Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:29

Nehrəmin əkin sahələri susuz qalıb


Naxçıvan Dəmiryol Vağzalı
Naxçıvan Dəmiryol Vağzalı
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən Nehrəm kəndinin əkin sahələrinin suya olan tələbatını əsasən Vayxır, Sirab, Bənəniyar gölləri ödəyir. Bir də Araz çayı. Sakinlər deyir ki, əkin sahələrinin suya olan tələbatının böyük hissəsini Araz çayından su nasosları vasitəsi ilə təmin edirlər. Bu il nasosların sıradan çıxması səbəbindən təxminən min hektarlıq sahə susuz qalıb.

Kənd sakini Vəfadar Eyvazov deyir ki, Nehrəm Sudan İstifadə Edənlər Birliyinin rəhbəri Cəmşid Həsənov və kənd icra nümayəndəsi Təvəkkül Ələkbərova dəfələrlə müraciət etsələr də, bunun heç bir nəticəsi olmayıb:

«MƏGƏR, YAĞIŞ SUYU İLƏ ƏKİN SUVARMAQ OLAR?»


«Mənim bir hektar torpağım var. Bu il bostan əkməli idim. Su olmadığından əkə bilmirəm. Bostanın da vaxtı keçir. İcra nümayəndəsinə müraciət edirik, deyir mənlik deyil, su birliyinə müraciət edin. Su birliyinin rəhbəri Cəmşid Həsənov isə deyir ki, bu il havalar yağıntılıdır, birtəhər ötüşün, nasosları sonra düzəldərik. Məgər, yağış suyu ilə əkin suvarmaq olar?».

Başqa bir Nehrəm sakini Yaşar Bağırsoy deyir ki, sahələrin susuz qalmasına etiraz olaraq may ayının 6-da kəndin mərkəzində aksiya keçirməyi planlaşdırıblar. Ancaq aksiyaya iki gün qalmış kəndə Babək rayon Polis İdarəsinin 200-ə yaxın əməkdaşı yerləşdirilib. Bu səbəbdən də aksiya baş tutmayıb. Yaşar Bağırsoy:

«EV MÜHASİRƏDƏ OLDUĞUNDAN...»

Sakinlər deyir ki, əkin sahələrinin suya olan tələbatının böyük hissəsini Araz çayından su nasosları vasitəsi ilə təmin edirlər.
«İki gündür kənd polislərlə doldurulub. Elə bilirlər aksiyanın təşkilatçısı mənəm. Ona görə də bir neçə polis mənim evimi xüsusi nəzarətə götürüb. Ev mühasirədə olduğundan ailə üzvlərim narahatdırlar».

SU OLACAQ


Nehrəm kəndinin icra nümayəndəsi Təvəkkül Ələkbərov su probleminin olduğunu təsdiqləyir. O deyir ki, problem tezliklə həll olunacaq:

«Su nasosları işləmədiyindən Arazdan su vura bilmirik. Yeni, daha böyük nasoslar sifariş etmişik. Bu günlərdə əkin sahələrinə su vurulacaq».

Polis əməkdaşlarının Nehrəm kəndinə yerləşdirilməsi və Yaşar Bağırsoyun evinin nəzarətə götürülməsi məsələsinə gəlincə isə, Babək rayon Polis Bölməsinin rəisi Cavid Qasımov suallarımıza cavab verə bilməyəcəyini dedi:

«Bu haqda mən nə hə deyə bilərəm, nə də ki, yox».

Nehrəm kəndindən isə hələ də polislərin getmədiyini deyirlər.
XS
SM
MD
LG