksək nəticə isə onun zirvəyə doğru addımlamasına təkan verdi. Bu mükafatdan sonra o, Gürcüstana deyil, doğma Bakısına qayıdır. Özü də tək deyil, çalışdığı «Orera» ansamblının solisti Elza Bandzeladze ilə birgə. Çünki gürcü qızı içərişəhərli gəncin könlündə, sevgisində, bir sözlə, həyatında idi…

«AYIN 18-İ»

Bakı musiqi mühiti Vaqif Mustafazadənin uğuruna sevinsə də, bir müddət ötəndən sonra «köhnə hamam, köhnə tas» anlayışı gündəmə gəldi. Sıxışdırmalar, mız qoymalar onu ruhdan salmasa da, səhhətində müəyyən izlər buraxırdı. Ən maraqlısı o idi ki, yaradıcılığında, ifasında nöqsan tapa bilməyənlər, iradı onun xarici görkəmində, yəni gur saçında, bığında axtarmağa çalışırdılar. Və bu «səbəblər» onun efir vasitəsilə geniş tamaşaçı kütləsinə tanıdılmasında əməlli-başlı maneəyə idi. Amma cazmenə sevimli royalında saatlarla ifa etməyə heç bir qüvvə mane ola bilməzdi. Özü üçün tərtib etdiyi iş qrafiki o qədər sərt idi ki, hərdən uzun barmaqları döyənək olub onu günlərlə işindən ayırırdı. Məcburi istirahətdə yalnız ürəyi cazmen üçün ən yaxşı musiqi aləti olurdu. Qəlbindən süzülən melodiyalar nə qədər həzin olsa da, günlərinin birində gərginliyə dözə bilməyən ürəyi sənətkarı ölümlə üz-üzə qoyub əzizlərini uzun müddət təşviş içində qoydu. Həkim nəzarəti altında müalicə alan cazmenin xəstə ürəyinə verilən məlhəmlərin ən təsirlisi anasının canlı ifasındakı «Bayatı-Şiraz» muğamı idi…

«ƏZİZƏNİ GÖZLƏYƏRKƏN»

Keçirdiyi infarkt caz fədaisini sağlamlığına ciddi yanaşmağa vadar etsə də o, həmişəki kimi iş qrafikində özünə heç bir güzəştə getmirdi. Əvvəlcə «Leyli», sonra isə «Sevil» vokal-instrumental ansamblı yaradıb kompozisiyaları ilə bir neçə il cazsevərlərin ruhunu oxşadı. O, bacarığını yalnız keçirdiyi konsertlərdə deyil, qatıldığı müsabiqələrdə də göstərirdi. Gürcüstanın paytaxtında gerçəkləşən «Tbilisi-78» ümumittifaq caz festivalında səkkiz yaşlı qızı Əzizə ilə birgə səhnəni paylaşıb yarışmanın laureatı oldu. Ümumiyyətlə, 1978-ci il böyük sənətkar üçün ən uğurlu illərdən biri kimi yadda qaldı. Belə ki, böyük cazmen «Əzizəni gözləyərkən» əsəri ilə Monakoda keçirilən beynəlxalq caz müsabiqəsində ən yüksək mükafata layiq görüldü. Müsabiqədə bu kompozisiyanın qalib gəlməsi sanki gələcəkdən xəbər verən bir ismarış idi. Çünki on ildən sonra melodiyanın yaranmasına səbəb olan Əzizə ifası ilə dünya caz aləmində öz layiqli sözünü dedi.

