Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:28

Qazaxıstanda çoxarvadlılıq



Qazaxıstanda siyasətçilərin çoxarvadlılığından danışanda Qazaxıstanda bir ifadə işlədirlər: “Almatı bir arvadı olanlar üçündür, Astana çox arvadı olanlar üçün”.

Uzun illər Almatıda qərarlaşan hökumət 1990-cı illərin axırlarında yeni paytaxt Astanaya köçdü.
İndi Almatı köhnə dövrün simvoludur, Astana yeni dövrün.

QANUN NƏ DEYİR?

Qanunla Qazaxıstanda poliqamiya, çoxarvadlılıq olmaz.
Hətta məhz 90 il bundan qabaq iyunun 21-də Sovet hakimiyyəti çoxarvadlılığı qadağan etdi.

Bütün Orta Asiya dövlətlərində çoxarvadlılıq cinayətdir, buna görə iki il həbs cəzası almaq olar.

Ancaq Qazaxıstanda vəziyyət fərqlidir. Burda 1998-ci ildə çoxarvadlılıq cinayət məcəlləsindən çıxarıldı və artıq cinayət deyil.

Bundan keçən 13 ildə çoxrvadlılıq Qazaxıstanda görünməmiş irəliləyiş edib.
Həm şəhərlərdə, həm regionlarda imkanı olanların çoxunun bir neçə arvadı var.

Qazaxıstanda poliqamiya cinayət məcəlləsindən çıxarılsa da hələ leqal deyil. Onu qanuniləşdirmək cəhdlərinin isə heç biri baş tutmur. Bu qanunlar parlamentdən keçmir.

KİŞİLƏRİN 40 FAİZİ DƏSTƏKLƏYİR

Qazaxıstanda nə qədər belə ailə var? – bunu dəqiq bilən yoxdur. Çünki bunun statistikası aparılmır.

Qazaxıstan mediasının apardığı sorğuya görə rəyi soruşulan kişilərin 40 faizi poliqamiyanı dəstəkləyir. Qadınlar arasında belə dəstək cəmi 20 faizdir.

Poliqamiyanı dəstəkləyənlər deyirlər ki, bu, bütün cəmiyyətlərdə var. İslama istinad edənlər də çoxdur.

57 yaşlı Şinar adlı qadının ərinin ondan başqa iki gənc arvadı var.

Şinar deyir: “Bir neçə arvadı olan kişi ilə mən heç bir problem görmürəm. Əgər bu kişi bütün arvadlarına eyni şəraiti yaradıbsa, burda nə problem var? Bizim bütün uşaqlar ərimin bütün arvadlarına “ana” deyirlər”.

Şinarın fikrincə, gizlicə çox arvadı olandansa, bunu açıq edən kişi daha yaxşıdır.

Çoxarvadı olanların çoxu yaşı 40-dan yuxarı imkanlı kişilərdir.
Belə kişilərin ikinci, üçüncü arvadı olanlar isə adətən yaşı 20-dən 30-dək olan qadınlardır.

PREZİDENT DƏ?

Prezident Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev deyir ki, prezidentin də Astanada bir yox, iki gənc arvadı var.

Hazırda Avstriyada olan Rahat Əliyevin sözlərinə görə, prezidentin bu qadınlardan 3 uşağı var. O cümlədən yeganə oğlu məhz bu qadınlardandır.

Nazarbayev bu sözlərə heç vaxt cavab verməyib.

ONDA ÇOXƏRLİLİYƏ DƏ İCAZƏ VERİLSİN”

Qazaxıstan parlamenti iki dəfə poliqamiyanı qanuniləşdirmək məsələsinə baxıb.
Hətta 2001-ci ildə konstitusiyaya dəyişiklik təklif olunurdu.

Ancaq hər dəfə poliqamiyanı qanuniləşdirmək təklifləri rədd olunub.

2008-ci ildə parlamentdəki son belə cəhdin qarşısını alanlardan biri qadın haqları fəalı Baxıt Sızdıkova oldu.
O dedi ki, “çoxarvadlılığa icazə vermək istəyirsinizsə, onda çoxərliliyə də icazə verilməlidir. Çünki konstitusiyaya görə, qadınlarla kişilərin hüquqları eynidir”

Ancaq Qazaxıstanda çoxları əmindir ki, poliqamiyanı qanuniləşdirən qanunun qəbuluna çox qalmayıb.

Hələliksə, ikinci arvad almaq istəyən mollanın yanına gedib, nikah bağladır.

Qonşu Qırğızstanda və Tacikistanda evli kişiyə başqası ilə kəbin kəsmək mollalara qadağandır.
Qazaxıstanda belə qanun yoxdur.

Almatı məscidinin imamı Bəxtiyar Hasanaliyev deyir ki, il başlayandan bu məsciddə 400-500 belə nikah bağlanıb.
XS
SM
MD
LG