Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 22:56

Balaş Azəroğlu. "İnqilab şairiyəm", "Təbriz"...


INQILAB ŞAIRIYƏM


Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymana, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.

Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.

Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.

Ərdəbil. 1941


ARZU

Bəzən öz-özümə düşündükcə mən,
Xəyallar qəlbimi alır əlimdən,
Deyirəm: mən də bir əsgər olaydım.

Nə ola ömrümün bu gənc çağında,
Odlar ölkəsinin gen qucağında
Geniş səhralara rəhbər oleydım.

Dureydim sərhəddə əlimdə tüfəng,
Qaranlıq mayaq kimi,
Zamanlar keçirmiş qarlı dağ kimi.

Öpeydi sinəmi yellər hər səhər,
Düşeydi üstümə gülgün şəfəqlər,
Günəşin rəngindən alaydım min rəng.

Qaranlıq gecənin qara qəlbinə
Tərlan baxışlarım axıb keçeydi,
Günəşin rəngindən alaydım min rəng.

Qartallı dağların zirvəsində mən
Bir keşikçi kimi duranda bəzən,
Dumana, çovğuna gəreydim sinə.

Mənə taleyini tapşırarsa el,
Onu gözüm kimi qoruyaram, bil.
Nə nişan, paqon, nə cah, nə cəlal.

Əgər inanmasan oxucum buna,
Boz şinel geyəcək Azəroğluna
Məncə arzu olsun, səncə bir xəyal.

Təbriz, 1943


TƏBRIZ

Çox zaman kədərli görmüşəm səni,
Yadında varmıdır o halın, Təbriz?!
İndi o günlərdən uzaqsan daha,
Artıbdır şövkətin, cəlalın, Təbriz!

Bir qüdrət duyuram doğma səsindən,
Sinəmi qızdırdın gur nəfəsindən.
Həyat kitabının səhifəsindən
Silinib həsrətin, məlalın, Təbriz!

O gün ki, sinəni sipər eylədin,
Qaranlıq gecəni səhər eylədin,
Bizə azadlığı xəbər eylədin
Səsinə səs verdi mahalın, Təbriz!

Mən çoxdan vermişəm sənə qəlbimi,
İstəsən al bir də sina qəlbimi,
Qoyma yad əllərdə sına qəlbimi,
Daha qayıtmasın zavalın, Təbriz!

Bizdə müqəddəsdir ananın adı,
Şahlar, hökmüdarlar bunu qanmadı.
Hər il ordu çəkib səni taladı,
Artdı dərdin, qəmin, xəyalın, Təbriz!

Əgər atılsa da odlara yurdum,
Ancaq əyilmədi yadlara yurdum.
Dözdü hər çətinə, hər dara yurdum.
Yardı qaranlığı hilalın, Təbriz!

Uşaqkən dedilər Azər anandır,
Odlardan doğduğum elə əyandır.
Bizə böhtan atan yazını qandır,
Cavabsız qalmayıb sualın, Təbriz!

Bu ellər yanında and içirəm mən,
Xalqın arzusudur qəlbimdən keçən.
Mən ilham almışam hər zaman Səndən,
Dünyalar qədərdir kamalın, Təbriz!

Təbriz, 1945


MƏN DƏ BIR ƏSGƏR KIMI


Şairə qələm ver, kağız gətirin,
Şeirim cərgələnsin bir ləşgər kimi
Yenə misralarım dursun sıraya,
Döyüş meydanında səfərbər kimi.

Günəş, ay qızınır ocağımızdan,
Şərqə işıq düşür yarağımızdan
Dünən tülkü kimi qabağımızdan
Qaçanlar qayıdır yenə şər kimi.

Xəyalı başqadır naşı yağının,
Görünsə sərhəddən başı yağının,
Qalmaz daş üstündə daşı yağının,
Elim silahlanıb bir nəfər kimi.

Əyilmək yaraşmaz bizim millətə,
Ürək də uymayır hər “məhəbbətə”
Bu tez – dediyi “hüsnü niyyətə”
Hamı nifrət edir pis xəbər kimi.

Gözünü dikdiyin odlar yurdudur,
Gördüyün bu dağlar, düzlər ordudur.
Gecəli, gündüzlü keşikdə durur
Hər el qəhrəmanı bir əsgər kimi.

Aslan yalvararmı qorxaq tülküyə?
Günəş sığınarmı qara kölgəyə?
Səadət məskəni bizim ölkəyə
Gəlsəz öləcəksiz ölənlər kimi.

Təbriz, 1946
XS
SM
MD
LG