Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:22

«Eurovision» başlayır


Eldar və Nigar
Eldar və Nigar
Mayın 10-da Bakı vaxtilə saat 00:00-da Almaniyanın Düsseldorf şəhərində 56-cı «Eurovision» Mahnı Müsabiqəsinin birinci yarımfinal mərhələsi başlayacaq. Hər iki yarımfinalda 19 ölkə yarışacaq.

Azərbaycan təmsilçiləri EldarNigar mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində 18-ci çıxış edəcək. Onlar romantik ballada olan «Running scared» mahnısını ifa edəcəklər.

Azərbaycanın Təşkilat Komitəsinin üzvü Leyla Əliyeva mayın 9-da AzadlıqRadiosuna bildirib ki, məşqlər uğurlu gedir:

«İkinci məşqdən sonra mən əminliklə söyləyə bilərəm ki, Eldar və Nigar müsabiqəyə tam hazırdırlar».

AÇIQ RƏNGLİ KOSTYUMLAR

Azərbaycan təmsilçilərinin səhnə kostyumlarını isveçli dizayner Lar Valli hazırlayıb. Lar Valli 2009-cu ildə Aysel Teymurzadənin də səhnə kostyumunu hazırlamışdı. L. Əliyeva Eldar və Nigarın səhnəyə açıq tonlarla işlənmiş geyimdə çıxacaqlarını deyir:

«Ən dəbli rənglər, geyimlər, açıq tonlarda işlənmiş kostyumlar olacaq. Səhnədə qurulmuş işıqlar və rənglərin ahəngi çox romantik ab-hava yaradır».

Onlar yarımfinala mayın 9-da keçirilmiş məşqdəki kostyumlarda çıxacaqlar.



BU İLİN FAVORİTLƏRİ

2011-ci il «Eurovision» yarışmasında 43 ölkə iştirak edir. Builki favoritlər Fransa və İngiltərə hesab olunur. L. Əliyeva deyir ki, Azərbaycan təmsilçilərinin çıxışından sonra onların ilk üçlükdə olacaqlarını proqnozlaşdırırlar.

«Ümumiyyətlə, Avropanın ürəyinin hansı dalğada döyüləcəyini demək çətindir. Amma Azərbaycanın builki yarışmada ilk üçlüyə düşə biləcəyini proqnozlaşdırırlar. Burada çıxış edən 43 ölkənin hər biri rəqibdir. Amma bu ilin favoritləri sırasında Fransa və İngiltərə təmsilçiləridir. Hətta Fransanı qalib kimi görənlər var».

Almaniyanın Düsseldorf şəhərində «Eurovision» yarışmasını 36 min izləyici canlı seyr edə biləcək.

«Eurovision» Mahnı Müsabiqəsinin ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də olacaq.
XS
SM
MD
LG