Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:56

İlham Əliyevin həbsdə olan sinif yoldaşı


Elşən Həsənov. Foto: Deyerler.org
Elşən Həsənov. Foto: Deyerler.org
«Hər gün 9-a işləmiş gəlib məni işdən götürür. Həmin gün axşam zəng elədi ki, gələ bilmirəm. Dedi həmin məsələyə görə həmin yerdəyəm».

Rəna Həsənova İctimai Palatasının 2 aprel aksiyasından sonra həbs olunan müsavatçı Elşən Həsənovun həyat yoldaşıdır. Deyir həyat yoldaşı aprelin 2-də gecə saatlarında azad olunsa da 4 gün sonra yataqda xəstə yatarkən gəlib onu evdən aparıblar:

«Aprelin 6-da səhər mən işə getmişəm, o da yataqda xəstə yatırdı. Sanki terrorçu dalınca gəliblərmiş kimi evi mühasirəyə alıblar. Bir-ikisi arxa tərəfdən, bir-ikisi də qapıdan gəlib, yataqdan qaldırıb, aparıblar. Çağırsaydılar, elə özü də gedə bilərdi. Nəyə görə qonşuların içində gəlib onu əli qandallı aparıblar? Heç oğurluq eləyəni belə aparmırlar».

BÜTÜN AİLƏ MİTİNQƏ GEDİRMİŞ

Elşən Həsənov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsilə ittiham olunur.

Haqqındakı 2 aylıq həbs qətimkan tədbiri başa çatmamış bu müddət daha 2 ay artırılıb.

Rəna xanım danışır ki, son bir neçə aksiyanı çıxmaq şərtilə müxalifətin mitinqlərinə birgə gedərmişlər, hətta Elşənin anası sağ olanda o da onlara qoşularmış. Amma bu, Elşən Həsənovun ilk həbs təcrübəsidir, bundan öncəki aksiyalarda heç vaxt saxlanmayıb. Elə ona görə də, bu xəbər ailə üçün gözlənilməz olub.

Rəna Həsənova deyir ki, övladları yoxdur deyə indi onun üçün lap çətindir, dost tanış tək qoymasalar da, deyir Elşənin yerini heç kəs vermir. Həm də deyir yoldaşının səhhətindən çox narahatdır. İki dəfə mədə əməliyyatı olunub, eşitmə qüsuru var, həm də Hepatit C xəstəliyindən əziyyət çəkir:

«Səhhətinə görə çox narahatam, o yazır ki, yaxşıyam, amma mən narahatam. Daha çox yeməyinə görə narahatam, iki dəfə mədəsindən əməliyyat olunub. Ciyərinə görə də çox narahatam. O, yaxşıyam deməklə məni rahatlamaq istəyir, amma mən rahat deyiləm».

SİNİF YOLDAŞINA – PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB

Rəna Həsənova
Həbs olunmamışdan öncəki günlər Həsənovlar ailəsi üçün sevincli günlər idi. Çünki 11 ildir ki, işsiz qalan Elşən Həsənov üçün yolun ucunda işıq görünmüşdü. Prezident İlham Əliyevə üçüncü dəfə yazdığı məktuba nəhayət ki, cavab gəlmişdi:

«Gözləmirdi ki, İlham Əliyev nə vaxtsa gəlib prezident olacaq, Elşən də ondan iş istəyəcək. Bunu gözləmirdi».

Prezident İlham Əliyevlə bir sinifdə təhsil alıb Elşən Həsənov, Səbayel rayonundakı 6 saylı orta məktəbi bitirib. Həyat yoldaşı Rəna Həsənova danışır ki, ixtisasca idman müəllimi olan Elşən Həsənov uzun illərdir iş üçün hara üz tutubsa, ondan rüşvət tələb ediblər. Ona görə də son ümidi sinif yoldaşına – prezident İlham Əliyevə müraciət etməkdə görüb:

«Əvvəllər də 1-2 dəfə prezidentə işə görə məktublar yazmışdı, cavab gəlməmişdi. Yenə məktub yazdı və cavab gəldi ki, İdman Nazirliyinə çağrılır. Tutulmamışdan 2 gün sonra ora getməli idi. Kağızlarını da hazırlamışdı ki, ora getsin. Gəldilər apardılar».

«BİRCƏ YOL POLİSİNƏ DEYİRMİŞ Kİ, PREZİDENTİN SİNİF YOLDAŞIDIR»

İlham Əliyev
Rəna Həsənova deyir ki, yoldaşından İlham Əliyev haqda həmişə müsbət fikirlər eşidib. Onu narazı salıb müsavatçıların sırasına qoşan əsas amilsə hökumətdəki əksər məmurların davranışı, işsizlik, pulsuzluq olub. İndi həbsdə olsa da, buna görə peşman deyil:

«Elə adam deyil ki, peşman olsun, yatıb çıxsa da peşman olmayacaq. Getdiyi yolu həmişə dik gedir. Heç kimə baş əymir. Sinif yoldaşları, uşaqlıqda bir yerdə böyüdüyü adamlar var ki, özünü sındırıb gedib onlardan iş istəmir. Prezidentə də prezident olduğuna görə məktub yazmışdı ki, bəlkə işıq yolu olar. Prezident sinif yoldaşı olub deyə bundan hər yanda istifadə etmirdi».

- Amma eşitdiyimə görə, qaydanı pozanda yol polislərinə deyirmiş ki, prezidentin sinif yoldaşıyam...

- Hə, bircə yol polislərinə hərdən qaydanı pozanda deyirdi ki, prezidentin sinif yoldaşıyam. O da hərdən olurdu.

Rəna Həsənova deyir ki, həyat yoldaşını heç nədə günahkar hesab etmir, onun tezliklə azadlığa buraxılmasını tələb edir.

Müxalifətin 2 aprel aksiyasından sonra 13 nəfər həbsdədir. Əksəriyyəti ictimai qaydanın pozulmasında və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham olunurlar. Bu maddələrə görə 3 ildən 7 ilədək həbs cəzası verilə bilər.
XS
SM
MD
LG