Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:06

Toyu yarımçıq qalmış 13 yaşlı gəlin


13 yaşlı gəlin...
13 yaşlı gəlin...
Ötən həftə Gəncədə 8-ci sinif şagirdi - 13 yaşlı Aytən Əliyeva (Ad şərtidir - red.)toy mərasimi qurulsa da, bu toy yarımçıq qalıb. Bəzəndiyi gözəllik salonundan birbaşa polis idarəsinə aparılan O, özündən 20 yaş böyük Kamil adlı Beyləqan rayon sakininə ərə verilirmiş.

Aytən Əliyevanın evlərində xeyli adam var idi. Bir neçə gün əvvəl toy hazırlıqlarına yığışan qohumlar indi yarımçıq qalmış toyun müzakirəsini edirdilər.

SAÇLARININ BƏZƏYİ HƏLƏ DƏ POZULMAYIB

Qapılarında elə A. Əliyevanın özü məni qarşılayır. Hələ də saçının bəzəyi pozulmamış bu qız jurnalist olduğumu biləndə, şəklini çəkməməyimi istəyir. Səsini də yazmağıma razı olmur. Ancaq deyir ki, polisə şikayət edənlər onun paxıllığını çəkən qohumları olub.

Aytən Əliyeva deyir ki, oğlan evinin adamları onun dayısı qızına elçi düşüblərmiş. Ancaq baxmağa gələndə, oğlan onu bəyənib.

GƏLİN BƏYİ GÖRMƏYİBMİŞ

Qızın deməsinə görə, bəyin üzünü də görməyib, daha çox telefonla danışıblar. Artıq bir həftəymiş ki, nişanlanıblarmış.

A. Əliyeva düşünür ki, onun toyuna mane olublar. Anasına deyiblərmiş ki, oğlan varlıdır, biznesmendir. Elə bu səbəbdən də qohumları paxıllıq edib.

A. Əliyeva deyir ki, anası şəkildə oğlanın evinə baxıb, oğlanın böyük evi var. Üstəlik, o, 13 yaşında ərə getməyin qadağan olunduğunu bilir. Ancaq deyir ki, anası məsləhət görüb, o da razılaşıb.

GƏLİN OLMAQ ONA MARAQLI GÖRÜNÜR

Deyir ki, düzü oxumaq da xoşuna gəlir, musiqi kollecini bitirmək arzusudur... Ancaq gəlin olmaq da ona maraqlı görünür.

A. Əliyeva elə yaşına uyğun, bir az da uşaqlara məxsus məsumluqla danışır... Deyir ki, polislər ona elə sözlər deyiblər ki, toyunun olmadığına sevinib. Amma sonradan anasının təriflərini eşitdikdən sonra yenidən təəssüflənməyə başlayıb.

«MƏKTƏBƏ GETMƏYƏ UTANACAM»


13 yaşında qız nə fizioloji, nə də psixoloji ailə qurmağa hazırdır
A. Əliyeva deyir ki, insan alveri söhbətinə inanmır. Onun fikrincə, anası ona elə bir həyatı rəva görməz. Həvəslə əllərini göstərir və deyir ki, bax, 2 gün əvvəl xınayaxdı gecəm də oldu, rəfiqələrim də gəlmişdi....

Əlləri xınalı, hələ də başı bəzəkli, toyu yarımçıq qalmış bu qız 10-15 dəqiqəlik söhbətimizə «məktəbə getməyə utanacam» cümləsi ilə son qoyur.

Anası deyir ki, qızını ondan çox heç kim istəyə bilməz. Onun fikrincə, xainliklə onları rüsvay edib, qızlarını xoşbəxt olmağa qoymayıblar:

«MƏNİM ÖZÜM DƏ 13 YAŞIMDA ƏRƏ GETMİŞƏM»

«Mənim özüm də 13 yaşımda ərə getmişəm. Yoldaşım ölənədək rahat yaşamışıq. İndi o biri qızım nişanlı, özüm də xəstə adamam. Ona görə dedim ki, ərə verim, cehiz filan da istəmədilər.

