Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:46

Rüstəm Behrudi "Ata dili!!!" (Şeir)

















«Anamın kitabı» – anamın dili,
Bu adla çağırdım dilimin adın.
Mənim ürəyimdən özgə şey keçir,
Ey məni dünyaya gətirən qadın !..

Bu sirri açmaqda bəlkə günahdıır,
Mənim günahımı, ana, bağışla.
Sən yenə əvvəlki ucalıqda ol.
Oğlunam, verdiyin cana bağışla.

… Bu dildə söz desəm, çatar tanrıya,
Çoxları bu sirri anlamır, dədə,
Biz «bizi» yaşadan dilə yenmişik,
Bu Vətən torpağı kiçiləndə də.

Dilimə «can» dedim, canım dilimdə,
Ey dilim, sözümü köməyə gətir.
Min il açmamışıq bir sirri, ustad,
Gərək mən danışım bu həqiqəti.

- «Anamın kitabı» çoxuna yaddır,
Deyərəm nə üçün, səbrini gəl bas.
-Yurd boyu kəhər at oynadanların
Atası kim olub?
- Bizans, ərəb, fars…

O Uzun Həsənin əksi gözümdə,
Dolaşdı ər kimi bu yurd boyunca…
Halalı, qadını kim oldu?!
- Yad qızı,
Oturub ağlayım, dilim, doyunca.

Allah, dahimi də yad qadın doğub,
Müqəddəs dilimin ruhun qırıbdı.
Görən Nizamini, ya Xəqanini
Anası nə dildə danışdırıbdı?

Mənim ocağımı kim yandırdı, kim?!
Evimin qadını yad qadın indi.
Oğlumun anası dilimi bilmir,
Özüm də, oğlum da özgələrindir.

Yad qadın nazına yenən millətin,
Başına nə gəlir, nə gəlir azdı.
Babək öz oğlunun xəyanətini
Yad əldən aldığı qadına yazdı…

Bildi ki, xəyanət o qandan gəlir,
Oğul mənim deyil, dedi: – yaddı, yad.
Niyə bacarmırıq tövbə eyləsək,
Yoxsa unutmuşuq o dərsi, ustad!

… Böyük Britaniya… London civarı …
Gətirilib yədəkdə Qarabağ atı.
Duyub yadlığını bu at madyanı
Gözəl madyanlardan uzaqda yatır.

Hardasan, Oğuzun müqəddəs ruhu?!
Gəl, məni təmizlə, kədər, ey kədər!
Yadla bir yastığa baş qoyanların
Qeyrəti yoxmudur – kəhər at qədər?!

… Gərək Dədə Qorqud, Güntəkin babam,
Təzədən üz tutam yazına indi.
Ata kitabları unutduğumdan
Əsirəm yad qadın nazına indi.

Hansısa bar namərd hökmdar dəyib,
Bugünkü məqsədin dəyib çox qısa:
\»Tutduğu oba, yurd tutanın dəyil,
Qadını o yerə varmayıbdısa\».

Düşmənim evimdə gəzir mələktək,
İçimdən yıxacaq məni lap sabah.
Heç kim siyasəti bu cür ağılla
Həqiqət donuna bükəmməz, allah!…

Heç kim tablaşammaz bu dərdə, heç kim,
Bəs bizi yaşadan nə sirmiş, nə sirr?!
Nə yaxşı mənə dost kağız-qələm var,
Nə yaxşı önümdən adamlar keçir.

Durub soruşuram: – Adın? Cavab yox…
- Millətin?
Anlamır, nə qəribə iş!
Atası – Məhəmməd, adı – Oğuzdu; -
Beşikdə yad millət südünü əmmiş…

Səndən soruşuram: – Ananın adı?
Dillənir: – Veradır; Sənin? – Anuşdur.
Səninki Innadır! Dilim, can dilim,
Gördünmü sabahın ölümə tuşdur.

Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,
Qəniməm, dilimə kim ki, qənimdi.
Kərəmin dilində Kərəmə «can-can»,
«Qurbanam» – söyləyən əsli mənimdi.

Səninlə böyüyəm, varam, can dilim,
Məni sözlərinin başına çevir.
Sənə yenməlidir məni sevən kəs,
Yenirsə, deməli ürəkdən sevir.

http://shems-meclisi.az/?p=1863
XS
SM
MD
LG