Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:16

Tənhalıqda olan yazıçı


Qustav Flober
Babək YUSİFOĞLU


İnsan xarakterləri haqqında çoxlu sayda elmi əsərlər, araşdırmalar, rəylər mövcudur.

Amma mən deyərdim ki, bunların sayı və sanbalı nə qədər olursa-olsun, insanın bütövlükdə kəşf olunması, öyrənilməsi üçün kifayət deyil.

Çünki ətrafımız insanlarla dolu olsa belə, biz yalnız gördüyümüz qədər onları bilirik, onların göründükləri qədər öyrənirik.

Əslində isə belə yaxın təmasda bulunmağımıza baxmayaraq insanlar kəşf olunmamış obyekt kimi qalmaqdadır.

Amma bununla belə, öyrənilib ki, ətraf mühit insanın xarakterində xüsusi rol oynayır. Əsasən də uşaqlıq yaşlarında, formalaşma getdiyi dövrlərdə.

Və bunun saysız-hesabsız örnəkləri mövcuddur.

Heç şübhəsiz, yuxarıda qeyd etdiyimiz kimi, insanın kəşf olunduğunu birmənalı demək mümkün deyil.

Elə bu üzdən də mən sosioloqların, mütəxəssislərin iddia etdiyi - hər bir insan mövcud olduğu cəmiyyətin, mühitin "əsəridir" mühakiməsi ilə tam yox, qismən razıyam.

Çünki mənə görə insanların xarakteri, psixologiyası ilə bağlı ehkam irəli sürmək doğru deyil. Adamlar çox fərqli də formalaşa bilirlər.

Hətta bunun məşhurlarla bağlı yetərincə örnəklərini sadalamaq mümkündür... Qustav

Qustav Flober gənclik illərində yoluxduğu zöhrəvi xəstəlikdən də həmişə bərk əziyyət çəkmişdir.

Səhhətindəki problemlərin kəskinləşməsi onsuz da insanlardan qaçan Floberin daha çox evə qapanmasına səbəb oldu.
Flober bəlkə də uşaqlıq yaşlarında gördüklərindən uzaq olsaydı tamam başqa xarakterli insan kimi yetişərdi.

Yaxud, fərqli yazıçı olardı, ya tənhalığa qapılmazdı. Bəlkə başqa birisi həmin mühitdə xəstə, yaxud yaradıcı birisi olmazdı. Nə bilmək olar?..

QUSTAV

O, fransız idi. Çünki 1821-ci il dekabrın 12-də Fransanın Ruan şəhərində anadan olmuş, burada təhsil almışdı.

(Əslində bu yerlərin tarixi adı Normandiya idi).

Uzun səyahətlərdə olsa da, Fransada yaşamışdı, fransız mədəniyyətini, ədəbiyyatını, nəhayət həyatını incəliklərinə qədər öyrənə bilmişdi.

Amma onun istedadı, onun əsərləri Qustavı yalnız fransalı kimi qalmasına imkan vermədi.

Qustav Flober Avropanın, hətta dünyanın yazıçısı oldu.

Amma onun həyatının başlanğıcına nəzər salanda heç demək olmazdı ki, bu yeniyetmə nə vaxtsa çox məhşur bir yazıçıya çevriləcək.

Heç ailələri də yaradıcılığa yaxın deyildi.

Onun atası təhsil görmüş, tanınmış həkim idi və yerli xəstəxanalardan birinin baş həkimi işləyirdi, anası isə Normandiyanın tanınmış nəslindən idi.

Onlar belə düşünməmişdilər ki, bir gün gələcək övladları öz yazdıqları ilə Avropanı fəth edəcək.

Qustav elə atasının işlədiyi hospitalda doğuldu və 18 yaşınadək atasının oradakı mənzilində yaşadı.

Qustav hələ lap uşaq yaşlarında xəlvətcə hasarı aşaraq təşrih olunmaq üçün olan ölüləri seyr edər, onların yarılmasına baxardı.

Heç şübhəsiz ki, bunlar da Qustavın uşaqlıq düşüncələrinə təsirsiz ötmədi.

Floberin doğulduğu ev indi onun ev muzeyidir. Ruan
Bu üzdən də onun uşaqlıq xatirələrinin kədərli səhifələri bütün ömrü boyu onunla birgə yaşadı.

PARİS

1840-cı ildə Flober hüquq təhsili almaq üçün Parisə getdi. Amma nə təhsil alması, nə də paytaxtın qaynar həyatı onun xarakterindəki tənhalığı əridə bilmədi.

1843-cü ildə Qustav bərk xəstələndi. Köməyə gələn həkimlərin ciddi müayinəsindən sonra məlum oldu ki, onda əsəblə müşayiət olunan epilepsiya xəstəliyi var.

Bu ona çox pis təsir etdi, daha da çox özünə qapıldı.

Qustav dostlarının yanında olmaqdan xoşlanmır, tez-tez tənhalığa çəkilir, əvəzində bir sıra rəssamların, heykəltaraşların əsərlərini seyr etməyə maraq göstəirirdi.

