Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:46

Matthew Bryza: «Güclə hədələmə qəbuledilməzdir»


Matthew Bryza
Matthew Bryza
ABŞ-ın Azərbaycandakı səfiri Metthew Bryza AzadlıqRadiosunun suallarını cavablandırır.

AzadlıqRadiosu: ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan və Azərbaycanı snayperləri təmas xəttindən kənara çəkmək üçün addımlar atmağa çağırıb. Eyni çağırışı iki il əvvəl Minsk Qrupunun həmsədr dövlətləri ən yüksək səviyyədə etmişdi. Həmin vaxt Siz həmsədr idiniz. Sizcə, tərəflərin bu çağırışlara əhəmiyyət verməməsinin səbəbi nədir? Necə bilirsiz, bu dəfə çağırışlar nəticə verəcək?

Metthew Bryza: Martın 5-də Soçi sammitindən sonra Minsk Qrupunun həmsədrləri snayperləri təmas xəttindən kənara çəkmək çağırışlarını bir daha təkrarladılar. Dünyanın diqqətini Soçidə prezidentlər Əliyev və Sarkisyanın münaqişənin sülh, danışıqlar yolu ilə həllinə və atəşkəs pozuntularının araşdırılmasına dair öhdəliklərinə çəkdilər.

Bu öhdəliklərdən çıxış edərək təmas xəttində baş verən son 2 ölüm hadisəsinin hərtərəfli tədqiqatını aparmaq ATƏT üçün vacibdir. Onlardan biri az yaşlı Azərbaycan oğlanı və elə dünən öldürülən erməni əsgəridir. İstənilən belə ölüm faciədir. Bu, bir daha insani baxımdan gücdən istifadənin pislənməsinin zəruriliyini izah edir. Həmsədrlərin dəfələrlə bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.

Bu baxımdan, təhlükə kəsb etməyən mülki təyyarələrə qarşı hədələmə və ya gücdən istifadə qəbul edilməzdir. Azərbaycan və Ermənistan prezidentlərinin məsələni dinc, danışıqlar yolu ilə həll etmək öhdəliyinə ziddir. Biz tərəfləri Dağlıq Qarabağda yeni aeroportun planlaşdırılan açılışına qədər uçuşların təhlükəsizliyi məsələlərini həll etməyə çağırırıq.

AzadlıqRadiosu: Siz sonuncu müsahibələrinizin birində bu il münaqişənin həllində mühüm il olacağını demisiniz. Daha ətraflı məlumat verərdiniz.

Metthew Bryza: Sizin sualınız 2 ayrı məsələdə qarışıqlıq yarada bilər. Mən bu yaxınlarda demişəm ki, bu il «Cənub Dəhlizi»nə dair kommersiya və hüquqi razılaşmaların imzalanması üçün əhəmiyyətli il olacaq. Bu kəmərlə Azərbaycanda çıxarılan təbii qaz Avropa bazarlarına nəql olunacaq. Dağlıq Qarabağa gəlincə, mən dəfələrlə demişəm ki, münaqişənin dinc, danışıqlar yolu ilə həllindən vacib heç bir məsələ yoxdur. Mən danışıqların iştirakçısı olmasam da, səfir Bradtke və onun Minsk Qrupu üzrə həmkarlarına yardım üçün lazım olan hər şeyi etməyə hazıram.

AzadlıqRadiosu: «Forbes Blog» Amerikanın «Booz Allen Hamilton» şirkətini Azərbaycan hökumətini müxalifətçilərin tapılmasına yardım etmək üçün xüsusi proqramla təmin etməkdə günahlandırıb. Şirkət Azərbaycanda işləyir və Pentaqon layihələrinə cəlb olunub. Bu məsələyə şərh verərdiniz.

Metthew Bryza: Mən birinci dəfədir bunu eşidirəm. Bu məsələni araşdırmaq istərdim.

İnternet fəallığına gəlincə, deyə bilərəm ki, prezident Obama, Dövlət katibi Klinton internetə demokratik debatlar üçün əsas oyunçu kimi baxırlar. Azərbaycanda «Facebook» və başqa sosial media saytlarının inkişafı vətəndaşlara cəmiyyətin üzləşdiyi problemləri müzakirə etmək üçün yeni imkanlar yaradır. Biz tam açıq, məhdudiyyətsiz İnternet məkanının tərəfdarıyıq.

İnternet fəlsəfə deyil, vasitədir. «Facebook» siyasət deyil, platformadır. Mən Azərbaycanda hər gün online rejimdə ifadə olunan fikirlər görürəm. Hökumət yönümlüdən tutmuş hökuməti sərt tənqid edənlərə qədər. İnternet belə olmalıdır.

AzadlıqRadiosu: 11-12 mart aksiyalarından əvvəl və sonra onlarla gənc fəal həbs olunub. Hazırda isə müxalifət aprelin 2-də mitinq keçirməyi planlaşdırıb. Şəhərin mərkəzində keçirilən aksiya icazəsizdir. Bu məsələyə münasibətiniz necədir?

Metthew Bryza: Azərbaycan konstitusiyasının 49-cu maddəsi toplaşma azadlığına imkan verir. Ümid edirəm ki, Azərbaycan hökuməti söz və toplaşma azadlığına dair öhdəliklərinə riayət etməkdə davam edəcək. Dinc etirazlar – açıq fikir müxtəlifliyi - inkişaf etmiş demokratiyanın əlamətidir. Mən saxlanmış fəalların məsələsini elə bu gün günorta yüksək rütbəli hökumət rəsmiləri qarşısında qaldırmışam.
XS
SM
MD
LG