Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11

Richard Morningstar Şahdəniz layihəsi və İrana sanksiyalar barədə


ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar
ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar
««Şahdəniz» qaz layihəsi ilə bağlı sanksiyaların tətbiqində ehtiyatlı olmaq lazımdır, çünki bu cür sanksiyalar İranın xeyrinə ola bilər». Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar belə deyib.

SONDA QAZ RUSİYAYA, ÇİNƏ, YA İRANA GEDƏ BİLƏR

«İranın «Şahdəniz» qaz layihəsində kiçik, passiv iştirakçıdır. Payı da azdır. Sanksiyaların tətbiqi bu ölkə üçün sərfəli ola bilər, çünki onda Azərbaycan qazı Avropaya deyil, son nəticədə Rusiyaya, Çinə, yaxud İrana gedə bilər».

Cənab Morningstar onu da deyib ki, Azərbaycan qazının Rusiyaya satışı «Cənub enerji dəhlizi» layihəsinə heç bir mənfi təsir göstərməyəcək. Onun sözlərinə görə, Azərbaycan suveren dövlətdir və öz resurslarını lazım bildiyi kimi istifadə edə bilər. Bildirib ki, hazırda Azərbaycan Rusiyaya az miqdarda qaz satır və digər istiqamətlərə də qaz ixrac etmək imkanları qalır. ABŞ rəsmisi bu məsələdə balans və alternativin olmasını arzuladığını deyib.

Gələn həftə Aşqabada səfər edəcəyini deyən Morningstar ümid edir ki, tranzit ölkələr arasında imzalanacaq Transxəzər layihəsinə dair saziş Azərbaycan, Türkmənistan və enerji təchizatçısı olan digər ölkələr üçün yaxşı seçim imkanı yaradacaq.

TÜRKİYƏ İLƏ AZƏRBAYCAN SAZİŞİ İMZALAYACAQ

Nabucco layihəsinin xəritəsi

«Düşünürəm ki, Türkmənistanın Transxəzər layihəsinin tikintisində iştirakı bu məsələdə yardımçı ola bilər. Mən gələn həftə Türkmənistana səfər edəcəm və prezidentlə görüşəcəm. Onun son aylar Transxəzər layihəsi barədə dedikləri müsbətdir. Ümid edirik ki, bu layihə ilə bağlı Türkmənistan, Azərbaycan və Avropa Birliyi arasında razılaşma olacaq».

Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqısı sazişinə gəlincə, Richard Morningstar deyib ki, Türkiyədə seçkilər başa çatandan sonra bu məsələdə müsbət dəyişikliyin olacağına ümid edir:

«Türkiyədə yaxın günlərdə seçkidir. Mən çox ümid edirəm ki, əvvəl-axır həmin saziş imzalanacaq. Biz bu sazişin imzalanmaması üçün heç bir səbəb görmürük».
Xəzərin statusunun qeyri-müəyyənliyini enerji layihələrini ləngidən faktor kimi dəyərləndirirmi sualına cavabda isə ABŞ rəsmisi bu cür düşünmədiyini bildirib.

«CƏNUB DƏHLİZİNƏ ÜSTÜNLÜK VERİRİK»

Richard Morningstar

Şahdəniz 2-dən hansı xətti dəstəklədiyinə gəlincə, cənab Morningstar deyib ki, Birləşmiş Ştatlar Cənub Dəhlizinə, bu dəhlizlə gedən istənilən kəmərə üstünlük verir.
«Strateji baxımdan Nabucco üstün variantdır. Ancaq əsas sual Nabucco-nun kommersiya baxımından əlverişli olub-olmamasını müəyyənləşdirməkdir. Əsas məsələ odur ki, 2017-ci ildə Nabucco tamamlananda onu doldurmağa kifayət qədər qaz olacaqmı? Son nəticədə bunun olacağına şübhə etmirik, söhbət ilk illərdə kəmərin tam işləməməsi üçün kimin məsuliyyət daşıyacağından gedir. Bunu səhmdarlar- Şahdəniz şirkəti, Nabucco konsorsiumu, Azərbaycan hökuməti, Avropa Bilriyi, payı olacaq bütün tərəflər işləyib hazırlamalıdır».

Bakıya səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar iyunun 7-si keçiriləcək «Xəzər Neft və Qaz 2011» sərgisində iştirak edəcək. Ölkə rəsmiləri ilə görüşlərdə isə «Cənub dəhlizi» layihəsi və Xəzərin enerji ehtiyatlarının istismarı və nəqli perspektivləri müzakirə edəcək. “Nabukko” qaz kəmərinin da daxil olduğu «Cənub dəhlizi» layihəsi enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya etmək və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyini artırmağı nəzərdə tutur.
XS
SM
MD
LG