Günlərin birində o, memar Pradyenin yanında Luiza Kole ilə tanış oldu və onlar dostlaşdılar.

Amma bu da uzun sürmədi. Bu dəfəki yaxınlığını atasının ölümü ilə bağlı evdən aldığı xəbər pozdu.

O hər şeyi yarımçıq buraxıb geriyə döndü.

Onda Qustav artıq beş il idi ki, Parisdə yaşayırdı. Amma həyat özünə qapılmış, tənhalığa çəkilmiş Flober üçün yeni bir kədərli sürpriz hazırlamışdı.

Atasının vəfatından çox keçməmiş çox sevdiyi bacısı Karolina vəfat etdi.

Yalqızlıq içərisində qalan anasının da psixoloji vəziyyəti pisləşdi.

Flober heç tərəddüd etmədən paytaxtdakı işlərini, təhsilini buraxdı və Ruan yaxınlığında Kruassedəki evdə yaşayan anasının yanında qaldı.

Onsuz da Qustavı hüquq məsələləri, təhsili özünə cəlb etmirdi.

Bir il sonra səyahət etmək fikrinə düşən Flober ən yaxın dostu Maksim Dyükanla Bretanın səyahətə çıxdı.

Və bir müddət sonra geri qayıtdı, özünə yeni maraqlar tapmaq məqsədi ilə qısa müddətə yenidən Parisə getdi.

Bu dövrlərdə Qustav daxilində yazmaq, içindəkiləri kağıza köçürmək istəklərinin yarandığını hiss edirdi.

Məhz bu üzdən də elə həmin il - 1846-cı ildən özünü ədəbiyyata, mütailəyə, yazı-pozuya həsr etdi.

Bu arada yaxın münasibətdə olduğu Luiza Kole ilə yazışmalarını sürdürür, paytaxt səfərlərində onunla daha sıx ünsiyyətdə bulunurdu.

Bu bəlkə də Floberin həyatında yeganə ciddi ilişgi idi ki, səkkiz il davam etdi.

ŞÖHRƏT GƏTİRƏN ƏSƏR...

1849-cu ildə Qustav Flober yenidən Fransadan uzaqlara getməyə qərar verdi.

Maksim Dyükanla birlikdə Şərqə üz tutdular, Misiri, Suriyanı, Fələstini, Yunanıstanı gəzib-dolaşdılar.

Qustav evə dönəndən sonra ciddi şəkildə yazmağa girişdi.

"Salambo" əsərinə illüstrasiya
Hər bir fikrin ifadəsində, hər bir cümlənin üzərində əsən, ölçüb-biçən Flober 1856-cı ildə böyük zəhmətdən sonra özünün ən məşhur romanını ərsəyə gətirdi.

Bu, çap olandan sonra demək olar ki, dünyanın bütün böyük dillərinə tərcümə edilən, müəllifinə inanılmaz şöhrət gətirən, uzun zaman ədəbiyyatşünasların müzakirə mövzusuna çevrilən məşhur "Madam Bovari"i idi.

Əslində bu əsəri fransız romançılığının yeni inkişaf mərhələsi adlandırmaq lazımdı.

Bu, o dövrlərdə dəbdə olan romantizmin realizmə çevirilməsi idi.

Yazıçı əsərdə illüziya ilə reallığın mübarizəsini, əsl həyatla xəyal edilən həyatın müqayisəsini ustalıqla verməyi bacarmış və mövzunu xeyirxah qəhramanın şəxsiyyəti, əməlləri ilə deyil, yazıq, həm də meşşan bir qadının bədiiləşmiş obrazı ilə açıb ortaya qoymuşdu.

Ümumiyyətlə, Floberin nəsri özündən sonra gələn yazıçıların - Gi de Mopassanın, Edmonda de Qonqotun, Alfons Dauetin, Emil Zolyanın... yaradıcılığına da güclü təsir etdi.

Amma romanın məşhurluğu təkcə sənətkarlıqla məhdudlaşmadı.

Əsərdə cəmiyyətin iç üzünü, mövcud problemlərini, baş verən haqsızlıqları... sənətkarlıqla ortaya qoyan müəllifə qarşı məmurlar ciddi əks-reaksiya verdilər.

Əsərdə ictimai dəyərlərin təhqir edildiyini bəhanə gətirərək Floberi məhkəməyə verdilər. Məsələni araşdıran hakim isə yazıçını günahkar hesab etmədi.

Elə bu da əsər ətrafında inanılmaz bir marağın yaranmasına səbəb oldu.

Ümumiyyətlə, böyük uğur qazanan roman Floberi yeni yaradıcılıq üçün həvəsləndirdi.

Yazıçının ikinci romanı xeyli sonra tamamlandı.

1862-ci ildə Qustav Floberin ikici romanı - tarixi əsəri "Salambo" işıq üzü gördü. Oxucular bu əsəri də maraqla qarşıladılar.

