Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Jurnalist: «Türkiyə seçicisi artıq praqmatikdir»


İlqar Məmmədov
«İşdən sonra» proqramında «Respublikaçı Alternativ» Hərəkatının həmsədri İlqar Məmmədov, «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Türkiyənin Milli Hərəkat Partiyasından yeni seçilmiş millət vəkili Sinan Oğan və Türkiyədə çalışan jurnalist Könül Şamilqızı bu barədə danışırlar.

İlqar Məmmədov:

«Biz bu seçkilərin nəticələrini Türkiyə və Azərbaycan üçün uğurlu sayırıq. Həm də Azərbaycan üçün örnək sayırıq. Türkiyədə keçirilən seçki kampaniyası, səsvermə və səslərin sayılması bütün müsəlman ölkələri, hətta Avropadakı bəzi ölkələr üçün örnəkdir. Yüksək demokratik standartlara uyğun bir proses idi. Hesab edirik ki, Azərbaycan da belə seçkilərə layiqdir...».

Sinan Oğan
Sinan Oğan:

«İğdır üçün çox böyük layihələrimiz var. Hazırda isə İğdır üçün ən böyük layihələrimizdən biri birlik layihəsidir. İğdırda birliyi qurduq və birliyə görə birinci yeri qazana bildik. Bizim çox gözəl layihələrimiz var idi. Rəqib partiyaların zəif nöqtələrini tapdıq. Onların nəzərə alıb xalqı aydınlatdıq. Bu seçimdə böyük bir zəfərlə çıxdıq. Türkiyə seçkilərinə kənardan baxanda, fərqli bir görüntü yaranır. Daxildə isə bu işin içində olanda, AKP-nin bu qədər səs yığmasının səbəblərini daha yaxşı görmək mümkündür. AKP bu seçimlərdə dövlət imkanlarından sonuna qədər istifadə edib. Müstəqil olmalı olan valilər, dövlət məmurları AKP məmurları kimi işlədilib. AKP-nin namizədləri iş adamları olduqları üçün xalqa çox böyük rüşvətlər, pullar paylayıblar. Bunlar qanuna görə, qadağandır. Bütün bunlara rəğmən, biz düzgün strateji yürüdərək qazandıq. Amma Türkiyənin hər yerində təəssüflər olsun ki, bunlarla mübarizə etmək mümkün olmadı...».

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu
«Faktiki olaraq Türkiyənin hər iki vətəndaşından biri AKP-yə səs verib. Amma bu, o demək deyil ki, müxalifətdə olan CHP və MHP məğlub olub. CHP-nin vəziyyəti çox ağır idi. O baxımdan ki, bir il öncə partiya sədri Dəniz Baykal kaset qalmaqalına görə istefa vermək məcburiyyətində qaldı. Kamal Kılıçdaroğlu bu bir ildə son dərəcə aktivlik nümayiş etdirdi ki, iqtidara yiyələnə bilməsə də, qazandığı uğur keçmiş nəticədən daha yaxşıdır. MHP də kaset qalmaqalı ilə üzləşdi. Belə bir proqnoz var idi ki, AKP qəsdən bu kaset qalmaqalını şişirdir ki, MHP parlamentə düşə bilməsin...».

Könül Şamilqızı:

«Türkiyədə sakit atmosfer hökm sürür. Əslində, hər kəs bir ölçüdə məmnun qaldı. AKP şübhəsiz ki, şəriksiz seçkinin qalibidir. Bu seçki göstərdi ki, Türkiyə seçicisi əvvəlki seçkilərdən fərqli olaraq ideoloji seçici deyil. Artıq praqmatikdir. İdeologiyalara səs vermir, vədlərə və icraatlara səs verir. AKP-nin icraatları və vədləri bu seçimin nəticələrində çox önəmli rol oynadı...».

Verilişi tam olaraq buradan dinləyin:


MÖVZU İLƏ ƏLAQƏDAR OXU:

AKP-NİN BİR QƏLƏBƏSİ VƏ BİR MƏĞLUBİYYƏTİ
XS
SM
MD
LG