Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

BALAXAN "Azadlıq" (Hekayə)


Yeganə mümkün azadlıq -
fiziki azadlığa həsr olunur

Heç nə istəmirdi, təki bu ağır yükdən azad olsun. Ayaq üstə heç
nə alınmadı.

Qıçları bədənini üzən ağrıdan, bir də çəkisi dəqiqəbədəqiqə artan yükün ağırlığına tab gətirməyib bükülməyə başlayanda oturmağa məcbur oldu.

Bu, daha da pis. Yükün bədənini gəzib-gəzib, onu tərk etmədən qabaq düşərgə saldığı yer cəmdəyinin düz ortasıydı – üstdən də, altdan da sıxılıb, ağrını daha da dözülməz edirdi.

Bütün varlığıyla gərilib gözlədiyi bu möhtəşəm tərketmə mərasiminin vaxtıysa get-gedə uzanırdı.

… Özünü dərk edəndən bəri kənar müdaxiləsiz, özbaşına baş verən proses indi işini yarımçıq qoymuşdu.

Yükün üstünə yük qovan mürəkkəb fabrik isə öz işindəydi. Dolub-doymuş dəlmə-deşiklər də yükdən imtina edib onu geriyə qovur, irəli-geri axan sel toqquşub kükrədikcə, üzülüb əzab çəkən də elə özü idi – ağrı-acısını bölüşmək belə mümkün olmayan bir dərd.

Yeri yoxdu – çölə çıxmalıdı. Əvvəl-axır, hansı yolla olursa olsun. Yolunusa kəsiblər.

Kim, nə, necə – bilmir. İndi o halda deyil. Beyni də işləmir. Damarları yay kimi gərilir, bütün diqqəti ilə darvazanın nə vaxt açılıb yükün bayıra atılacağı anı gözləyir.

Budur, növbəti həmlə. Bütün bədəni gərilir, üz-gözü qırışır, qışqırma və ciyiltiqarışıq bir səs çıxarır, sanki partlamağa gəlir. «İlahi, bu zülüm nə vaxt qurtaracaq?» - deyə doğulmağına da lənət yağdıra-yağdıra oturduğu yerdə qovrulur.

Əsim-əsim əsən dizləri qapağı açıq mühərrikin dəmir barmaqları tək saatda yüznən hərəkətdədir – saxlamaq olmur.

Get-gedə əsmə bütün bədənə keçir, dişlərinin şaqqıltısından özü də qorxur, amma…

Bu nədir? Doğrudanmı, yuxu görmür ki. İçalatının lap dərinliyindən sürətlə, yolunda hər şeyi əzib, silib-süpürüb, cıra-cıra nəsə gəlir, hə, yox, hə, hə, yo-o-ox. HƏ!!!

Budur, yükün ilk hissəsi. Çoxdan, lap çoxdan, elə bil lap doğulandan gözlədiyi an. Sevinc, nəşə, yüncüllük gətirən anlar. Qurtarmayaydı kaş.

Çıxdıqca çıxan qarşısıalınmaz selin özü ilə gətirdiyi bihuşedici ləzzətdən, xoş ağrılardan havalanırdı elə bil.

Ağzının suyu axırdı, dili yerində fırlanmayıb «c-a-a-a-n» kəlməsini dilinə, dişinə çırpa-çırpa yarı zırıltı, yarı mızıltıyla ağzından birtəhər çölə atır, düzünə qalsa, sadəcə səs çıxarırdı.

…Bir az da, bir damcı da… Nə olaydı, heç qurtarmayaydı. Heç vaxt, heç zaman – beynində bu sözləri bəlkə də min dəfə fırladı.

Bayaqdan onu sıxan bu soyuq, qaranlıq və dar otaq indi işıqlı, içində yepyekə ləzzət yaşanan cənnət guşəsini xatırladırdı. Yüksə azalırdı. Azala-azala da onu özünə qaytarırıdı.

Otaq qaranlıqlaşır, yeri narahat, divarlarsa soyuyurdu. Nəhayət…

Bir xeyli oturdu. Sonra tənbəl-tənbəl ayağa durdu.

Bir xeyli də dayanıb bayaqdan oturub əvvəl olmazın əzab, sonra isə əsrarəngiz, xoş hisslər yaşadığı yerə baxdı. Başı birdən aldığı xoşbəxt zərbədən gic gedir, elə bil uçurdu. Uzun əzabın sonunda aldığı ləzzətin dadı damağında idi hələ.

Nə etməli? Yaxşı olan hər şey tez də qurtarır. Heyf!

Tualetin işığını söndürüb, səndələyə-səndələyə bayıra çıxdı.

Fevral, 2001-ci il

Alatoran
XS
SM
MD
LG