Floberin üçüncü romanı "Hisslərin tərbiyəsi" bu dəfə daha tez - 1969-cu ildə ərsəyə gəldi. Artıq tənqidçilər onu faransız ədəbiyyatının nəhəng realisti adlandırırdılar.

Hətta onun hədsiz səliqə ilə seçdiyi ifadələri, ideal səviyyədə ifadə seçimi tənqidçilərin hədəfinə çevrilirdi.

Amma yazıçının dostları, obyektiv adamlar onun əsərlərinə yüksək qiymət verirdilər.

Qeyd edim ki, Flober məşhur fransız yazıçısı Jorj Sand, Emil Zolya, İvan Turgenev, Edmond Qonkotla... dostluq edir, məktublaşırdı.

ONUN TALEYİNƏ DÜŞƏN İTKİLƏRİ

Əslində Qustav Flober qəribə bir həyat tərzinə malik idi. Kimliyindən asılı olmayaraq o insanlarla görüşməyə həvəs göstərmirdi.

Vaxtının çoxunu yaradıcılığına, mütaliəsinə və tənhalığa həsr edirdi.

Bəlkə də bu səbəbdən idi ki, o, ailə qurmadı, anası ilə birgə yaşadı. Amma təhqiqaçılar bildirirlər ki, Flober bəzən qadın tanışları ilə görüşər, bir sıra hallarda fahişələrin də yanına gedərmiş.

Lakin şairə Luiza Koledən başqa onun heç bir qadınla ciddi münasibətləri olmamışdı.

Onun tənha həyatı təxminən 1868-69-cu illərdən sonra daha da kölgələndi, yalqızlaşdı. Belə ki, 1868-ci ildən səhhətindəki problemlər bir qədər kəskinləşməyə başladı.

Qusrav Flober
Ümumiyyətlə, Qustav Flober gənclik illərində yoluxduğu zöhrəvi xəstəlikdən də həmişə bərk əziyyət çəkmişdir.

Səhhətindəki problemlərin kəskinləşməsi onsuz da insanlardan qaçan Floberin daha çox evə qapanmasına səbəb oldu.

Günlər keçdi, yazıçının yaxşılığa ümidləri puça çıxdı. Hətta ard-arda ona itkilər üz verdi. 1869-cu ildə ən yaxın dostu Buye öldü.

Bir il sonrasa o, həyatın daha bir sınağı ilə üz-üzə qaldı.

Belə ki, həmin illər Fransada gedən müharibə vaxtı fransız əsgərləri onun yaşadığı evi zəbt etdilər. Bir müddətdən sonra onlar çıxıb getsələr də bu hadisə də yazıçını çox üzdü.

Görünür Floberin həyat imtahanları hələ davam edəcəkmiş. 1872-ci ili onun həyatında ən acı il kimi saymaq olar.

Həmin ilədək anasından ayrı yaşamayan yazıçı yeganə dayağını itirdi.

Anası öldü. Bu mənəvi sarsıntı azmış kimi bundan sonra onun həyatında maddi çətinliklər özünü göstərməyə başladı. Məşhur yazıçı nə edəcəyini bilmədi.

Yeganə təsəllini yazmaqda tapdı. 1877-ci ildə "Üç povest" nəşr olundu. Bura Floberin yazdığı üç povesti daxil edilmişdi.

Xeyli müddət Floberdən əsər gözləyən oxucular povestləri də maraqla qarşıladılar.

BU DA SON

Bundan sonra Qustav Flober özünü çoxdan qələmə almaq istədiyi yeni bir romana həsr etdi. O ən gözəl əsərlərindən biri sayılan "Byüvar və Pekyuşe"ni yazmağa başladı.

Saatlarla əsərin üzərindən ayrılmayan Flober inanırdı ki, bu roman onun özünün təkrar təsdiqi olacaq.

O yazdı... Lakin əsəri - sonuncu bədii "övladını" ərsəyə gətirə bilmədi, roman yarımçıq qaldı.

Görünür həyatın onun haqqındakı istədikləri tamam başqa cür imiş. Qustav Flober 1880-çi il, may ayının 8- də Kruassedə, atasından ona qalan, tənha ömür sürdüyü evində insultdan, 58 yaşında dünyasını dəyişdi.

Onun tamamlaya bilmədiyi bu gözəl əsər yazıçının ölümündən bir il sonra - 1881-ci ildə nəşr edildi.

Və çox təəssüf ki, Flober tamamlaya bilmədiyi bu əsərinin də necə rəğbətlə qarşılandığını görə bilmədi.

Yazıçını Ruandakı qəbiristanlıqda, ailə üzvlərinin yanında dəfn etdilər.

Ondan bu dünyada Qustav Flober adı və həmin adı yaşadan gözəl, əvəzsiz əsərləri qaldı...

"Ədalət" qəzeti

Həmçinin oxu
Ölümün "sevdiyi" ailə
Göy üzündə "gəzən" ürək...
XS
SM
MD
LG