Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

“Beynəlxalq Buker” mükafatınin qalibi açıqlandı


Amerika yazıçısı Filip Rot bu ilin “Beynəlxalq Buker” mükafatına layiq görülüb.

Mükafatın qalibi mayın 18-də Sidneydə elan edilib.

Münsiflər Heyətinin sədri Rika Gekoskinin sözlərinə görə, “Filip Rotun kitabları 50 ildən çoxdur ki, daim artan oxucu kütləsini ilhamlandırıb, onları öz arxasınca aparıb, güldürüb”.

78 yaşlı Rot iki ildən bir verilən və dəyəri 60 min funt-sterlinq olan sözügedən mükafatın sayca dördüncü laureatıdır. Onunla birlikdə baş mükafata Xuan Qoytisolo, Filip Pulman kimi yazıçılar da iddia edirdi.

Bundan əvvəl “Beynəlxalq Buker”i Elis Monro, İsmayıl Kadare və Çinua Açebe də qazanıblar.

Filip Rot müasir Amerika ədəbiyyatının ən parlaq simalarındandır.

Yəhudi əsilli Filip Rot 25-dən artıq romanın müəllifidir.

“Əlvida Kolumb” adlı ilk povest və hekayələr toplusu 1959-cu ildə çap edilib.

Həmin kitab Amerikanın Milli Kitab Mükafatına layiq görülüb.

Rot həm də “Pultzer” mükafatının sahibidir.

Bestseller romanlarından olan “Amerikaya qarşı sui-qəsd”də faşistyönümlü rejimə malik ölkə təsvir edilir.

Alternativ tarix janrında yazılan romanda həmin rejim təyyarəçi Çarlz Lindberq hakimiyyətə gələndən sonra bərqərar olur. Romanda o, hakimiyyətə 1940-cı ildə Ruzvelti seçkilərdə məğlub edərək gəlir.

Bundan sonra yəhudilərə qarşı hücumlar artır.

Yazıçı etiraf edir ki, romanı yazarkən öz uşaqlıq illərinin təcrübəsinə də əsaslanıb.

Rot böyüdüyü Nyu-Cersidə o zaman antisemitizm hallarının olduğunu bildirir.

“Beynəlxalq Buker” Mükafatı ingilisdilli ölkələrin nüfuzlu “Buker” mükafatı ilə bağlıdır.

Əgər “Buker” yalnız ingilisdilli ölkələri təmsil edən müəlliflərə verilirsə, “Beynəlxalq Buker”ə istənilən ölkənin yazarı layiq görülə bilər.

Əsas şərt odur ki, həmin müəllifin ingiliscə, yaxud ingilis dilinə tərcümə edilmiş əsərləri çap edilsin.

Amma “Beynəlxalq Buker” mükafatı “Buker”dən fərqli olaraq ayrı-ayrı əsərlərə yox, müəllifin bütün yaradıcılığı qiymətləndirilərək verilir.

Həmçinin oxu
İngilisdilli ölkələrin ən nüfuzlu mükafatı Hovard Ceykobsona verildi
XS
SM
MD
LG