Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:13

50 min avroluq mükafat suriyalı şairə verildi


Avropanın ən nüfuzlu ədəbi ödüllərindən olan Göte Mükafatı suriyalı şair Adonisə verilib. (Röyters)

81 yaşlı Adonis (əsl adı Əli Əhməd Səid Asbar) ərəb dünyasında dünyəvi və demokratik dövlət düşüncəsinin yayılmasının tərəfdarıdır.

Dəyəri 50 min avro olan mükafat 1927-ci ildə Almaniyada təsis edilib.

Alman hökuməti bununla bağlı yaydığı bəyanatda bildirir ki, “Münsiflər Heyəti Adonisi mənsub olduğu ədəbi nəslin ən mühüm ərəb şairi sayır və mükafatı ona bəşəri dəyərlərə əsaslanan əsərlərinə və dünya ədəbiyyatına verdiyi töhvələrə görə verib”.

Göte Mükafatı 3 ildən bir – dahi alman şairinin vətənində - Almaniyanın Frankfurt şəhərində düzənlənən xüsusi mərasimdə təqdim edilir.

Mərasim şairin doğum günündə - avqustun 28-də keçirilir.

Mükafat Adonisə elə bir vaxtda verilib ki, ərəb dünyasında ard-arda üsyanlar baş verir, Tunis və Misirdə avtokratik liderlər devrildiyi bir vaxtda şairin vətənində - Suriyada da Bəşər Əsədin hakimiyyətinə qarşı kütləvi etirazlar davam edir.

Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis son üsyan zamanı yüzlərlə dinc nümayişçini qətlə yetirən Suriya hakimiyyətini açıq tənqid etməyib.

Amma o bir neçə həftə qabaq televiziya çıxışında ümumilikdə avtoritar ərəb liderlərini “yıxıb-sürüyüb”.

Şair bildirib ki, ərəb liderləri “özlərindən sonra yalnız cəhalət, təqiblər, geriləmə, əzab və işgəncə mirası qoyub gedirlər. Onlar ölkələrini hər hansı mədəni və insani məzmundan məhrum şüarlar məkanına çeviriblər”.

Adonis ərəb ədəbiyyatının əruz vəzni çərçivəsindən çıxmasında mühüm rol oynamış şairlərdəndir. O ərəb ədəbiyyatında sərbəst şeirin ən görkəmli nümayəndələrindən sayılır.

Sonuncu dəfə Nobel mükafatına iddialı yazarlar arasında onun da şansları yüksək qiymətləndirilsə də, mükafat perulu yazıçı Mario Varqas Lyosaya verilib.
XS
SM
MD
LG