Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:42

Milli Məclis Avropa Parlamentinə etiraz edir


Milli Məclis
Milli Məclis
«Aprelin 2-də Bakıda keçirilən razılaşdırılmamış aksiyadan sonra Azərbaycanda bir qrup gənc həbs olunub. Həmin gəncləri mitinqə çağıran İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Yessentukidə dincəlirlər».

Bu fikri mayın 17-də Milli Məclisin iclası zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyevin fikrincə, həbsdə olan gənclərin valideynlərinin isə övladlarının yanına getmək imkanları yoxdur:

«İnanmıram ki, bundan sonra kimsə İctimai Palatanın çağırışı ilə küçəyə çıxsın. Ona görə də Milli Məclis Azərbaycan prezidentinə müraciət etsin və prezident də böyük alicənablıq nümayiş etdirsin».

Q. Həsənquliyev bildirib ki, gənclərin həbsdə olmasından Azərbaycana qarşı istifadə edilməsinə imkan verilməməlidir. Gənclər barədə həbs qətimkan tədbiri dəyişdirilməli, onlar azad edilməlidir.

Deputat İqbal Ağazadə də parlamenti 28 Mayda amnistiya elan olunması üçün prezidentə müraciət etməyə çağırıb.

««NABUCCO» KƏMƏRİ İLƏ BAĞLI AZƏRBAYCANA TƏZYİQLƏR VAR»

Avropa Parlamentinin bu yaxınlarda Azərbaycana dair qəbul etdiyi qətnamə
Milli Məclisdə tənqidlə qarşılanıb.

Avropa Parlamentinə cavab məktubu hazırlamaq üçün Milli Məclisdə 7 nəfərdən ibarət komissiya yaradılıb. Komissiyaya vitse-spiker Valeh Ələsgərov rəhbərlik edəcək.

Belə bir komissiyanın yaradılması təklifini mayın 17-də Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov irəli sürüb:

««Nabucco» kəməri ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var. Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamə də bu təzyiqlərin tərkib hissəsidir».

Z. Əsgərov deyib ki, onlar bu təzyiqlərlə Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər:

««Nabucco» Qərbin layihəsidir, özü həll etsin. Azərbaycanın buna heç bir etirazı yoxdur. Amma əlavə güzəştlər qoparmaq məqsədilə edilən təzyiqlərin heç bir mənası yoxdur».

Deputatlar Bahar Muradova, Əli Əhmədov, Azay Quliyev və başqaları da Avropa Parlamentinin qətnaməsini pisləyib, qərəzli sayıblar.

Bu çıxışlara cavab olaraq deputat İqbal Ağazadə bildirib ki, əslində, Avropa Parlamentinin qətnaməsi qərəzli deyil. Mitinqlərin dağıdılması, gənclərin həbs olunması və təhsildən kənarlaşdırılması kimi məsələlər üzündən Avropa Parlamenti bu cür qətnamələr qəbul edir.

İ. Ağazadənin fikrincə, 28 Mayda amnistiya elan olunmalıdır.

Mayın 12-də Strasburqda qəbul edilən sənəddə Avropa Parlamenti Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyib, vətəndaş cəmiyyəti, sosial şəbəkə fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən «dərin narahatlıq» keçirdiyini bildirib.
XS
SM
MD
LG