«AYTƏNİ 25 YAŞINDAN TEZ ƏRƏ VERMƏRƏM»

- Yaşı çatanda yenə həmin adama verəcəksiz qızınızı?

- Yox, artıq o adamlarla bu qədər söz söhbətdən sonra qohumluq edə bilmərəm. Özümə söz vermişəm, Aytəni 25 yaşından tez ərə vermərəm».

Toya müdaxilə edən Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev isə deyir ki, belə nikah qanunla qadağandır və qohumların şikayəti əsasında mərasimin qarşısı dərhal alınıb.

POLİS QIZIN SATILMASI EHTİMALINI İSTİSNA ETMİR


İ. Balakişiyev onu da əlavə edir ki, ananın qızını satmaq istəməsi ehtimalı da istisna deyil. Onun deməsinə görə, cəmi 40 nəfərlik tələsik toy edən ailələr toyun sabahı günü evlənənləri bal ayı adı ilə Türkiyəyə yollamaq niyyətində imişlər. Artıq aviabiletlər də alınıbmış. Üstəlik, qızın toydan öncə həkim müayinəsindən keçirilməsi, həmçinin bakirəliyinə dair arayışın da alınması qohumları da, polisləri də şübhəyə salan amillər olub.

Polisə ifadəsində qızın anası deyib ki, 13 yaşında ərə gedib, lakin uzun müddət sonsuzluqdan əziyyət çəkdiyinə görə bir dəfə ailəsi dağılıb. İkinci dəfə ailə quraraq 40 yaşından sonra dünyaya iki uşaq gətirib. 54 yaşlı qadının səhhətinin vaxtından tez ağırlaşmasını da elə onun erkən ailə qurması ilə izah edənlər var.

Elə həkim, mama-ginekoloq Səkinə Cənnətova deyir ki, əksər hallarda erkən ərə getmiş qızlar sonsuzluqla üzləşirlər. Üstəlik, hamiləlik dövrlərini yüksək təzyiq və digər patologiyalarla keçirirlər.
Məleykə Əlizadə
Həkim əsas səbəb kimi 13-14 yaşlı qızlarda analıq simptomlarının tam inkişaf etməməsini göstərir.

HÜQUQUN DİLİ İLƏ

Hüquqşünas Namiq Quliyev isə erkən nikahların daha böyük fəlakətlərə yol açdığını deyir. Ailədə münaqişə olarsa və cütlüklər ayrılarsa, qadının gəlin köçdüyü evdə nə mülk, nə də digər payı olur:

«Ancaq uşaq varsa, qadın atadan uşaq üçün aliment ala bilər. Bir də yaşadıqları müddətdə aldıqları hansısa əşya bölünə bilər».

Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə deyir ki, təkcə Gəncəbasar deyil, Azərbaycanın müxtəlif regionlarında belə hallara rast gəlmək olar:

«Valideynlər bunu əsasən sosial problemlərlə əsaslandırırlar. Amma bilməlidirlər ki, 13 yaşında qız nə fizioloji, nə də psixoloji ailə qurmağa hazırdır. Onun ailədə ciddi problemləri olur. 13 yaşlı qız hansı uşaq tərbiyə edə bilər. Dünyaya gətirdiyi uşaq onun üçün ancaq gəlincik rolunu oynaya bilər».

M. Əlizadə bildirir ki, erkən ailə qurmuş qızlar psixoloji cəhətcən hazır olmadıqlarından daha tez ailələrini dağıdırlar. Sonra da heç bir mülki hüquqlara malik olmadıqlarından insan alverinin və əxlaqsızlıq yuvalarının qurbanlarına çevrilirlər.

Azərbaycan qanunvericiliyinə əsasən, oğlanlar 18, qızlar isə yalnız 17 yaşlarından etibarən ailə qurmaq hüquqi əldə edirlər.
XS
SM
MD
LG