Bu gün isə cazın «Azəri şahzadəsi» kimi tanınan Əzizə Mustafazadə canlı əfsanəsi hesab olunur…

«BAYATI-ŞİRAZ»


Vaqif Mustafazadənin İçərişəhərdəki evi
Görəsən, Vaqif Mustafazadənin ürəyi uzun barmaqları ilə birgə muğamı «cazlaşdırdı», yoxsa cazı «muğamlaşdırdı»? Bu sualın cavabının axtarışına çıxanda, düşünürsən ki, əgər hər iki musiqi janrının kökündə bir nisgil dayanırsa, həsrətindən ahu-zar edən caz nə vaxtsa qəm içində boğulan muğamla qovuşub həmdərd olmalıdır. Amma onların qovuşması heç də asan məsələ deyildi. Çünki cazla muğam həm yaş, həm də məkan baxımından bir-birilərindən çox uzaqda idi. Yaradanın «fantaziyası» həlli çətin olan işin öhdəsindən asanlıqla gələ bildi. Çünki o, Yer üzünə muğamla cazı bir-birinə qovuşdurmaq üçün hədiyyə göndərilmişdir. Odur ki, muğamla cazın qovuşma məkanı olan böyük caz ustası «Muğam» caz-triosunu yaradıb bu iki musiqi janrını bir-birinə qovuşdurdu. Bu ansamblın məqsədi muğamın fəlsəfəsini caz, cazın fəlsəfəsini isə muğam dilinə çevirib konsertlər, qastrollar vasitəsilə bu möcüzəvi aləmlə hər kəsi tanış etmək idi. Odur ki, ansamblın üzvləri müxtəlif zövqlü, müxtəlif düşüncəli dinləyicilər üçün gecələrini gündüzə qatıb məşqlər edirdilər.

«GƏLMƏDİ»


Ansambl Daşkəndə yola düşəndə verəcəkləri konsertin uğurla keçəcəyinə şübhə yox idi. Lakin onları narahat edən nə alətləri, nə də ürəyindən şikayətlənən Vaqif Mustafazadə oldu. Sadəcə, təşkilatçıların biganəliyi üzündən konsertin təxirə salınması ehtimalı ansambl üzvlərini çətin vəziyyətə salmışdı. Şübhəsiz ki, həmin günü salonda bir tamaşaçı olsaydı da Vaqif Mustafazadə konsertini keçirib kompozisiyalarını həvəslə ifa edəcəkdi. Çünki o sənətinə olduqca səmimi yanaşan insan idi. Və böyük sənətkar barmaqla sayıla biləcək tamaşaçılarının qarşısında elə gərginliklə ifa etdi ki, nəhayətdə ürəyi buna tab gətirmədi və…

«Mənə elə gəlirdi ki, bu xəstəxanada hamı ləng, çox ləng hərəkət edir. Özümdən asılı olmayaraq qışqırıb hamını köməyə səsləyirdim: «Axı, bu Vaqif Mustafazadədir». İynələrdən sonra bir az babatlaşdı. Rəngi tamam avazımışdı. «Necəsən?»,- soruşdum. Gözünün qapaqları ilə «yaxşıyam»- dedi. O anda Vaqif necə gözəl görünürdü. Ömrümdə onu bu qədər gözəl görməmişdim. Gözüylə «yaxşıyam»- dedi və başını divara sarı çevirdi. Sən demə, üzünün son ifadəsini görürəmmiş…». Bu, Elza Mustafazadənin söhbətindən müəyyən parçalar idi.

Böyük caz ustasının doğma Bakısına özündən əvvəl acı xəbəri gəldi…

«FANTAZİYA»


«Yuxu görürəm», «Onsuz həyat olurmu?», «Çox da aramızda körpülər yoxdur»… Bunlar cazmenin beynində hazır olan, lakin nota köçürməyə imkan tapmadığı əsərlərinin adlarıdır. Melodiyalar Vaqif Mustafazadənin ürəyində axirətə qovuşsa da, adlar onu sevənlər üçün sanki bir ismarış olaraq qaldı.

Həqiqətən də «fantaziyanın» yoxluğu yuxu kimidir. Nə olsun ki, onunla aramızda körpülər yoxdur, əvəzində eCAZkar musiqisi daim sənətkarın varlığından xəbər verir… Onsuz həyat olurmu?
XS
SM
MD
LG